Ermənistanda Rusiya əleyhinə çıxışlar güclənir
Siyasət

Ermənistanda Rusiya əleyhinə çıxışlar güclənir

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət əsaslı şəkildə dəyişdi. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə ölkəmizin nüfuzunu artırdı, Ermənistan isə rəzil duruma düşdü.

Məğlubiyyəti ilə barışmaq istəməyən Paşinyan hakimiyyəti mövcud vəziyyətdə Rusiyanı günahlandırır.

Ölkə daxilində anti-Rusiya əhvali-ruhiyyəsi getdikcə artdı. Hazırda vəziyyət xeyli gərgindir, hətta Rusiya əleyhinə etirazlar isterik həddə çatıb. Son dövrlərdə rəsmi İrəvanın Kremlə yönəlik bəyanatları, sərt çıxışları və şantaj xarakterli açıqlamaları bunu bir daha təsdiqləyir. Ermənistanın baş nazirindən tutmuş yerli mətbuatı və siyasi qüvvələri də Moskvanı müxtəlif formada ittiham edir. Ermənistan başına gələn bütün bəlalarda Rusiyanı səbəbkar kimi göstərməklə əslində Qərbdən aldığı göstərişi və tapşırıqları yerinə yetirir. Baş nazir bununla ictimai rəyi uğurla Rusiyaya qarşı yönəldir.

Məlum olduğu kimi, Paşinyan yaxın günlərdə yenə Rusiya əleyhinə bəyanatla gündəmə gəlmişdi. Belə ki, Ermənistanın baş naziri bəyanatında respublikanın təhlükəsizlik sahəsində bu ölkədən asılılığının strateji səhv olduğunu qeyd edib. Paşinyanın bu bəyanatı mövcud gərginliyin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Bundan başqa, Rusiyanın himayəsi altında olan təşkilatlar - KTMT, Aİİ və MDB-dən çıxmaq çağırışlarının ardınca hərbi baza məsələsi də gündəmə gətirilib. KTMT çərçivəsində münasibətlər də pozulub. Əslində, rəsmi İrəvanın nankorluğu buradan da bəlli olur. Bugünkü varlığını Kremlə borclu olan ermənilər Rusiyaya təşəkkür etmək əvəzinə, indi bu bazanı təhlükəsizlikləri üçün hədə görürlər. Ermənistanın hələ Sovet İttifaqına daxil olduğu zaman ərazisi 9 min kvadratkilometr idisə, cəmi bir neçə il sonra Azərbaycan torpaqları hesabına 29 min kvadratkilometrə kimi çatdırmışdı. Yəni vaxtikən Ermənistanda Rusiya hərbi bazasının yerləşdirilməsini toy-bayramla qeyd edən rəsmi İrəvan indi ondan imtina etmək istəyir. Bunun üçün İrəvan heç bir bəhanə tapa bilmir. Ermənistan iddia edir ki, Qarabağ məsələsində bu baza heç bir rol oynamayıb. Moskvanın İrəvanın ittihamlarına reaksiyası isə hələlik mətbuat, mətbuat xidmətlərinin rəhbərləri səviyyəsindədir. Son dövrlər Kremlin nəzarətində olan media orqanlarında İrəvana qarşı yazılar yayımlanır. Məsələn, "İzvestiya" qəzeti yazır ki, ermənilər nə qədər çalışsalar da, birtərəfli qaydada bazanın 2044-cü ilə kimi çıxarılması mümkünsüzdür.

Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin xalqa müraciəti zamanı da "anti-Rusiya" təbliğatı bir daha özünü büruzə vermişdi. Belə ki, Paşinyanın bu müraciətində konkret ölkəni hədəf göstərmədən "bəzi tərəfdaşları"nın ölkənin daxili və xarici təhlükəsizliyi üçün problemlər yaratmasından gileylənmişdi. Ermənistan baş naziri həmin fikirləri məhz Rusiyanın ünvanına söyləmişdi.

Qeyd edək ki, Rusiyanın sözügedən hərbi bazasının Ermənistanda iki qarnizonu var. Onlardan biri Gümrüdə, digəri isə İrəvanda yerləşir. Hərbi baza 2017-ci ildə Rusiya və Ermənistanın Birgə Qüvvələr Qrupu yaradıldıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələri buraya daxil edilib. Şəxsi heyətinin ümumilikdə sayı təxminən 4 min nəfər olan baza S-300 hava hücumundan müdafiə sistemləri, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri ilə təchiz olunub. Sözügedən bazanın statusu məsələsinə gəldikdə isə bu 1995-ci ildə Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında "Ermənistan ərazisində Rusiya hərbi bazası" haqqında imzalanmış müqaviləyə əsasən müəyyən edilir.

Ermənistanın Qərbə yönəldiyi bir zamanda Rusiya hərbi bazasının əhəmiyyətsiz hesab etməsi təsadüfi deyil. Rəsmi İrəvan bununla Rusiya silahını Qərb silahı ilə əvəzləməyə çalışır. Ermənistanda Avropa İttifaqının müşahidə missiyasının peyda olması da bunun əyani sübutudur.

Nəzrin ELDARQIZI,

"Respublika".