ETIMESGUT-ŞIRVAN QARDAŞLAŞMIŞ BƏLƏDIYYƏLƏRDIR
Türk dünyası

ETIMESGUT-ŞIRVAN QARDAŞLAŞMIŞ BƏLƏDIYYƏLƏRDIR

Türkiyə Respublikası, Ankara şəhərinin Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq üçün bu günlərdə türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Anadolu Günləri 25" adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil etdi.

Ankaranın Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi, bu il də festivalın sonuncu günündə keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti iştirak etdilər.

Festivalda Şirvanın nümayəndə heyəti tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri nümayiş olundu. Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu bildirdi. Festivalda Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək bu cür festivalların təşkilinin geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin zəngin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanın belə tədbirlərə böyük önəm verərək, hər zaman fəal iştirak etdiyini diqqətə çatdırdılar.

Tofiq HÜSEYN,

"Respublika".