Əlilliyi olan şəxslərə evlərində reabilitasiya xidmətləri
Sosial həyat

Əlilliyi olan şəxslərə evlərində reabilitasiya xidmətləri

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən 500-dək əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Onlara 1220 sayda reabilitasiya xidməti göstərilib.

Həmin səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin "142" Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi şəxsin yaşadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini aparır. Daha sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir.

Beynəlxalq Telekommunikasiya İttifaqı ölkəmizdə sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübələr kimi təqdim edib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Partner2Connect Digital Coalition" platformasının rəsmi internet səhifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti və övladlığagötürmə üzrə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübələr kimi təqdim edilib.

Platformada indiyədək dünyanın 142 ölkəsinin 434 qurumuna aid 895 uğurlu rəqəmsal layihə barədə qlobal miqyasda məlumatlar paylaşılıb. Saytda dərc olunan innovativ nümunələr siyahısında DOST RİM-in fəaliyyəti də yer alıb. Mərkəz tərəfindən elektronlaşdırılmış xidmətlərin sayı, həmçinin yaradılmış proaktiv xidmət mexanizmləri barədə məlumatlar diqqətə çatdırılır. Platformada paylaşılan digər bir məlumatda da Nazirliyin "Övladlığagötürmə" altsistemindən bəhs olunur. Ölkəmizdə övladlığagötürmə sahəsində xidmətlərin rəqəmsal texnologiyalar üzərindən qurularaq obyektiv, şəffaf və çevik şəkildə həyata keçirildiyi vurğulanır.

2021-ci ildə yaradılan "Partner2Connect Digital Coalition" platformasında müxtəlif dövlət və özəl təşkilatlara dəstək məqsədilə dünyanın qabaqcıl rəqəmsal təcrübələri, yeni ideya, bilik və alətləri paylaşılır.

"Respublika".