Siyasət

"Etnik təmizləmə" həyasızlığı nəticəsiz qalacaq

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi qaçılmaz idi. Nəhayət, sentyabrın 28-də qondarma xunta rejimi özünü buraxdı. Bu isə Qarabağın erməni əhalisinin kütləvi şəkildə Ermənistana getməsinə səbəb oldu. Amma bu prosesin yeganə səbəbi separatçıların yaratdıqları qurumu ləğv etməsi deyil.

Belə ki, Qarabağdakı nasist erməni qrupları Qarabağda yaşamağı Azərbaycana satılmaq kimi qələmə verirlər. Onlar özlərinin həbs ediləcəklərini bildiklərindən başqalarını da getməyə sövq edirlər. Təsadüfi deyil ki, İrəvana üz tutan əksər ermənilər yerli hakimiyyətin getməklə bağlı əmr verdiyini deyirlər. Qalmaq istəyəni isə qorxudurlar. Maraqlıdır ki, bu köç Paşinyanın "Qarabağdakı erməni əhalisinə birbaşa təhlükə yoxdur" deməsindən sonra başladı. Buradan belə çıxır ki, ya Paşinyana qarşı olan qondarma rejimin tör-töküntüləri bu göstərişi verib, ya da bu, baş nazirin planıdır.

Nikolun sərsəm bəyanatları fonunda ikinci versiya daha real görünür. Belə ki, Paşinyan hökumətin iclasında yaxın günlərdə Qarabağda bir erməninin belə qalmayacağını bildirib və buna görə Azərbaycanı "etnik təmizləmədə" ittiham edib. Əlbəttə, bu, ermənilərin könüllü seçimidir, etnik təmizləmə deyil. Etnik təmizləmə ermənilərin Birinci Qarabağ müharibəsində uşaqları və qocaları öldürməsidir. İrəvanın bu faktları gözardı edərək, belə bir ritorika ilə çıxış etməsi onu göstərir ki, ermənilərin kütləvi köçünün arxasındakı səbəblərdən biri məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaqdır. Bu kampaniyada əsas motiv kimi "deportasiya" iddiası istifadə olunacaq, İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarına qayıtmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayacaq.

Bununla belə, ölkəmizin "etnik təmizləmə", "deportasiya" iddialarına qarşı irəli sürəcəyi tutarlı arqumentlər var. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib ki, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə sentyabrın 28-də ölkədə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimlə görüşüb. Toplantı çərçivəsində C.Bayramov hazırda Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığını, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyini diqqətə çatdırıb. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "BBC News" proqramına müsahibəsində deyib ki, hazırda Qarabağ sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır. Onu da xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacaqla təchiz edilməsini və humanitar dəstəyin həyata keçirilməsini istəyib. Sentyabrın 25-də isə Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub. Bundan əlavə, polislərimiz ehtiyacı olan erməni sakinlərə yardım edib. Sərhədi keçənlərə, xüsusilə yanlarındakı azyaşlılara hərbçilərimiz tərəfindən isti münasibət göstərilib. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə bilməyəcək.

 

Jalə QASIMZADƏ,

"Respublika".