“ƏN ARZULANAN KİTAB”
Sosial həyat

“ƏN ARZULANAN KİTAB”

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun "Qərbi Azərbaycan həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri" kitabını birnəfəsə oxudum və haqqında yazmaq qərarına gəldim.

Müəllif lirik bir dillə oxucuya ünvanladığı "Ön söz"də kitabı yazmaqda məqsədini belə izah edir: "...hazırda Azərbaycanın və dünyanın müxtəlif bölgələrinə səpələnmiş həmyerlilərim, xüsusilə gənclər bilsinlər ki, bu yerlərdə vaxtilə kimlər və necə yaşayıblar, onların varisləri indi haralarda yaşayırlar, erməni vandalları onların dədə-babalarının başına hansı müsibətləri gətiriblər.

Biz tariximizi öyrənməli, ondan ibrət götürməli, adət-ənənələrimizi qorumalı və yaşatmalı, itkilərimizlə barışmamalı, ümidimizi itirməməliyik.

Dünyanın işini bilmək olmaz, bəlkə də zaman gələr ki, boşaldılmış yurd yerlərinə, o cümlədən Qaraqoyunlu dərəsinə qayıdarıq, ocaqlarımızı yandırıb evlərimizi şənləndirərik, yenidən həmin yerlərdə yaşayar, artarıq. Vaxt olar ki, doğmalarımızın erməni cəlladları tərəfindən dağıdılmış qəbirlərini tapmasaq da, qəbiristanlıq yerlərində məscidlər tikib, onların ruhunu sevindirər, Tanrıya ibadət edərik.

İndi həmin məsələnin həlli o qədər çətin görünür ki, bəlkə də bu sözlər bir çoxlarına qəribə gələr. Ancaq Allah böyük, mərhəmətli və ədalətlidir".

Qərbi Azərbaycandakı dədə-baba yurdlarından didərgin düşmüş, Vətən həsrətini ürəklərində yaşadaraq o yerlərə qayıtmaq ümidini kəsməmiş başqa qələm sahibləri, o cümlədən bu sətirlərin müəllifi də öz kəndi, el-obası, adət-ənənələri, etnoqrafiyasından bəhs edən çox kitablar yazıblar və onların hər biri təqdirə, ehtirama layiqdir. Çünki bu kitablarda onların müəlliflərinin göz açdıqları torpaqda keçən günləri ilə bağlı acılı-şirinli xatirələri, sevgiləri, iztirabları, həyat hekayələri var. Lakin etiraf etmək lazımdır ki, Misir müəllimin kitabı strukturuna, məzmununa, əhatə dairəsinin genişliyinə və bir çox digər parametrlərinə görə fərqlənir. Kitabın bir çap vahidi olaraq nəfis şəkildə nəşr edilməsi bu kompleksi tamamlayır.

Bu kitabın başqa kitablardan fərqi nədir? Müəllifin özü bu suala cavab verir: "...burada müxtəlif mövzulu - Qaraqoyunlu dərəsi və hər iki kəndə aid olan ərazi, təbiət, məktəb, tədbirlər və s., eyni zamanda orada yaşamış və hazırda müxtəlif yerlərdə məskunlaşmış ailələrə aid fotoşəkillərin yer almasıdır. Çalışmışam ki, çox böyük çətinliklərlə də olsa, həmkəndlilərimdən şəkilləri toplayıb kitaba əlavə edim. Mən bilirəm ki, bu şəkillərin tarixi əhəmiyyəti çox böyükdür".

Düşünürəm ki, əgər M.Mərdanov riyaziyyatı seçməsəydi, uğurlu tarixçi alim ola bilərdi. Tarixi qaynaqlara söykənən müəllif qaraqoyunlu tayfa ittifaqının "türkmən" adlanan etnik qrupa mənsub türkmənlərin daha çox köçəri həyat tərzi keçirən oğuzlar olduğunu bildirir və baharlı, sədili, qaramanlı, alpout, düyərli, çakırlı (çaxırlı), hacılı, ağaçəri tayfalarının adını çəkir. Kitabdan öyrənirik ki, qaraqoyunlular XIII əsrdən etibarən Anadoluda yarımköçəri həyat sürmüşlər və Vanın şimalındakı Ərciş onların mərkəzi şəhəri olmuşdur. Qaraqoyunlular XIV əsrin sonlarında Anadoluda əsası Bayram Xoca tərəfindən qoyulmuş bəylik, 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan Qaraqoyunlular dövlətini yaratmışlar. Bu sülalənin banisi Bayram Xoca baharlı tayfasından idi. Qaraqoyunlu dövlətinin banisi Qara Yusif idi. 58 il ömür sürən Qaraqoyunlu dövlətinin sonuncu hökmdarı Sultan Cahanşah Həqiqinin öldürülməsi ilə 1468-ci ildə bu dövlət öz yerini görkəmli dövlət xadimi Uzun Həsənin banisi olduğu Ağqoyunlulara verir. Bu dövlətin ömrü daha qısa olur, 1501-ci ildə Uzun Həsənin qız nəvəsi Şah İsmayıl Xətai onun yerində Səfəvilər dövlətini qurur və yeni dövlətin sərhədlərini daha da genişləndirir.

