Erməni ictimaiyyətindən Paşinyana tərs şillə
Dünya xəbərləri

Erməni ictimaiyyətindən Paşinyana tərs şillə

Beynəlxalq aləmdə gülünc duruma düşən Ermənistanın daxilində baş verən çəkişmələr Paşinyan hakimiyyətinə, baş nazirin vəzifədən uzaqlaşdırılmasına yönəlib. Ermənistanın düşməni bu dəfə sapı özlərindən olan baltalardır.

Belə ki, Paşinyan müxalif qüvvələrlə üz-üzə qalıb. Sentyabrın 17-də İrəvan şəhər meriyasına seçkilərin keçirilməsi Paşinyan hakimiyyətinin səriştəsizliyinin, həmçinin ölkədə özbaşınalıq hallarının tüğyan etdiyinin əyani sübutudur. Seçkilərdən sonra açıqlanan rəqəmlər isə nə hakim partiyanın, nə də müxalifətin gözlədiyi kimi olmayıb. Hayların növbəti "seçki məzhəkələri" də fiaskoya uğrayıb.

Seçkilərin keçirilməsinə nəzər yetirsək görərik ki, erməni müxalifəti bunu əvvəlcədən planlaşdırmışdı. Hətta müxalifət nümayəndələri küçə-küçə, qapı-qapı gəzərək sözün əsl mənasında səs dilənir, xalqa saxta vədlər də verirdilər. Onlar erməni ictimaiyyətini ayağa qaldırmaq, hakim partiyanı devirmək üçün "Paşinyanın partiyası qələbə qazansa, İrəvanı türklərə təslim edəcək" tezisini ortaya atmışdılar. Erməni müxalifəti bütün çıxışlarını və mitinqlərini məhz bu fikir üzərində qurmuşdu. Bundan başqa, müxalifət son dövrlər baş verən bütün hadisələrdə baş nazir Nikol Paşinyanı günahlandırır, onun istefasını tələb edirdilər. Əslində, erməni müxalifətçilərinin əsas məqsədi küçədən hakimiyyətə gətirilmiş Paşinyanı elə gəldiyi yerə geri göndərmək idi. Lakin onların arzusu baş tutmadı. Çünki ortaya atılan tezis heç də xalqın fikirlərinə effektiv təsir göstərmədi. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkilərdə İrəvan sakinlərinin cəmi 28.46 faizi iştirak edib. Ola bilsin ki, daha erməni ictimaiyyəti hakimiyyətin əlində oyuncağa çevrilməkdən yorulub. Seçkidəki passivliyə əsaslanaraq xalqın Paşinyana və müxalifətə etimadının qalmadığını da söyləmək olar. Təsadüfi deyil ki, hələ 2018-ci ildə keçirilən seçkilərdə indiki hakim partiya 81.06 faiz səs toplamağa müvəffəq olmuşdu. Bu isə 294.109 seçicinin səsi deməkdir. Prosesdə iştirak edənlərin 32.57 faizi isə "Mülki müqavilə"nin lehinə səs verib. Ötən 5 ildə "Mülki müqavilə"nin reytinqinin təqribən 4 dəfə aşağı düşməsi müşahidə olunur. Şübhəsiz, bunun da bir sıra səbəbləri var. İlk növbədə, erməni cəmiyyəti İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyəti həzm edə bilmir.

Ermənistanın daxilindəki sosial problemlər, pensiyaların azlığı, Paşinyan hakimiyyətinin təyin etdiyi şəxslərin korrupsiya və rüşvət bataqlığında çabalaması vəziyyəti daha da çətinləşdirir. Müharibədə itkin düşənlərin taleyinin hələ də məlum olmaması, həmçinin müharibə qurbanlarının sayının xalqdan gizlədilməsi kimi faktlar "Mülki müqavilə"yə olan etimadın azalmasına gətirib çıxarıb. Bu yaxınlarda "Gallup"un keçirdiyi sorğuların nəticələrində də Paşinyan hakimiyyətinə inamın itdiyi öz təsdiqini tapır. Sorğuya əsasən, ölkə əhalisinin 60 faizinin baş nazir Nikol Paşinyanın fəaliyyətindən narazı olduğu qənaətinə gəlinir. Əslində vəziyyəti daha dərindən analiz etsək, buna Nikol Paşinyanın mütəmadi olaraq bir-birini təkzib edən bəyanatlar səsləndirməsi, Rusiyanı qəzəbləndirərək üzünü Qərbə tutması, müxalifət liderlərini təqib edərək müxtəlif bəhanələrlə həbsə göndərməsinin səbəb olduğunu görərik.

Xalqın seçkilərə maraq göstərməməsinin daha bir səbəbi isə müxalifətin oyunlarından xəbərdar olmalarıdır. Çünki erməni ictimaiyyəti müxalifətin məqsədinin hakimiyyətə yiyələnməklə ölkədəki hərc-mərclikdən istifadə edərək cibini doldurmaq olduğunu yaxşı bilir. Başqa bir vacib məqam isə seçkilərdən əvvəl Qarabağ klanının tarixin küncünə atılmış üzvləri, eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın da müxalifəti dəstəklədiklərini bəyan etmələri idi. Buradan bir daha müxalifətin məqsədinin xalqın firavan yaşayışını təmin etmək deyil, öz maraqlarına xidmət olduğu üzə çıxır.

Bu məqamda erməni tarixçisi Qevorq Aslanın 1914-cü ildə çap etdirdiyi "Ermənistan və ermənilər" kitabından bir parçanı qeyd etmək yerinə düşər: "Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də onlarda vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali "böyük Ermənistan" yaratmaq ideyası dünyanın bütün haylarını birləşdirmək yolunda ümummilli konsepsiyadır". Ermənistanın bütün yalanları, eləcə də onların qeyri-insani keyfiyyətlərə malik olmaları öz tarixçiləri tərəfindən də ifşa edilir.

Nəzrin ELDARQIZI,

"Respublika".