Ermənistan Azərbaycan ərazilərində kultursid törədib
Digər xəbərlər

Ermənistan Azərbaycan ərazilərində kultursid törədib

Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində və 30 il işğal atında saxladıqları Qarabağda milli-mənəvi irsimiz, tarixi-memarlıq abidələrimiz ermənilər tərəfindən məhv edilib və bu gün də bu barbar fəaliyyət davam etdirilir. Azərbaycan torpaqlarını işğalda saxladığı illər ərzində Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini də məhv edib. Tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Həmçinin məscidlərimiz yerlə-yeksan edilib və onlar donuz saxlanılan yerlərə çevrilib. Bu, İslam dinini təhqir etmək deməkdir. İşğal olunan ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-si pirlər və ocaqlar idi. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Eyni zamanda eksponatları ilə birlikdə talan olunan, məhv edilən abidələr arasında muzeylər də yer alır. Bu muzeylərin sırasında, şübhəsiz ki, ən unikalı Ağdam Çörək Muzeyi sayılır. Ağdamda Çörək Muzeyi ilə yanaşı, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası da fəaliyyət göstərib. Erməni işğalı zamanı təkcə Şuşada 8 muzey dağıdılaraq talan edilib. Araşdırmalara görə, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycanın mədəni irsinə 177 milyard manat maddi zərər dəyib. Azərbaycan torpaqlarında mədəni abidələrin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Çünki sözügedən konvensiyada hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə var. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Eyni zamanda, "Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında" 1970-ci il Paris Konvensiyası və "Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında" 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən, silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.

Hər kəsə məlumdur ki, Ermənistan həmişə Azərbaycana qarşı maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməlləri hələ də törədir. Bəhsi keçən beynəlxalq konvensiyaları pozan Ermənistanın siyasəti tarixi-memarlıq irsə qarşı vəhşiliyin nümunəsi olduğundan siyasi və hüquqi qiymətini də almalıdır. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 63-nün dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlətimizin başçısı bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb. Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəlik ərazisi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib: "Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir", - deyə Prezident bildirib.

Nuranə DAXİLQIZI,

 "Respublika".