Baş Prokurorluq
Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan Bayrağı yandırılıb.
Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
"Azərbaycan Respublikası "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır", - məlumatda qeyd edilib.
Ombudsman
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Səbinə Əliyeva Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı Azərbaycan Dövlət Bayrağının yandırılmasına münasibət bildirib.
Bu barədə ombudsman Aparatından məlumat verilib.
Məlumatda deyilir: "Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayır və azərbaycanlılara qarşı etnik nifrət zəminində baş verən təxribat kimi qiymətləndirirəm.
Hesab edirəm ki, beynəlxalq səviyyəli idman yarışının təşkilatçısı qismində çıxış edən Ermənistan həmin yarışın keçirilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək belə bir hadisənin baş verməsinə şərait yaratdığına görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.
Ermənistan tərəfindən nifrət zəminində törədilən bu və digər əməllər azərbaycanofobiya siyasətinin bariz təzahürüdür.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq müvafiq beynəlxalq təşkilatları, xüsusilə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını və Beynəlxalq Olimpiya Komitəsini törədilmiş bu vandalizm aktına ciddi reaksiya verməyə, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu əməlin törədilməsinə imkan yaratmış təşkilatçı dövlətə qarşı mövcud beynəlxalq qaydalara müvafiq olaraq qəti tədbirlər görməyə çağırıram".
Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra, bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilmişdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxs Azərbaycanın Bayrağını nümayişkaranə şəkildə yandırmışdır.
Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etmişdir. Ən ağrılısı odur ki, Azərbaycan Bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuş, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri daxil olmaqla, çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanmışdır.
Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın göstəriciləridir. Ermənistanda belə ictimai nifrət aktlarını təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.
Ermənistanın törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə beynəlxalq aləmin lazımınca reaksiya göstərməməsi bu ölkədə irqi ayrı-seçkilik siyasətinin və cəmiyyətdə ksenofobiya meyillərinin daha da güclənməsinə şərait yaradır. Buna görə də biz beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi etnik təmizləmə, irqi ayrı-seçkilik kimi insanlıq əleyhinə cinayətlərinə adekvat qiymət verməyə çağırırıq.
İcma Azərbaycan Bayrağına qarşı törədilmiş cinayəti kəskin şəkildə qınayır və Ermənistan hökumətindən azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmağı, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi və onları şöhrətləndirməyə dərhal son verməyi tələb edir.
Bütün bunlar, Ermənistana qayıtmağımız üçün müvafiq verifikasiya, hüquqi və təhlükəsizlik zəmanət mexanizmini ehtiva edən razılaşmaların zəruriliyini bir daha vurğulayır".
İdman sahəsində fəaliyyət göstərən Azərbaycan QHT-ləri
İdman sahəsində fəaliyyət göstərən Azərbaycan QHT-ləri Ermənistanda Dövlət Bayrağımızın yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciəti təqdim edirik:
"Biz - idman sahəsində fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları olaraq Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş vermiş xoşagəlməz hadisəyə beynəlxalq idman ictimaiyyətinin diqqətini cəlb etmək məcburiyyətindəyik. Tədbirin təşkilatçılarından biri Azərbaycan bayrağını yandırıb.
Biz həyatımızı bərabərlik, inklüzivlik və qarşılıqlı hörmətə xüsusi diqqət yetirməklə idmanın ümumbəşəri dəyərlərinin təşviq olunmasına həsr etmişik. İstənilən idman yarışında qalib gəlmək mühüm məsələdir, lakin vacib olan təkcə bu deyil.
Biz narahatlığımızı və qəzəbimizi ifadə etmək üçün söz tapa bilmirik. Burada söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan Dövlət Bayrağından deyil, bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir.
Bu həftə İrəvana səfər edən idmançılarımız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il ərzində işğal altında saxlayan ölkənin paytaxtına getdiklərini yaxşı bilirdilər. Buna baxmayaraq, Azərbaycan Ermənistanda keçiriləcək çempionatda iştirak etmək qərarına gəldi, çünki biz inanırdıq ki, idmanın əsl ruhu ölkələrimiz arasında gərgin münasibətlərin girovuna çevrilməməlidir. Yarış iştirakçılarının təhlükəsizliyinə zəmanət verən təşkilatçıların çoxsaylı bəyanatları da bizi ruhlandırmışdı.
Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Azərbaycanın sülhü bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən dairələr sülh üçün şans verməməkdə qərarlıdırlar.
Sizi idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə qarşı bizimlə həmrəy olmağa çağırırıq".