Erməni əsilli futbolçuların sərbəst buraxılması Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyidir
Digər xəbərlər

Erməni əsilli futbolçuların sərbəst buraxılması Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyidir

30 illik işğal dövründə zərərçəkən biz olmuşuq, bu illər ərzində Ermənistan tərəfindən işğal olunan ərazilərimiz hər cür istismara məruz qalıb. Yeraltı,  yerüstü təbii sərvətlərimiz talan edilib. Hektarlarla meşə sahələrimiz yandırılıb, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb. Ötən otuz il müddətində ermənilər bu torpaqlardan istədikləri kimi yararlanıblar. Biz torpaq həsrəti çəkəndə onlar bizim torpaqlarda narkotik vasitələr əkib-becəriblər. Biz yurd-yuvasız qalanda onlar bütün evləri, binaları söküb daşıyıblar. Qarabağlılar üzü yurda sarı həsrətə dözməyib can verəndə, onlar bizim qəbiristanlıqları belə dağıdıb uçurublar. Hər cür variantlarla Azərbaycanı onun atributlarını təhqir ediblər. İndi dünyaya insanlıq dərsi keçib, humanistlikdən danışırlar. Onların nə qədər humanist ölkə, xalq olduqları törətdikləri əməllərdən, tutduqları mövqedən məlumdur. Azərbaycan isə hər zaman öz humanizm prinsiplərinə sadiq olaraq qalır. İstər münaqişə dövründə, istərsə də münaqişənin başa çatmasından sonrakı dövrdə. Bütün bunlarla  bağlı istənilən qədər fakt göstərmək olar. Sadəcə son günlər baş verən bir hadisəni xatırlamaq bütün mətləbləri çılpaqlığı ilə izah edir.

Avqustun 28-də 3 nəfər erməni - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılmış və onlar haqqında 10 gün müddətinə inzibati qaydada həbs qərarı qəbul edilmişdi. Bunlar, 2021-ci ilin dekabrında sosial mediada Azərbaycan bayrağını tapdalayaraq təhqir edən həmin erməni futbolçularıdır. Məlum videonun isə Azərbaycan ərazisi olan Xocavənd rayonunda çəkildiyi ehtimal olunur. Məsələnin mahiyyətinə varanda daha bir nüans insanı təəccübləndirir. Baş verənlər Azərbaycan torpağında, Azərbaycan Dövlət bayrağına qarşı törədilir. Hadisənin baş verdiyi vaxt Azərbaycan Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə və Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi qaldırmışdı. Azərbaycan bayrağını təhqir edən şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdi.

Laçın sərhəd-keçid məntəqəsində saxl

andıqdan sonra istintaqa cəlb edilən hər üç erməni futbolçu dindirmə zamanı "törətdikləri əməli səmimi etiraf edərək peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini" bildiriblər. Lakin Ermənistan XİN-i yenə də öz şər kampaniyasını davam etdirərək bəyan etmişdir ki, guya, futbolçular "Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən oğurlanıb". Azərbaycan XİN-in rəsmisi Ayxan Hacızadə isə bildirib ki, Ermənistan "cinayət törətmiş şəxslərin qaçırıldığını deməklə öz beynəlxalq öhdəliklərinə əməl etmir", Azərbaycan isə "etnik və irqi zəmində nifrət əməllərinə qarşı" mübarizə aparır. Əlbəttə ki,  Ermənistan tərəfinin bu əsassız iddialarını Azərbaycan rədd edib.

Saxlanan şəxslər İnzibati Xətalar Məcəlləsinin İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq məhkəmə qərarı ilə 10 gün müddətinə inzibati həbs olundular. Beynəlxalq axtarışda olan və Azərbaycan tərəfindən həbs edilən erməni vətəndaşlara avqustun 30-u və 31-i tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkib. Hər üç futbolçu ilə təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb. Ötən müddət ərzində Azərbaycan Baş Prokurorluğu "təqsirləndirilən şəxslərin yaşını, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmalarını" nəzərə alıb və "humanizm prinsipi tətbiq edərək onların barəsində cinayət təqibinə xitam verib". Üç erməni futbolçunun azad edilərək qarşı tərəfə təhvil verilməsi Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. "Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik... Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq". Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  hər zaman öz çıxışlarında vurğuladığı fikirdir. Dövlət başçısı  münaqişə ilə bağlı bütün çıxışlarında qarşı tərəfi barışığa səsləyib.

Sentyabrın 7-də həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib. Azad olunan hər üç futbolçu onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadığını bildiriblər. Bəli, bu Azərbaycan dövlətinin kimliyindən asılı olmayaraq hər bir insana olan dəyəri və diqqətidir. Düşmən olsa belə...

Təəssüflər olsun ki, Ermənistan hələ də qeyri-humanitar davranışını davam etdirməkdədir. Bir müddət öncə Naxçıvan istiqamətində dumanlı hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçmiş əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı ağır işgəncələr verilib. Hazırda hər iki hərbi qulluqçumuz haqqında Ermənistan məhkəmələri əsassız hökm çıxarıb. Ermənistanın Qafan məhkəməsi azərbaycanlı hərbçi Hüseyn Axundovun 20 il müddətinə həbs edilməsi haqqında qərar verib.

Onların azad edilməsi istiqamətində isə dövlətimiz tərəfindən tədbirlər görülsə də, Ermənistan heç bir müsbət addım atmır. Hətta bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlərlə bağlı BMT Baş katibinə məktub ünvanlayıb. Həmin məktub BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılmışdı. Məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə və digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusu əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa və öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur. Sosial şəbəkələrdə və digər ictimaiyyətə açıq mənbələrdə törədilmiş işgəncə və digər cinayət əməllərinin sübut olunmasına baxmayaraq, Ermənistan tərəfinin bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd etməsi BMT Baş katibinin diqqətinə çatdırılır. Ermənistan tərəfi isə Azərbaycan əsgərləri barəsində yalan və şərlə dolu daha ağır ittihamlar irəli sürür.

Ermənistandan fərqli olaraq Azərbaycan daim humanizm prinsiplərindən çıxış edir. Hətta dövlətimiz 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq 44 günlük müharibə dövründə belə, əsir düşmüş erməni hərbçiləri ölkəsinə təhvil verib. Müharibədən sonra da yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçi geri qaytarılıb. Ermənistanın atdığı addımlar və  tutduğu mövqe isə bölgədə barışıq və etimad yaradılmasında maraqlı olmadığını göstərir. Rəsmi İrəvanın bu təxribatçı addımları beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrdə baş verir. Onlar həmişə olduğu kimi, çirkin oyunlardan, qaranlıq siyasi addımlardan çəkinmək istəmirlər.

Ramidə YAQUBQIZI,

"Respublika".