Cahan şahın öldürülməsindən və dövlətin süqutundan sonra onun tərəfdarları oğlu Məhəmməd Mirzənin başçılığı ilə kompakt şəkildə strateji əhəmiyyətli dərəyə çəkilmişlər və eni 20, uzunluğu 40 kilometr, sahəsi təxminən 800 kvadratkilometr olan ərazi Qaraqoyunlu dərəsi adını almışdır. Bu dərəni ərazidən axan və istiqaməti başqa çayların əksinə olduğuna görə Tərsçay adlanan çay əmələ gətirmişdir. Qaraqoyunlu dərəsi indiki İcevan şəhəri yaxınlığından başlayaraq sovetlər dövründə Krasnoselo adlanan rayonun inzibati mərkəzi olan Çəmbərək qəsəbəsinə qədər ərazini əhatə edirdi. Bir tərəfdən Murğuz dağ silsiləsi, bir tərəfdən Göyçə gölü, digər tərəfdən Dilican dərəsi ilə əhatə olunmuş Qaraqoyunlu dərəsində Alaçıqqaya, Göyərçin, Polad, Mürteyil, Ağkilsə, Salah, Qaraqaya, Yanıqpəyə, Çaykənd, Gölkənd, Cıvıxlı, Bəryabad və Əmirxeyir adlı 13 kənd olmuşdur.

Qazax nahiyəsinin 1860-cı il tarixli kameral təsvirindən aydın olur ki, Yanıqpəyə kəndinin əsasını 1863-cü ildə həmin nahiyənin Qıraq Kəsəmən kəndindən gələn sakinlər qoymuşdur.

A.S.Puşkinin "Yevgeni Onegin" poemasını Azərbaycan dilinə çevirən S.Vurğun bu barədə yazır:

Axıtdım alnımın inci tərini,

Yanmadım ömrümün iki ilinə.

Rusiya şeirinin şah əsərini

Çevirdim Vaqifin şirin dilinə.

Professor Misir Mərdanov özünün yazdığı kimi, bu kitaba ömrünün on ilini sərf etmişdir. Əslində, kitab bir ensiklopediyadır. Burada Qaraqoyunlu dərəsinin bütün kəndləri, müxtəlif illərdə həmin kəndlərdə yaşayan əhalinin statistikası, ermənilərin müxtəlif vaxtlarda Qaraqoyunlu dərəsində törətdikləri vəhşiliklər, bu dərənin etnoqrafiyası - adət-ənənələri, mətbəxi, flora və faunası, yaylaqları, kənd təsərrüfatı, buradakı məktəblər, kolxozlar, onların rəhbərləri, digər məsul şəxsləri haqqında müfəssəl məlumatlar toplanmışdır. Əhalinin demoqrafiyası, hər iki kənddəki tayfalar, hər tayfaya aid olan ailələrin tam siyahısı, coğrafi adlar, bu kəndlərdən çıxan alimlər, Qarabağ müharibəsi şəhidləri barədə ətraflı məlumat verilmişdir. Doğrusu, bu qədər məlumatın toplanması insanı heyrətə gətirir. Gələcəkdə öz yer-yurdları, kəndləri haqqında yazmaq istəyənlərə bu kitabı diqqətlə oxumağı və müəllifin təcrübəsindən yararlanmağı tövsiyə edirəm, çünki "Qərbi Azərbaycan həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri" kitabı oxşar məzmunlu kitablar üçün ciddi bir standart müəyyən etmişdir. Mübaliğəsiz demək olar ki, müəllif bütöv bir kollektivin işini görüb.

Kitabın üstün cəhətlərindən biri də odur ki, 1988-ci il deportasiyasından sonra kənd əhalisinin haralarda məskunlaşdığı, kimin harada dəfn olunduğu da əksini tapıb. Kitabda Göyərçin və Salah kəndlərindəki tayfalar, ailələr haqqında müfəssəl məlumatlar, təxminən 150 illik dövr ərzində ailələrdə baş verən dəyişikliklər təfsilatı ilə verilmişdir. Əslində, bu kitab həm də Salah kəndinin 2022-ci ildə tərtib edilmiş kameral təsviri də sayıla bilər. Rusiya imperiyası dövründə onun məmurları tərəfindən tərtib edilmiş həmin qiymətli sənədlərdə kiçik istisnalarla qadınların adları yazılmırdı. Misir müəllim bu boşluğu da doldurmuşdur. Kitabda yer alan 661 ailədəki kişilərlə bərabər, qadınların da adları yazılmışdır.

Misir müəllim kitaba yazdığı son sözdə 10 ilə yaxın müddətdə gördüyü böyük işi başa çatdırdığına görə özünü xoşbəxt sayır, yazdığı 50-dən artıq kitabın içərisində onu ən arzulanan kitab adlandırır.

Nazir ƏHMƏDLİ,

tədqiqatçı alim,

kimya üzrə fəlsəfə doktoru.