Ermənistanın Avropa İttifaqı xəyalı
Siyasət

Ermənistanın Avropa İttifaqı xəyalı

Son dövrlərdə Ermənistan hakim dairələri sensasion və bir qədər də müzakirələrə səbəb olan açıqlamalarla gündəmə gəlir. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduğunu bildirib.

Spiker həmçinin çıxışı zamanı Ermənistanın bununla təhlükəsizliyini təmin edəcəyini diqqətə çatdırıb. Simonyan hətta Ermənistanın Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrdən daha yaxşı demokratiyaya malik olduğunu deyib: "Bunu biz demirik, Aİ tərəfdaşlarımız bildirir". Görünür, Paşinyan hakimiyyəti yenə reallıqdan uzaq xəyallar qurur…

Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsini ortaya atsa da, bu istiqamətdə ölkəyə əngəl olacaq kifayət qədər nüans var. İlk olaraq, bu quruma üzv olmaq üçün Avropa qitəsində yerləşmək ən mühüm tələblərdəndir. Ermənistan isə Asiyada yerləşir. Təşkilatın prosedur qaydalarına müvafiq olaraq, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. Bir çoxlarının fikrincə, Ermənistan hakimiyyətinin təsir gücü zəif olduğundan demokratik institutların fəaliyyətinə hər hansı bir məhdudiyyət tətbiq edə bilmir. Belə olduğu təqdirdə isə xaricdə Ermənistanda demokratiyanın olduğu barədə saxta "imic" formalaşır. Yəni təşkilat ölkə daxilindəki vəziyyəti analiz etsə, hər şeyin əslində sadəcə yalandan ibarət olduğu aşkara çıxacaq. Ermənistanın təşkilata üzv olmaq üçün qarşısında duran əngəllər sadəcə bununla da bitmir. Aİ-yə üzv ölkələrin hər birinin dövlət sərhədlərini mühafizə etməyə qadir olduğunu düşünsək, İrəvanın yenə də bu normativlərdən kənarda qaldığını söyləyə bilərik. Eyni zamanda, təşkilata namizəd, yaxud üzv ölkələrin ərazisində NATO istisna olmaqla başqa dövlətin qoşunu yoxdur. Amma İrəvanın sərhədlərini hazırda Qərbin ən böyük düşməni hesab etdiyi rusiyalı hərbçilər qoruyur. Məlum olduğu kimi, Şimal qonşumuzun 102 saylı hərbi bazası Ermənistanda yerləşir. Ölkə həmçinin iqtisadi baxımdan da Moskvadan asılı durumdadır. Yəni həm regional şərait, həm də Ermənistanın Cənubi Qafqazda işğalçı dövlət kimi tanınması onun təşkilata üzv olmasını qeyri-mümkün edir. Üstəlik, İrəvanın bir müddət öncə dəyişdirilməsinin vacibliyi vurğulanan qanunlar toplusunda Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bütün bunların müqabilində ölkənin Avropa İttifaqına üzvlüyü müşkül məsələdir.

Ermənistanın Avropa İttifaqı ilə bağlı xəyallar qurmasında Fransanın da rolu var. Belə ki, rəsmi İrəvan Parisin himayədarlığı sayəsində quruma üzv olacağını düşünür. Şübhəsiz, bu düşüncə çox yanlışdır. Çünki Makron hakimiyyəti ermənilərin deyil, məhz öz şəxsi maraqları üçün rəsmi İrəvanla müttəfiqlik edir. Paris Cənubi Qafqazda öz ambisiyaları üçün manipulyasiyalara əl atır. Bundan düzgün nəticə çıxara bilməyən Simonyan kimi xəyalpərəstlər isə Rusiya faktorunu nəzərə almadan asanlıqla Qərbə yönələ biləcəklərini düşünürlər. Ermənistanın hakim dairələri ölkənin mövcudluğunun Rusiyaya bağlı olduğunu unudurlar. Bu yaxınlarda Hindistandan  Ermənistana strateji hava yolunun açılması məsələsinin gündəmə gəlməsi, bir daha İrəvanın Qərbin əlaltısına çevrildiyini təsdiqləyir. Bununla yanaşı, Ermənistandakı Aİ missiyasının fəaliyyətini və Rusiya hərbi kontingentinə münasibəti nəzərə alsaq, Paşinyan hakimiyyətinin xəyanətini açıq şəkildə görə bilərik. Halbuki, İrəvanın gələcək addımlarının məhz Rusiyadan asılı olduğu hər kəsə məlumdur. Yəni Fransa nə qədər Ermənistana yalan vədlər versə də, hayların müstəqil addım ata bilməyəcəyi məlum məsələdir. Belə olduğu təqdirdə isə rəsmi Parisin İrəvan üçün cəhdləri yenə də nəticəsiz qalacaq.  Xatırladaq ki, Gürcüstanda da bir vaxtlar Avropa İttifaqına üzvlüklə bağlı fikirlər səslənirdi. Hələ 2014-cü ilin iyun ayında Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ilk dəfə Brüsseldə keçirilən konfransda ölkənin 5-10 il ərzində Aİ-nin tamhüquqlu üzvü ola biləcəyini söyləmişdi. Lakin üstündən xeyli keçsə də bu proqnozlar hələ də özünü doğrultmayıb. Halbuki Ermənistandan fərqli olaraq Gürcüstan Avropa standartlarına daha yaxındır. Bu baxımdan, Ermənistanın Avropaya inteqrasiyası ancaq xəyal ola bilər.

Ermənistanın Avropa İttifaqının bərabərhüquqlu üzvü olması üçün Fransa, yaxud digərləri heç nə edə bilməyəcəklər. Çünki Avropa İttifaqında Fransa ilə yanaşı,  söz sahibi dövlətlər var və onlar üçün rəsmi Parisin, yaxud da Makronun mövqeyi heç də mühüm deyil. Hüquqi baxımdan Fransa qurumda söz sahibi hesab edilmir. Fransanın bu məsələdə məqsədi də tamamilə başqadır. Mali, Nigeriya və digər Afrika ölkələri ilə bağlı hadisələrin fonunda bəlli olur ki, Parisdən onsuz da imtina edilir və beləliklə, ölkənin müttəfiqləri azalır. Hazırda Fransanı böyük "güc" kimi görən İrəvan fransızlara lazımdır. Fransızlar da öz növbəsində haylardan təskinlik tapmaq üçün istifadə edirlər. Yəni Fransa-Ermənistan münasibətləri sadəcə olaraq, qarşılıqlı aldatmadır. Hazırda ağaları Rusiyanı günahlandıran ermənilərin, zamanı gəldikdə Parisi, fransızları günahlandıracağı zərrə qədər şübhə doğurmur.

Nəzrin ELDARQIZI,

"Respublika".