Ermənistan öhdəliklərinə sadiq qalmağa davam edərsə, regionda dayanıqlı sülh yaranar
Siyasət

Ermənistan öhdəliklərinə sadiq qalmağa davam edərsə, regionda dayanıqlı sülh yaranar

Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanatla Cənubi Qafqazda yeni dövr başladı. Bu tarixi sənədlə Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə etməklə vasitəçisiz, birbaşa diplomatik təmasların daha uğurlu olduğunu nümayiş etdirdilər. Aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə altı konseptual istiqamətdə əldə olunan nəticə məhz bu prosesin məntiqi davamı hesab olunmalıdır. Proseslərin gedişatını təhlil edərkən əminliklə deyə bilərik ki, iki ölkənin heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial qələbəsidir. Bildiyimiz kimi, möhtərəm Prezident bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”. Aprelin 19-da Azərbaycan və Ermənistan arasında şərti sərhəddə hər iki ölkənin baş nazirlərinin müavinləri, Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə komissiyanın iclasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq bilavasitə məhz cənab İlham Əliyevin 10 yanvarda ifadə etdiyi qətiyyətin həyata keçməsidir.

Azərbaycan beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən özünə məxsus olan bir qarış torpağı belə güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdılar ki, bu məsələdə Prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək. Təbii ki, Azərbaycan yeni hərbi gərginlik arzulamır, hətta biz Konstitusiyamızın 9-cu maddəsində rəsmən bəyan etmişik ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik də götürməmişik. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı. Bu, müzəffər Ali Baş Komandanın 2020-ci il 10 noyabr kapitulyasiya aktına müvafiq olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsində ehtiva olunan tarixi uğurun təkrar olunmasıdır. Həmçinin qərara alınıb ki, sərhəd xəttinin adıçəkilən istiqamətdəki hissələrinin təsviri koordinatları 15 may 2024-cü ildən yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilərək tərtib olunsun. Bu isə o deməkdir ki, Azərbaycan 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçının boşaldılması məsələsində olduğu kimi, bu dəfə də xoş niyyət göstərərək Ermənistana konkret tarix üzrə möhlət verib.

Ümumiyyətlə, kəndlərimizin geri qaytarılması barədə ilkin razılıq elə bir situasiyadır ki, sağlam təfəkkürə malik heç bir subyekt bu prosesdə məğlub görünmür. Daha doğrusu, əgər Ermənistanda hansısa dairələr həmin kəndləri hələ də özününkü hesab edirsə, bu razılaşma həmin qüvvələrin ciddi məğlubiyyətidir. Əksinə, beynəlxalq hüquqa hörmətlə yanaşanlar isə özünün olmayan ərazilərə iddialardan könüllü surətdə əl çəkərək sağlam iradə nümayiş etdirməklə bu uğurdan pay götürə bilir. 

Razılaşmanı uğurlu edən digər amil, delimitasiya prosesinin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutuna qədər mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq həyata keçirilməsi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsindən dərhal sonra cənab İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılmasını doğru hesab edirdi. Görünən odur ki, Ermənistan nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb. İndi qalır yaxın 25 gün ərzində məsələnin Tərəflər arasında müvafiq Protokol-təsvirlə sənədləşdirilib, razılaşdırılıb imzalanması. Bununla da delimitasiya, hətta demarkasiya prosesində ilk real addım atılmış olacaq.

Azərbaycan və Ermənistanın arasında adıçəkilən razılaşmanın digər önəmli məqamı delimitasiya ilə bağlı ilkin müzakirələrin məhz anklav olmayan kəndlərimizdən başlanmasıdır. Bildiyiniz kimi, Azərbaycan Prezidenti bu ilin əvvəllərində ifadə etmişdi ki, proses Tovuz-Qazax bölgəsi istiqamətindən – hələ də işğalda qalan kəndlərimizdən başlanmalıdır. Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar isə nümayiş etdirdi ki, gündəlik məhz Azərbaycanın diktəsi ilə müəyyənləşir. Lakin bu da faktdır ki, Bakının beynəlxalq hüquqa əsaslanan mövqeyini realizə etməsi Ermənistan üçün hər hansı formada təhdid yaratmır, əksinə, rəsmi İrəvan gərginliyə yol aça biləcək təcavüzkar mövqeyindən əl çəkməklə qarşılıqlı etimad mühitinə töhfə vermiş olacaq.

