Ermənilərin məkrli təxribatları faydasızdır
Digər xəbərlər

Ermənilərin məkrli təxribatları faydasızdır

44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə düçar olmuş Ermənistan bölgədə yenidən çaxnaşmalar yaratmağa başlasa da buna nail ola bilmədi.  İşğalçı ölkə bölgədə sülh və sabitliyin davam etməsinin zəruri olduğu bir vaxtda Azərbaycan sərhədində mütəmadi şəkildə təxribatlar törədir. Çox təəssüflər olsun ki, Ermənistan  hələ də öz təxribatçı və təcavüzkar siyasətindən əl çəkə bilmir. Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həlli istəyini bildirsə də, dünya birliyi beynəlxalq hüququ reallaşdırmaq üçün təcavüzkar Ermənistana lazımi təzyiq göstərmir, əksinə, onun himayədarı rolunda çıxış edir. Bu sözləri İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu deyib. Ermənistanın bu təxribatlarının onlara sülh əli uzadan Azərbaycanla yanaşı, bütün türk millətinin barış səylərinə də mənfi təsir göstərdiyini deyən dərnək rəhbəri bildirib: "Vətən müharibəsindən sonra imzalanan üçtərəfli  Bəyanat hər iki ölkə ilə yanaşı, bölgənin də gələcəyi və sabitliyi üçün çox vacibdir. Bunun əhəmiyyətini dərk edə bilməyən Ermənistan hələ də Azərbaycanın sərhəd bölgələrində genişmiqyaslı təxribatlar törədir. Bu əməllər  bölgənin gələcəyinə və sabitliyinə zərbə vurur. Regionda sülh və sabitliyin davamlı olmasına töhfə verən Azərbaycanı dəstəkləyir, buna zidd addımlar atan Ermənistan və onun havadarlarını isə şiddətlə qınayırıq".

Səfər Karakoyunlu bildirib ki,  Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində Azərbaycan Ordusunun əsgərləri şəhid oldu. Ermənistan tərəfi də yüzlərlə itki verdi. Sərhəd bölgələrinə minalar yerləşdirərək və bir çox digər təxribatlar törədən erməni əsgərlərinə Azərbaycan Ordusu lazımi cavab verdi. Dünyanın və bölgənin sülhə ehtiyac duyduğu bu dövrdə Ermənistanın törətdiyi bu təxribatlar yenidən qarışıqlıq yaratmaq və əldə olunan razılaşmanın şərtlərinə əməl etməməkdən başqa bir şey deyil.

Səfər Karakoyunlu Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı  Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlərin qəbuledilməz olduğunu da vurğulayıb. O bildirib ki,  yaxşı olardı ki, Pelosi Ermənistanda olarkən bu ölkənin hansı səbəbdən müntəzəm olaraq dövlət sərhədində təxribatlar həyata keçirdiyini, atəşkəsi pozduğunu erməni rəsmilərə sual edərdi. Nensi Pelosi Ermənistanda vandal, terrorçu ermənilər üçün göz yaşları tökdüyü bir zamanda, elə həmin ermənilər Avropada, dünyanın müxtəlif ölkələrində Azərbaycan səfirliklərinə terror hücumları edərək onların həyatları üçün təhlükə yaradırlar. Bu, ermənilərin hər zaman əl atdıqları terror əməlləridir. Yaxın keçmişimizdə də Türkiyənin Avropadakı səfirlərinə ASALA tərəfindən terror hücumları edilmiş, onlara qarşı sui-qəsd həyata keçirilmişdir. Bu gün də eyni ssenari Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı həyata keçirilir. Azərbaycanın Paris, London, Livandakı səfirliklərinə qarşı ASALA terror təşkilatı hücumlar təşkil edir. Təssüflər olsun ki, bu prosesi, erməni terror təşkilatlarının Azərbaycan səfirliklərinə hücumlarını isə beynəlxalq insan hüquqları təşkilatları seyr etməklə kifayətlənirlər. Biz onların bu seyrçi mövqeyini kəskin şəkildə qınayırıq.

İSTAD-ın sədri vurğulayıb ki, bölgədə sülh və sabitliyin yeganə yolu Ermənistanın təcavüzkar siyasətindən əl çəkərək əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməsidir.

"Ermənistan Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri hələ də həzm etməyib. İkinci Qarabağ müharibəsində havadarlarına və diasporuna arxalanan Ermənistan Azərbaycan torpaqlarına hücum edərkən uğur qazanacağını düşünürdü. Lakin bu, belə olmadı və Ermənistan ağır itkilərlə məğlub oldu. Bu qədər itkilərə və Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyərək təslim olmasına baxmayaraq, Ermənistan hələ də bundan dərs almayıb. Türkiyə və Azərbaycanın bütün sülhsevər cəhdlərinin qarşılığında hələ də regionda qarışıqlıq yaratmağa davam edir. Ermənistan bilməlidir ki, onun dünyaya açılan pəncərəsi Türkiyə və Azərbaycandır. Türkiyə və Azərbaycanın uzatdığı sülh əli Ermənistanın mövcud olması üçün yeganə şansdır". Bu fikri  politoloq, "Kocaeli Derince" Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir deyib. Politoloq həmçinin vurğulayıb ki, Ermənistanın sonuncu təxribatı Zəngəzur dəhlizinə əngəl törətmək və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının qarşısını almaq üçün atılan addımlardan sadəcə biridir.  Əgər ermənilər doğru seçim etsələr, Zəngəzur dəhlizinin açılması, onların iqtisadiyyatı üçün faydalı ola bilər. Bununla əhalisinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi də heç kəsdə şübhə  yaratmır.  Reallıq isə odur ki, nə olursa-olsun Ermənistan üçtərəfli Bəyanatın müddəalarını icra etməlidir. Ermənistan indiki mərhələdə istəsə belə sülh danışıqlarına və dəhlizin açılmasına dirəniş göstərə bilməz. Çünki bu, indiki mərhələdə nə Rusiyanın, nə də Avropa İttifaqının maraqları ilə üst-üstə düşmür. Burada qeyd edilməli mühüm məsələlərdən biri də odur ki, ermənilərin seçim haqqı yoxdur. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə, ictimaiyyətlə görüşlərində dəfələrlə dediyi kimi, Zəngəzur dəhlizi açılmadan heç bir davamlı sülhdən söhbət gedə bilməz. Belə olan halda əməkdaşlıq da müzakirə mövzusu deyil. Odur ki, Ermənistan tezliklə rəsmi şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, dəhlizin açılmasına və bu istiqamətdə işlərin yüksək səviyyədə davam etdirilməsinə şərait yaratmalıdır.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.