Elmi-praktiki konfrans
Digər xəbərlər

Elmi-praktiki konfrans

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak ediblər. 

Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbiri giriş nitqi ilə açıq elan edərək qonaqları salamlamışdır. Xidmət rəisi, Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq Ulu Öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd etmişdir.

Xidmət rəisi vurğulamışdır ki, daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.

“Respublika”.