Ermənistan 8 kəndimizin qaytarılması prosesini ləngidir
Siyasət

Ermənistan 8 kəndimizin qaytarılması prosesini ləngidir

Bakı-İrəvan müzakirələrində Qazaxın işğal altında qalan 7 kəndindən 4-nün - anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması məsələsi yenidən aktuallaşıb. Son günlər İrəvanın rəsmi dairələri və mediası da bu məsələyə köklənib.

Məlum olduğu kimi, martın 7-də dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların 7-ci görüşü baş tutub. Komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə mühüm addımlar atılıb. İlkin mərhələdə Azərbaycan tərəfi 4 kəndin qaytarılmasını tələb edib.

Son dövrlərdə Hayastan mediasında guya rəsmi İrəvanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın "işğalı altında" olması barədə bir sıra saxta informasiyalara rast gəlinir. Həmin məlumatlarda Azərbaycan tərəfinin bunu qəbul etməyi, işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi barədə fikirlər də yer alıb. Mövcud reallıq isə hər kəsə məlumdur. Başqa sözlə desək, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların "işğal edildiyini" bəyan etməsi heç bir fakta əsaslanmır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi dərhal təhvil verilməlidir. Yaxın gələcəkdə Ermənistanın işğalı altında olan 4 eksklav kəndin delimitasiya prosesi çərçivəsində (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də öz həllini tapmalıdır.

Qeyd edək ki, qədim Azərbaycan torpağı olan Dərbənd və onun ətraf bölgələri, Borçalı mahalı, indiki Ermənistanın yerləşdiyi bütün ərazilər, eləcə də ölkəmizin Arazdan cənubdakı torpaqları keçmişdə Azərbaycan əraziləri olub. Amma mövcud reallığa uyğun olaraq BMT-nin tanıdığı sərhədlər daxilində müasir və müstəqil Azərbaycan öz ərazilərini bərpa edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədən sonra Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etdi. Hazırda Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın maddələrinin Ermənistan tərəfindən icra olunmasına xüsusi diqqət ayırıb. Burada sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi əsas tələblərdən biri hesab olunur. Bu, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin bağlanmasına da mühüm şərait yarada bilər. Əfsuslar olsun ki, düşmən qərəzli bəyanatlarla prosesə mane olmağa çalışır. Görünür, Paşinyan hakimiyyəti bununla yeni təxribatlara əl atmaq niyyəti güdür. Hazırda işğal altında olan 8 kəndlə bağlı Ermənistan daxilində vahid fikir yoxdur. Bu baxımdan, Paşinyan ölkədaxili qüvvələrdən ehtiyat edir, sərhədlərin delimitasiyası məsələsini ləngidir. Halbuki İkinci Qarabağ savaşının bitməsindən 3 ildən çox vaxt keçib və hələ də Qazaxın Ermənistan tərəfində qalan 7 kəndinin taleyi həll olunmayıb. Sovet dövründə Azərbaycana rəhbərlik edənlər o kəndləri ölkəmizə birləşdirən sahələri ermənilərə "peşkəş" etdilər. Nəticədə həmin kəndlər "əsir" düşdü. Artıq 8 kənd məsələsi ilə bağlı şifahi razılaşmada bu məsələ barədə fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verir. Hazırda ilkin mərhələdə 4 kəndin ölkəmizə qaytarılmasının planlaşdırılması da bu istiqamətə yönəlib. Dövlətimizin qarşısında duran əsas vəzifə Ermənistanla sərhədlərimizin müəyyənləşdirilməsidir. Yada salaq ki, hələ 90-cı illərin əvvəllərində bu torpaqlar Ermənistan tərəfindən işğal olundu. Naxçıvan bölgəsindəki Kərki və Qazaxın yeddi kəndinin taleyi həll olunmayana qədər Azərbaycan mövqeyindən dönməyəcək. İlk olaraq, sərhədləri müəyyənləşdirmək tələb olunur. Bunun üçün də sadəcə sovet dövrünə aid bir xəritədən deyil, bir neçə xəritədən istifadə olunacaq. Xatırladaq ki, Ermənistan baş naziri 1975-ci ilin xəritələrini gündəmə gətirməyə çalışır. Amma həmin xəritələrdə anklavlar göstərilməyib. Bu isə Paşinyanın demarkasiya və delimitasiya işlərini  anklavlar istisna olmaqla aparmaq istədiyinin əyani sübutudur. Azərbaycan tərəfi prosesin 1990-1993-cü illərin xəritələri əsasında həyata keçirilməsini daha məqsədəuyğun qiymətləndirir.

Bir məqamı da qeyd edək ki, 1975-ci il xəritələrində anklavlar, yəni Qazaxın və Naxçıvanın bir sıra kəndləri əks olunmayıb. Nikol Paşinyan özü də çox yaxşı bilir ki, bu torpaqlar Azərbaycana məxsusdur. Məhz bu məqsədlə, Ermənistan baş naziri bu ərazilərin hansı xəritədə əks olunmayıbsa, onu irəli sürməyə cəhd edir. 

Nəzrin ELDARQIZI,

"Respublika".