Ümumiyyətlə, delimitasiya və demarkasiya uzun sürən, çox mürəkkəb bir prosesdir və dövlətlər arasında münasibətlərin, hətta ən yüksək səviyyədə olması belə bu prosesin on illərlə uzanmasına əngəl törədə bilmir. Məsələn, Azərbaycanın dost Gürcüstanla sərhədinin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Yaxud müttəfiqimiz Rusiya ilə 20 il davam etmiş delimitasiya prosesi 2012-ci ildə başa çatsa da, hələ də demarkasiya tam aparılmayıb. Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi daha nikbin düşünməyə əsas verir. Qarşıda isə prosesin davamlılığının təmin olunması kimi ciddi bir vəzifə dayanır. 1 iyul 2024-cü il müddətinədək Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa çatdırılması və Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədin təsdiqinə başlamaq barədə razılığa gəlməsi proseslərin ardıcıllığının təmin olunması üçün hüquqi bazisin formalaşdırılması baxımdan mühümdür. Eyni zamanda Tərəflərin delimitasiya prosesində Alma-Ata Bəyannaməsinə əsaslanması, həmçinin həmin baza prinsipinin cari layihədə təsbit edilməsi, sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişlə bu Əsasnamə arasında hər hansı uyğunsuzluq yaranarsa, atılacaq addımların müəyyənləşməsi gələcəkdə əlavə mübahisə predmetlərinin ortaya çıxmasının qarşısını almış olacaq. Bu məqam, habelə Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığın əldə olunması, eyni zamanda növbəti görüşlərin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma təcrübəsinin oturuşması başqa bir konseptual məsələnin həllini tapdığını – hər hansı üçüncü tərəfin vasitəçilik təşəbbüslərinə daha ehtiyac qalmadığını göstərir. Bu isə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi prinsipial niyyətlə üst-üstə düşür.

Təbii ki, prosesləri qabaqlamaq faydalı deyil, lakin indiki məqamda dəqiqləşən növbəti addım Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində Tərəflərin öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi təşəbbüsüdür. Daha sonra isə növbə anklav kəndlərindir. Cənab İlham Əliyevin 10 yanvar 2024-cü il bəyanatında da ifadə olunduğu kimi, “həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

Hələ ki, yolun başlanğıcındayıq, daha ciddi addımların atılması və xüsusən sülh və sabitlik üçün yaranmış bu unikal imkanın hədər getməməsi üçün Ermənistanın iradə nümayiş etməsi vacibdir. Sirr deyil ki, xüsusilə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin mövcudluğu şəraitində bu prosesi pozmaq istəyən xeyli sayda maraqlı subyektlər var və indiki məqamda əgər Paşinyan iqtidarı iradəsini qorumasa və proses üzrə öhdəliklərindən geri çəkilsə, bu, ilk növbədə, elə erməni xalqının rifahı, təhlükəsizliyi və maraqlarına tarixi zərbə olar. Rəsmi İrəvan nəzərə almalıdır ki, cari təcrübə də göstərir ki, Azərbaycan və Ermənistan arasında aparılan vasitəsiz diplomatiya ilə sülh istiqamətində ciddi nəticələr əldə edə bilirlər. Belə olan halda Ermənistan öhdəliklərinə sadiq qaydada davranarsa, yalnız erməni xalqının həqiqi və qanuni maraqlarından çıxış edərsə və xüsusən kollektiv Qərbin əlində alət olmazsa regionda dayanıqlı sülhün tam şəkildə təmin olunması realdır.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.