Ermənistan “dalan dövlət”dən qurtula bilmir
Siyasət

Ermənistan “dalan dövlət”dən qurtula bilmir

Aprelin 5-də ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Paşinyan arasında baş tutan görüş region dövlətlərində müəyyən narahatlıq yaradıb. Görüşdə mühüm nəticələr əldə olunmasa da bunun Cənubi Qafqazdakı stabilliyə təhdid yaradacağı istisna deyil. Qərb dövlətlərinin rəsmi şəxslərinin təskinlik xatirinə verdikləri açıqlamalara baxmayaraq, ABŞ-Aİ-Ermənistan görüşünün regiona müsbət heç nə vəd etmədiyi hər kəsə məlumdur. Bu baxımdan, rəsmi Ankara ABŞ-Ermənistan-Aİ görüşünün Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacağını bəyan edib. Bəzi xarici qüvvələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Bu məqsədlə prosesin yubanması üçün müxtəlif təxribatlara əl atırlar. Qərb bloku dərk edir ki, əgər Ermənistan tərəfi regionda sabitliyin təminatında maraqlı olsa onların planı pozulacaq. Belə olduğu təqdirdə isə bölgənin aparıcı siyasi aktoru olan Türkiyə ilə münasibətlərin də normallaşması üçün mühüm şərait yarana bilər. Çünki Azərbaycanla sülhün imzalanması İrəvanın Türkiyə ilə münasibətlərinin normallaşması anlamına gəlir. Hazırda bölgənin ümumi inkişaf mənzərəsində Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformalarının mühüm yer tutduğunu nəzərə alsaq bu, heç də Qərbin maraqları ilə üst-üstə düşmür. Bu baxımdan, Qərb bacardığı qədər Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini daha da gərginləşdirməyə çalışır. 

Bu gün Cənubi Qafqaz dövlətlərinin, eləcə də ABŞ-ın NATO-dakı aparıcı tərəfdaşlarından olan Türkiyənin Brüssel görüşündən narahatlığı səbəbsiz deyil. Rəsmi Ankara, eləcə də Bakı Qərbin oyunlarına bələddirlər. Ermənistan tərəfi anlamalıdır ki, İrəvana korporativ maraqlar qarşılığında verilən “dəstək” onu uçuruma aparacaq. Bu, həmçinin Ermənistanın Azərbaycan ilə yanaşı, Türkiyə ilə münasibətləri normallaşdırma prosesinə də mənfi təsir göstərəcək. Qardaş ölkə daim Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının rəsmi Bakı ilə aparılan proseslə əlaqəli olduğunu bəyan edib. Bütün bunlar bir daha Qərbə uyan Nikol Paşinyan hakimiyyətinin bölgədəki “dalan dövlət” statusundan qurtula bilməyəcəyini söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

“Respublika”.