Ehtiram, qürur, iftixar anı
Region

Ehtiram, qürur, iftixar anı

Xalqımız Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini qürur və ehtiramla anır.

Gəncə

Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov,  YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, müəllim kollektivi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhidi Nurhan Abbasovun anası Səidə Abbasova, universitetin magistratura pilləsinin birinci kurs tələbəsi, Vətən müharibəsi şəhidi Anar Qarayevin qardaşı Allahverdi Qarayev, Gəncə şəhidi Mərhab Əliyevin qardaşı, Vətən müharibəsi iştirakçısı Şöhrət Əliyev, universitetin qazi tələbəsi Gündüz Abdullayev, ATU-nun qazi məzununun valideyni, eyni zamanda Maşın mühəndisliyi və logistika kafedrasının müdiri dos. Şakir Əliyev və universitetin əməkdaşı, Birinci Qarabağ müharibəsi qazisi İsfəndiyar Hacıyev 44 günün həm ağrılı, həm də qürurlu anlarından danışıblar.

Mingəçevir

Anım günü münasibətilə şəhərin müxtəlif ərazilərində ağacəkmə aksiyası baş tutub. Xaldan şosesi istiqamətindəki giriş hissəsində salınmış parkda 250 ədəd, energetiklər yaşayış massivi ərazisində də 100 ədədə yaxın müxtəlif növ ağac tingləri əkilmişdir. Mingəçevir Şəhidlər Xiyabanındakı 20 Yanvar abidə kompleksinin önündə keçirilən tədbirdə mindən çox insan iştirak etmişdir.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, veteran müəllim Mirzə Cavadov, 44 günlük Vətən müharibəsi şəhidi Kənan Abdullayevin anası Azadə Abdullayeva, III qrup Vətən müharibəsi əlili Həsən Məmmədov çıxış etmişlər. Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif qruplarının şagirdləri qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş kompozisiya təqdim etmişlər.

Füzuli

Füzulidə 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Horadiz şəhərində yerləşən "Qəhrəmanlar Parkı"nda keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, ictimai birliklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və zirvələrə ucalan igidlərin əziz ruhuna dualar oxunub. Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunublar.

Laçın

Anım Günü münasibətlə laçınlı köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində Şəhidlərin Xatirə Kompleksi qarşısında ümumrayon tədbiri keçirilib. Anım tədbirində ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, Şəhidlərin Xatirə Kompleksi önünə gül dəstələri düzülüb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən respublikanın bütün bölgələrində şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.

Ağcabədi

27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Kəbirli kəndində şəhid Təhmasib Qarayevin, Yeni Qaradolaq kəndində şəhid Hafiz Həziyevin və Salmanbəyli kəndində şəhid Samir Mikayıllının evlərini ziyarət edib.

 Ziyarətdə həmçinin rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Kəbirli, Yeni Qaradolaq, Salmanbəyli kənd inzibati ərazi dairələrinin nümayəndələri, şəhid ailələri iştirak ediblər. Ziyarət zamanı şəhid ailələri şəhidlərlə bağlı xatirələrini bölüşüb, ölkə rəhbərinin bu ailələrə göstərdiyi dəstəyə görə öz minnətdarlıqlarını bildiriblər.

Tovuz

Şəhər Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Bütün şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə-kompleksinin, əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

Tərtər

Tərtərdə 27 sentyabr - Anım Günü ilə bağlı şəhərin Elman Səfərov küçəsində yerləşən Sahib İsmayılova məxsus 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan "Smerç" raketi nəticəsində dağıdılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə sakinlərin ekskursiyası keçirilib.

Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, şəhid atası Vaqif Əliyev və başqaları çıxış etdilər.

Sonda tədbir iştirakçıları muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yeni yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Qazax

Anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.

Yevlax

Yevlax Şəhidlər Xiyabanında 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, aparatın məsul şəxsləri, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, şəhidlərimizin ailələri, qazilər, müharibə veteranları, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 Tədbir iştirakçıları şəhidlərimizin məzar

larına, həmçinin Şəhidlər xatirəsinə inşa edilmiş abidənin önünə tər gül-çiçək dəstələri qoyaraq, onların əziz xatirələrini böyük ehtiramla yad ediblər. Şəhidlərimizin müqəddəs ruhlarına dualar oxunub.

 Şəhər Mədəniyyət Mərkəzinin işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şəhər İcra Hakimiyyətinin başçısı övladları ziyarətə gəlmiş şəhidlərin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

"Respublika".