ELMLƏ TƏHSİLİN İNTEQRASİYASI DİQQƏT MƏRKƏZİNDƏ
Region

ELMLƏ TƏHSİLİN İNTEQRASİYASI DİQQƏT MƏRKƏZİNDƏ

Lənkəran Dövlət Universiteti qabaqcıl elm və təhsil müəssisəsi kimi tanınır. Təhsil ocağının kollektivi Elm Gününü nailiyyətlər, yeni uğurlarla qeyd edir. Universitetin rektoru, professor Natiq İbrahimov bildirib ki, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə ölkəmizdə Elm Gününün qeyd olunması elmin inkişafına göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.

Son illər Lənkəran Dövlət Universitetində 59 nəfər fəlsəfə doktoru, universitetin 19 əməkdaşı isə respublikamızın digər ali təhsil müəssisələrində elmlər doktoru proqramlarına qəbul edilib. Artıq onlardan 16 nəfər dissertasiya işlərini uğurla müdafiə edərək fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinə layiq görülüb.

Humanitar, riyaziyyat və təbiət, texnika və aqrar elmlər üzrə 3 elmi jurnal fəaliyyət göstərir. Jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri nəşrlər sisteminə, eləcə də İndex Copernicus, Erih Plus və E-Library (RİNÜ) beynəlxalq indeks sisteminə daxildir.

Elm və təhsilin rolu sürətlə artır. Dünyanın qabaqcıl dövlətləri tərəfindən elmin inkişafına xüsusi diqqət yetirilir. Çünki insan elmlə yüksəlir, dövlət insan kapitalının elm və təhsil sahəsində qazandığı nailiyyətlərlə tanınır. Lənkəran Dövlət Universitetində elm və təhsilin əlaqələndirilməsi, inteqrasiya şəklində inkişaf etdirilməsi əsas prioritet hesab olunur.

Əlisəfa HƏSƏNOV,

"Respublika".