“Ələ baxan” diplomatlardan qərəzli hesabat
Siyasət

“Ələ baxan” diplomatlardan qərəzli hesabat

Cənubi Qafqazın lider ölkəsi Azərbaycana təzyiqlər getdikcə intensivləşir. Haqq işimizə kölgə salmağa çalışanlar, bölgədə möhkəmlənməyə cəhd edənlər, haylara revanşizmi aşılayanlar müxtəlif qarayaxma kampaniyaları ilə saxta ictimai rəy formalaşdırmağa çalışırlar. Çoxüzlü yanaşmalar fonunda qlobal oyunçuların qütbləşmə prosesini dərinləşdirməsi, yeni münaqişələr arzusu bu qəbildəndir. Cənubi Qafqazda da lövbər salmağın yeganə yolu məhz rəsmi Bakının mövqeyini zədələməkdən keçir. Məkrli dairələr sözügedən planı illərdir ki, müxtəlif fazalarda həyata keçirməyə çalışırlar. Məlumdur ki, beynəlxalq ədalət mexanizmi iflic hala gətirilib və daha çox təəssübkeşlik üçün alət halına çevrilib. "Ədalət qoruyucuları"nın çirkin əməllərini pərdələmək üçün istifadə etdikləri bu yol qərəzin bariz göstəricisidir.

Qeyd etmək lazımdır ki, son dövrdə okeanın o tayından - ABŞ-dan Cənubi Qafqaza doğru "qara buludlar" irəliləyir. Rəsmi Vaşinqton xaotik ab-havanın yaradılması, Azərbaycanın imperativlərinin reallaşmaması üçün bütün yollara əl atır. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair açıqladığı hesabatın anti-Azərbaycan məzmunlu propaqanda aləti olduğunu nəzərə alsaq, hay təəssübkeşliyinin artmasını daha çox müşahidə edirik. Üstəlik, Amerika Erməniləri Milli Komitəsinin (AEMK) hesabatdakı "töhfəsi"ni qeyd etmək kifayət edir ki, Ağ Evin növbəti həmləsinin üstü açılsın. Məlumdur ki, qlobal güclər seçki ərəfəsində ölkələrindəki sayca çox olan təbəqələrə pikant görünmək üçün təəssübkeşlik kartından istifadə edirlər. Məsələn, Fransada hakimiyyətdə olan Emmanuel Makronun seçki ərəfəsində erməni icması ilə keçirdiyi görüşlər, onlara verdiyi bir sıra vədlər məhz bu missiyaya xidmət edirdi. İndi də ABŞ həqiqəti əks etdirməyən bəyanatlarla hayların "gözünə girməyə" çalışır. Vurğulamaq lazımdır ki, erməni diasporunun "əlinə baxan" ABŞ diplomatları tərəfindən müxtəlif sosial mediada yayılan əsassız məlumatların toplanması nəticəsində ərsəyə gətirilən, kağız parçasından başqa bir şey olmayan bəyanatda ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən də bəhs edilir. ABŞ Dövlət Departamenti hesabatında vurğulayır ki, guya bunun nəticəsində bütün erməni əhali bölgəni tərk edib. Eyni zamanda burada məhbuslarla pis rəftar edilməsi, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılması da qeyd edilib. Dəfələrlə bildirildiyi kimi, qüdrətli Azərbaycan dövləti suveren ərazilərində separatizmin kökünü qazıyaraq regional təhlükəsizliyi, bölgədəki təhdid ünsürlərini aradan qaldıraraq BMT-nin müvafiq qətnamələri çərçivəsində haqq işini bərpa edib. Separatizmin hökm sürdüyü dövrlərə nəzər salsaq görərik ki, burada keçirilən saxta "prezident seçkiləri"nə, Xankəndidə oturub Azərbaycanla təhdid dilində danışanlara həmin güclər tərəfindən daim dəstək ifadə olunurdu. Beynəlxalq müstəvidə ərazi bütövlüyü tanınan bir ölkə kimi Azərbaycana qarşı bu cür mövqe tutmaq qərəzin bariz göstəricisi idi. Lakin qüdrətli Azərbaycan dövləti tərəfindən regionda ədalət bərpa olundu. Keçmiş separatçı rejimin saxta "lider"ləri, Gəncə və Bərdədə dinc insanların üzərinə atılan raketlərin əmrini verən Arayik Harutunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və özünü "dövlət naziri" adlandıran Ruben Vardanyan kimiləri "arzularına" istintaq təcridxanasında çatdılar.

