Ermənipərəst Samantanın sayıqlamaları
Siyasət

Ermənipərəst Samantanın sayıqlamaları

Bu gün dünya miqyasında ermənilərlə bərabər, erməni xislətli qüvvələr də ölkəmizə qarşı qərəz nümayiş etdirməkdən çəkinmirlər. Belə anti-Azərbaycan mövqeli şəxslərdən biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerdi. Bu xanım daha çox Azərbaycana qarşı qərəzli çıxışları ilə tanınır. Sentyabr ayında Samanta Pauerin müdafiəsinə qalxdığı Ermənistana növbəti səfəri baş tutub.

"Mən Ermənistanın İrəvan şəhərinə eniş etdim. Ölkə və region üçün bu kritik anda mən ABŞ-ın Ermənistana güclü dəstəyini və tərəfdaşlığını bir daha təsdiqləmək və Dağlıq Qarabağdakı humanitar böhrandan zərər çəkənlərlə birbaşa danışmaq üçün buradayam", - deyə Pauer açıqlama verib. Əvvəla, Samanta xanıma xatırlatmaq lazımdır ki, əgər Qarabağda erməniəsilli sakinlər üçün kritik humanitar vəziyyət varsa, bunun üçün əziyyət çəkib Ermənistana getmək lazım deyildi. Məntiqli və siyasi savadı olan diplomat bu problemi Qarabağda yaşayan ermənilərin vətəndaşı olduqları Azərbaycan dövləti ilə müzakirə etməli idi. Budəfəki səfərində də Samanta Pauer İrəvanda Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib. Biz bir müddət əvvəl də onun ermənipərəst sifətini və Azərbaycana qarşı xain xislətinin şahidi olmuşduq. Azərbaycan ekoloqlarının və QHT fəallarının Qarabağda ekoloji terrora son qoyulması ilə bağlı keçirdiyi aksiyalar zamanı ittiham xarakterli fikirlərini yazmışdı. Hətta sözügedən yolun açılmasını tələb edən çıxışlar etmiş, o zaman da çox canfəşanlıq göstərmişdi. Bununla da özünün nə qədər cılız və siyasətdən kənar şəxs olduğunu nümayiş etdirmişdi. Erməni lobbisinin əlində oyuncağa çevrilən bu tip siyasətçilər ermənilərin çaldığı havalara həvəslə oynayırlar. Açıq Cəmiyyət İnstitutunun yetirməsi Pauer bundan öncə də dəfələrlə erməni terroru və vandalizmini dəstəkləmişdi. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfəri çərçivəsində Gorusa da baş çəkib. İrəvana səfərindən sonra, sentyabrın 27-də Azərbaycana gəlib. Onu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono müşayiət edib. Sual olunur: Tərtəmiz ermənipərəst və ermənidən betər erməni olan bu xanım hansı üzlə, məqsədlə Azərbaycana gəlib, Qarabağla bağlı məsələnin müzakirəsinə cəhd edir?

Samanta Pauerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Pauerin ittihamlarına cavab olaraq Azərbaycan Prezidenti lokal antiterror tədbirlərində mülki əhaliyə ziyan dəymədiyini, hədəfin ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlərin olduğunu bildirib.

Sirr deyil ki, Pauer qatı ermənipərəst şəxs kimi daim Azərbaycan və Türkiyə əleyhinə çalışan, ən ağır böhtanlar səsləndirən, irqçi mövqeyi ilə seçilənlərdəndir. O, iki il öncə Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edərək Azərbaycanla Türkiyəni "vəhşi" adlandırmışdı. Xanım Samanta uzun illərdir ki, ABŞ-da və digər Qərb ölkələrində açıq-aşkar türkofobiya siyasəti yürütməklə məşğuldur. O da məlumdur ki, ötən illərdə də USAID-ın rəhbəri Samanta Pauer Ermənistana gəlmişdi. Ermənilərə ürək-dirək verərək Azərbaycana münasibətdə açıq qərəz nümayiş etdirmiş, ermənilərə "arxanızdayıq" deyə mesajlar vermişdi. Azərbaycan və Türkiyəyə qarşı Samanta Pauer bilavasitə Sorosun təlimatları əsasında ermənipərəst mövqeyi ilə sırf düşmənçilik siyasəti yürüdür. Anti-Azərbaycan və antitürk mövqeyi ilə tanınan Samanta Pauerin də digər siyasətçilər kimi məqsədi Paşinyan hakimiyyətinə dəstək olmaqdır. O da məlumdur ki, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirindən sonra ABŞ-dan Ermənistana yüksək rütbəli şəxslərin səfərləri daha da çoxalıb. Bundan başqa, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Bob Menendes Ermənistana iqtisadi, humanitar yardımla bağlı qanun layihəsi hazırlayıb. Layihədə İrəvana müxtəlif sahələr üzrə dəstək vermək üçün təxminən 800 milyon dollar vəsait ayrılması əksini tapıb. Eyni zamanda Vaşinqton Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmaq istəyir. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib ki, hazırda bu məsələ ilə bağlı aktiv müzakirələr gedir. Rusiya sözçüsü Peskov isə buna cavab olaraq söyləyib ki, beynəlxalq missiya üçün Bakının icazəsi olmalıdır.

Humanitar fəaliyyət adı altında tamamilə fərqli mövqelər nümayiş etdirən USAID hələ Azərbaycan torpaqlarının işğala məruz qaldığı dönəmlərdə bilavasitə Qarabağdakı separatçılarla işbirliyi aparıb. Adıçəkilən təşkilatın arxasında isə amerikalı milyarder Corc Sorosun dayanması faktları mövcuddur. Bu faktın özü isə təşkilatın hansı məqsəd və prinsiplə fəaliyyət göstərdiyini dolğun şəkildə əks etdirir.

Ramidə YAQUBQIZI,

"Respublika".