Yelisey sarayı mənfəətini prinsiplərindən üstün tutur
Siyasət

Yelisey sarayı mənfəətini prinsiplərindən üstün tutur

Fransa, Yunanıstan və Cənubi Kipr Avropa İttifaqının fondları vasitəsilə Ukrayna üçün Türkiyənin TB2 pilotsuz uçuş aparatlarının və artilleriya mərmilərinin alınmasına veto qoyublar.

Bu barədə Yunanıstanın "Kathimerini" nəşri məlumat yayıb. Qeyd olunub ki, Ukraynanın təcili zəruri ehtiyaclarının təmin edilməsi üçün Türkiyəyə böyük sifariş verilməsi planlaşdırılsa da, Fransa və Cənubi Kipr buna qarşı çıxıb, Afina da bu iki ölkəni dəstəkləyib. Mənbə bildirib ki, Yunanıstan Avropa müdafiə sənayesinin inkişafını nəzərdə tutan bir siyasətin tərəfdarıdır, vətəndaşlarının ödədikləri verginin Türkiyənin müdafiə sənayesinə dəstək olmasını istəmir. Fransa da öz silahları ilə rəqabət aparacaq silahların satışı üçün pəncərə açılmasını istəmir.

Fransanın beynəlxalq münaqişələrdə vasitəçi kimi çıxış etmək istəyi onun "sülh göyərçini" rolunun kənardan görünən tərəfidir. Daxildə isə maskalanmış üzünün altında şəxsi maraqlar dayanır. Yelisey sarayının diplomatik manevrlər kimi qələmə verilən oyunları isə tez-tez ifşa olunur. Son illərdə, xüsusən də Rusiya-Ukrayna, İsrail-Fələstin və Azərbaycan-Ermənistan münaqişələrində Fransanın hərəkətləri çaşqınlıq yaradıb. Bütün nümunələrdə Paris öz şəxsi mənafeyindən irəli gələn qeyri-konstruktiv siyasət nümayiş etdirib.

Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer deyib ki, Fransa hökuməti iqtisadi artımla bağlı proqnozlar özünü doğrultmadığı üçün göstəriciləri aşağıya doğru dəyişmək məcburiyyətində qalıb, bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır. Görünür, Yelisey sarayı iqdisadi çöküşün nəticələrini silah sataraq gizlətmək istəyir. Belə ki, Fransa Müdafiə Nazirliyinin məlumatına görə, 2013-2022-ci illər arasında Fransa İsrailə təxminən 200 milyon avroluq silah satıb.

Bu yaxınlarda Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski Parisdə keçirilən görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar: "Bir daha vurğulamaq istərdim ki, Fransa uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam edəcək. Bu, Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq, imzaladığımız onillik sazişin məqsədi budur", - deyə Makron bildirib. Müqavilə çərçivəsində Paris Ukraynaya 3,24 milyard avro dəyərində əlavə hərbi yardım verəcək, həmçinin Kiyevə silah göndərəcək, əsgər və zabitlərin təlimində iştirak edəcək.

Rusiya-Ukrayna münaqişəsinə Fransa fürsət kimi baxır. Belə ki, bu ölkənin silah istehsalçıları bağlı qapılar arxasında açıq şəkildə sülh və sabitliyi müdafiə edərkən, silah satmaqla vəziyyətdən sui-istifadə etməyə can atıb. Bu ikiüzlü strategiya sülh yolu ilə həll səylərini zəiflədib. Paris bu gün də silah satışı ilə münaqişələri qızışdırmaqla bir çox regionda qeyri-sabitliyə xidmət edir. Eyni şəkildə İsrail-Fələstin münaqişəsində də Fransanın hərəkətləri ikiüzlü olub. Ara-sıra iki dövlət məsələni həll etməyə çağırışları olsa da silah tədarükünü davam etdirib. Bütün bunlar Fransanın insan haqları və beynəlxalq hüquqdan uzaq siyasətini ortaya qoyur. Parisin dedikləri ilə hərəkətləri ziddiyyət təşkil edir, onun mənfəətini prinsiplərdən üstün tutmağa hazır olduğunu göstərir.

İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə məkrli siyasəti ilə yaddaqalan Fransa münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyini dilə gətirməklə yanaşı, Ermənistana silah tədarükünü davam etdirib. Bu silahlanma isə revanşist qüvvələri alovlandırmağa xidmət edir, gərginliyi azaltmaq üçün diplomatik səylərə zərbə vurur. Fransa insan həyatı bahasına silah sənayesi üçün davamlı bazarı təmin edir. Görünür, Fransa və Ermənistan arasında münasibətlər silahlandırma, bölgədə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq üzərində qurulub. Azərbaycan Cənubi Qafqazın inkişafı üçün çalışarkən Makronun Ermənistanı müharibəyə həvəsləndirməsi qəbuledilməzdir. Bu məkrli planlar isə görünür, bir çox Qərb dövlətləri və qurumlarının işinə yarayır ki, bu silahlanmaya göz yumurlar.

Nəticədə Fransanın siyasəti uzunmüddətli sülh və sabitlik əvəzinə qısamüddətli iqtisadi qazancları prioritetləşdirir. Silah satışı və diplomatik danışıqlar yolu ilə münaqişələri qızışdırmaqla Fransa nəinki vasitəçi kimi etibarını sarsıdır, həm də bir çox bölgədə qeyri-sabitliyə töhfə verir. Müasir dövrdə Azərbaycan qlobal problemlərin həlli üçün çalışarkən Fransanın da öz prioritetlərini yenidən nəzərdən keçirməsinin, qan tökülməsindən mənfəət əldə etməkdənsə, həqiqətən sülh və ədaləti təşviq etmək öhdəliyini götürməsinin vaxtı çatıb.

Nurcan SÜLEYMANOVA,

"Respublika".