Ermənidən çox erməni olmaq istəyənlər reallıqlarla barışmağa məcbur olacaqlar
Siyasət

Ermənidən çox erməni olmaq istəyənlər reallıqlarla barışmağa məcbur olacaqlar

"Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar təşkil olunmuş müşavirədə deyib.

Bəzi Qərb ölkələrinin, xüsusən də Fransanın bununla barışmaq istəmədiyini qeyd edən dövlət başçısı bildirib ki, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb. COP29 konfransının Azərbaycanda  keçirilməsi qərarı da bunu bir daha göstərir. Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar. Ermənistanın ərköyünlüyünün səbəblərindən  biri də xaricdəki havadarlarının bu ölkəyə açıq dəstək göstərməsidir. Erməni diasporunun təsir dairəsinə daxil olan qüvvələr Ermənistana havadarlıq edirlər. ABŞ Konqresində Avropanın bir çox ölkələrində Fransada dövlət səviyyəsində dəstəklənən Ermənistan məhz həmin güclərə arxalanaraq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür və bu məsələdə irəliləyiş olan kimi təxribatlar törədir.

Fransa Cənubi Qafqaz regionunda təsir dairəsinə malik olmaq üçün Ermənistan faktorundan istifadə edir. Prezident Emmanuel Makron dəfələrlə açıq-aşkar Ermənistanı dəstəklədiklərini və bu ölkəyə hər cür yardımın ediləcəyini deyib. Əlindən gələn dəstəyi Ermənistana verməyə hazır olduğunu bildirən, bundan sonra da ermənilərə hərbi və siyasi dəstəyin davam etdiriləcəyini deyən Makron Azərbaycana daim təzyiq edəcəyini də bəyan edib. Fransadakı erməni lobbisi Azərbaycan əleyhinə bütün rıçaqları işə salıb.

Fransa həmişə Ermənistana meyilli olub, lakin əvvəllər bu ölkənin siyasi rəhbərliyi diplomatik etikaya riayət edirdisə və Cənubi Qafqazdakı vəziyyətlə bağlı qiymətləndirmələrdə təmkinlilik göstərirdilərsə, Emmanuel Makron qərəzli mövqeyi ilə aqressivlik nümayiş etdirir. Fransa üçün Ermənistan onun regional maraqlarının açarıdır və Qarabağ ermənilərinə də canyanaqlılıq  göstərirdi. Bu isə onların Qarabağdan könüllü getməsilə nəticələndi. Makronun Ermənistanla bağlı davranışı və bəyanatları onun Fransadakı nüfuzlu erməni diasporundan əhəmiyyətli dərəcədə asılı olduğunu göstərir. Buraya Fransanın özünün və onun arxasında duran, öz maraqlarının təbliği üçün mühüm platforma təşkil edən Cənubi Qafqazı əldə etmək arzusunda olan qüvvələrin geosiyasi iştahalarını da əlavə etmək lazımdır.

Bütün bu cəhdlərə baxmayaraq, hazırda bölgədə yeni reallıqlar yaranıb. Belə ki, Ermənistan və Azərbaycan  öz mövqelərini çox ciddi şəkildə yaxınlaşdırıblar və hətta artıq bir-birlərinə müəyyən qarşılıqlı diplomatik güzəştlərə də gedirlər. Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb və Azərbaycanın namizədliyini dəstəkləyib. Politoloqların qənaətinə görə, vasitəçi olmadan əsir mübadiləsini həyata keçirməsi və qarşılıqlı siyasi jestlər etməsi də diqqət çəkir. Əgər hər iki tərəfin tutduğu bu xətt davam etdirilərsə o zaman tərəflər arasında sülh müqaviləsi bağlanacaq. Baxmayaraq ki, Ermənistan üçün bu, daha çətindir. Çünki İrəvan həm Qərbdən, həm də Rusiya Federasiyasından asılıdır.

Doğrudur, 44 günlük müharibə və 2023-cü il 19-20 sentyabr antiterror tədbirləri zamanı bir çox ölkələr bu və ya digər şəkildə Azərbaycanı dəstəklədi, ya da ən azı neytrallıq nümayiş etdirdi, ancaq Qərb və onun tabeliyində olan strukturlar yenə öz ampluasındadır. Dəyişən heç nə yoxdur - qərəz, ikili standartlar prioritet siyasət kimi qalmaqdadır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın tək regionda deyil, bütövlükdə postsovet məkanında yaratdığı gündəmi Avropa heç cür həzm edə bilmir. Reallıq odur ki, rəsmi Bakı müstəqil xarici siyasəti ilə regionda və bütövlükdə postsovet məkanında söz sahibinə çevrilib. Avropada isə bunu başa düşmür, ya da düşmək istəmirlər. Bu yanaşma Avropa İttifaqı (Aİ) kimi nüfuzlu qurumun Azərbaycan və Ermənistanla yekun sülh razılaşmasının əldə olunması istiqamətində təşəbbüslərinə kölgə salır.

Hazırda, yəni 19-20 sentyabr antiterror tədbirlərindən sonra yaranmış vəziyyətə uygunlaşma gedir. Bu proses zamanı Qərblə Azərbaycan arasında gərginlik yaşandı. Azərbaycan və Ermənistan tərəfi isə vasitəçilərsiz kontaktlara davam edə, beynəlxalq geosiyasi fon imkan verdikcə, sülh sazişi ilə bağlı addım ata bilərlər. Dekabrın 7-də Azərbaycan və Ermənistanın birgə bəyanatı, noyabrın 30-da Qazax- İcevan sərhədində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların görüşü tərəflərin birbaşa danışıqlar apara biləcəyinin sübutudur.

Mustafa KAMAL,

"Respublika".