Suveren ərazilərimizdə bütün təhdidlərin aradan qaldırılması qərəzli qüvvələrin regionda qarışıqlıq yaratma cəhdlərinə olduqca böyük zərbə vurdu. Məhz bu səbəbdəndir ki, rəsmi Vaşinqtonun "narahatlığı" daha da artır. Separatizmin məhv edilməsindən sonra "etnik təmizləmə" "soyqırımı" kimi iftiralarla Azərbaycanın etibarını sarsıtma cəhdləri də məhz buna xidmət edir. Məlumdur ki, rəsmi Bakı Qarabağın erməni əhalisinə reinteqrasiya çağırışı etmişdir. Lakin haylar rəsmi İrəvanın "şou" tapşırığını yerinə yetirərək kütləvi şəkildə ərazidən çıxmağı üstün tutdular. Üstəlik, bu prosesdə onların sayı şişirdilərək 120 minə qədər artırıldı. Bu azmış kimi, Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedən haylara qarşı xüsusi qayğı ilə yanaşmağımıza baxmayaraq, zorakılıq və müxtəlif cinayət əməlləri törətməkdə ittiham olunduq. Şübhəsiz, bütün bunlar beynəlxalq ictimaiyyətin diqqət və nəzərini yanlış yönə çəkmək üçün istifadə edilirdi.

Bir ovuc erməninin Xankəndidən çıxıb getməsinə bu qədər hay-haray salan rəsmi Vaşinqton 200 illik erməni vandallığına, bəşəri cinayətlərə nədənsə göz yumur. Qərbi Azərbaycandan, Qarabağdan qarlı-şaxtalı havalarda məcburi çıxarılan soydaşlarımızın uğradığı haqsızlıq isə görməzdən gəlinir. Azərbaycanın başına gətirilmiş müsibətlərə, soyqırımı və etnik təmizləmə cinayətlərinə görə rəsmi İrəvana heç bir cəza tətbiq edilmir.

Sual olunur: Bəs ABŞ bu tip bəyanatlar paylaşmaq üçün dünyaya örnək ola biləcək dövlətdirmi? Qanlı tarixləri boyu müstəmləkəçilik siyasəti yürüdən, daxili və xarici siyasətdə öz destruktiv xətti ilə seçilən ABŞ hələ də bu "pis vərdiş"ləri tərgidə bilmir. Məsələn, ölkənin statistik nəşrlərinin rəsmi məlumatlarına görə, ABŞ-da cinayətkarlığın, dini və etnik zəmində qətllərin nisbəti son illərdə durmadan artır. Yalnız 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Eyni zamanda yerli ekspertlər yaxın illərdə kriminal vəziyyətin ciddi şəkildə yaxşılaşacağını proqnozlaşdırmırlar. Bununla yanaşı, Federal Təhqiqat Bürosunun məlumatına görə, ABŞ şəhərlərində zorakılıq cinayətləri son on ildə orta hesabla 12 faiz, adam öldürmə, zorlama və ağır hücumlar isə 25 faiz artıb. ABŞ-da, xüsusilə irqi və dini motivdəki cinayət əməllərinin daha çox olması bütün dünyaya məlumdur. Hələ 2021-ci ildə irqi motivli nifrət cinayətlərinin təxminən 2,233-ü afroamerikalılara qarşı qərəzli münasibətdən irəli gəlib. 948 cinayət ağdərililərə qarşı qərəz nəticəsində olub. Anti-ispan qərəzlilik səbəbi ilə 433, asiyalılara qarşı isə 305 cinayət hadisəsi baş verib.

Göründüyü kimi, ABŞ dövlətinin bədnam siyasi xətti daxildəki proseslərə də sirayət edib və başqa dövlətlərin ərazilərində də bəşəri cinayət əməllərinin müəllifi kimi ön plana çıxır. Məlumdur ki, rəsmi Vaşinqtonun 2003-2011-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda insanlıq tarixinin ən qanlı cinayət əməlləri törədilib. ABŞ müdafiə nazirliyinin rəsmi məlumatına görə, müharibə illərində İraqda mülki obyektlərə 29166 raket və bomba zərbəsi endirilib. ABŞ hərbçilərinin kimyəvi silahdan, xüsusən ağ fosfordan və zənginləşmiş urandan istifadə etməsi nəticəsində İraq xalqı gələcək nəsillərə ötürülən genetik xəstəliklər qazandı. Çoxsaylı araşdırmalara görə, 2004-cü ildə ABŞ-ın bombaladığı İraqın Fəllucə şəhərində uşaq ölümü, xərçəng və leykemiya kəskin artmışdır. 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların faciəsi bu gün tarixin ən qara səhifəsidir. Ağ fosfordan əlavə, İraqda ABŞ hərbi mühəndisləri mərminin gücünü əhəmiyyətli dərəcədə artırdığına görə zənginləşmiş urandan geniş istifadə edilib.

Yaxşısı budur, qlobal güclər bir araya gələrək ABŞ-ın destruktiv fəaliyyəti ilə bağlı müzakirələr aparsınlar. Bəşəriyyətdə bu kimi cinayət əməlləri ilə iz qoyan dövlətin Cənubi Qafqazdakı normallaşma prosesinə zərbə vurma cəhdləri bumeranq effekti yaradır. Regional müstəvidə qüdrətli Azərbaycan dövləti haqq işini sonacan icra edəcək, ölkəmizə qarşı bütün təhdidlər bu günə qədər olduğu kimi, preventiv addımlarla məhv ediləcək.

Nurlan ABDALOV,

"Respublika".