Evlərimizi dağıtdıqlarına görə Ermənistanı məhkəməyə verə bilərik
Digər xəbərlər

Evlərimizi dağıtdıqlarına görə Ermənistanı məhkəməyə verə bilərik

30 illik işğal müddətində Ermənistan Qarabağda ekoloji və mədəni terror törədib. Separatçılar bu dövrdə və daha sonra İkinci Qarabağ müharibəsində də Azərbaycana qarşı təxribatlarla çıxış edib. Ermənistan tərəfi ölkəmizə qarşı təxribatlarını davam etdirir.

Mövzu ilə bağlı deputat Zahid Oruc deyib: "Problemin 30 il ərzində həll olmaması, özlüyündə məsələyə verilən hüquqi qiymətlərin yarıtmaz səviyyədə olmasının göstərici idi. Keçmiş Yuqoslaviyanın dağılmasının, ardınca Serbiyanın prezidenti Slobadan Miloşeviçin, Karaçiç, Ciciç və digər şəxslərin də beynəlxalq tribunalarda mühakimə edilməsi, Amerikanın bir sözü ilə, sürətlə baş verib. Təəssüflər olsun ki, biz bunu görməmişik".

Ermənistan Qarabağda vəhşiliklər, İkinci Qarabağ müharibəsi zamanı da Gəncədə, Bərdədə müharibə cinayətləri törədib. Azərbaycan xalqı və rəsmi dövlət qurumları həmin dövrdə də mövcud vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələni edib: "Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb". Prezident İlham Əliyev bu fikirləri Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəni bombalaması ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Beynəlxalq reaksiyadan danışarkən Zahid Oruc əlavə edib: "Bölgədə gedən bir çox savaşlarda Qərbdən və Avropa təşkilatlarından sabitliyin qorunmasına dəstək gəlib. Təsəvvür edə bilirsiniz Azərbaycan bu dəstəyi alsa idi nə olardı? 7 rayonun yer üzündən silinməsi, 100 milyardların üzərində Azərbaycana vurulmuş real maddi, mədəni ziyandır. Bəs insanların mənəvi itkilərini necə ödəmək olar?".

Ermənilərin Azərbaycana qarşı törətdiyi cinayət əməlləri haqqında geniş məlumat verilməsi və bu təxribatların beynəlxalq səviyyədə müzakirəsi məsələsində Prezident İlham Əliyev önəmli rol oynayır. Prezident Azərbaycan xalqını "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", - deyən Ulu Öndər Heydər Əliyevin tövsiyəsini unutmamağa çağırır.

Zahid Oruc: "İkinci Dünya müharibəsi zamanı Varşava yerlə-yeksən edilib. Bu bəşəriyyət üçün çox böyük dağıntılardan sayılır. Lakin Polşa xalqı böyük çətinliklə şəhəri olduğu kimi bərpa edib. Hamı birgə mühəndis, arxitektor olub. Bizim vəziyyətimiz də ona oxşayır. İndi keçmiş məcburi köçkünün hər biri ayrıca beynəlxalq məhkəmədə iddiaçı kimi çıxış edə bilər. Vaxtilə Çıraqov və digərləri Ermənistana qarşı Avropa Məhkəməsində sadə bir şəkildə məsələ qoymuşdular ki, öz doğma yurdlarına qayıtmaq istəyirlər və qərar çıxarılmışdı ki, bu köçkün öz torpağına qayıda bilər. Mən hesab edirəm ki, hər bir şuşalı, zəngilanlı, kəlbəcərli, ağdamlı, qubadlılı və laçınlı öz evinə, kəndinə, məktəbinə görə Ermənistanı məhkəməyə verməlidir".

Nurcan SÜLEYMANOVA,

"Respublika".