Fədakar alim, bacarıqlı təşkilatçı,  səmimi insan
Sosial həyat

Fədakar alim, bacarıqlı təşkilatçı,  səmimi insan

Hər bir alimin yazdığı əsər və tədqiqat işləri onun mənsub olduğu millətin varlığını təsdiq edən amillərdəndir. Belə fədakar və millətini sevən insanlar haqqında  danışmaq həm də mənəvi borcdur. Haqqında yazmaq istədiyimiz belə insanlardan biri də, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin sosiologiya kafedrasının müdiri, sosiologiya üzrə elmlər doktoru, professor Rəfail Həsənovdur.

Həsənov Rəfail Musa oğlu 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1979-cu ildə Bakıdakı 190 saylı məktəbi bitirib Kazan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə qəbul olunmuş, 1985-ci ildə oranı  bitirdikdən sonra  Kazan şəhərində əmək fəaliyyətinə başlamışdır.

O,  SSRİ-də siyasi və milli münasibətlərin kəskinləşməsi ilə əlaqədar olaraq 1989-cu ilin mart ayında vətənə dönmüşdür. Ayrı-ayrı vaxtlarda Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya, sonra ASİ şöbəsində, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda çalışmışdır. Sonrakı fəaliyyəti 1994-cü ildən başlayaraq  Xəzər universiteti ilə bağlı olmuş, burada müəllim, baş müəllim, dosent, kafedra müdiri və hüquq fakültəsinin dekanı kimi vəzifələrdə çalışmışdır. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyanı müdafiə edərək sosial fəlsəfə üzrə elmlər namizədi, 2006-cı ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiya müdafiə edərək sosiologiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır.

1998-ci ilin yanvar ayından Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin  sosiologiya kafedrasında işə başlamış və  2011-ci ilin oktyabrından kafedranın professoru, 2019-cu ildən isə müdiri vəzifəsində çalışır.

Sosiologiya elmi sahəsində uğurlu elmi  araşdırmalar  aparan Rəfail müəllim böyük alim və tədqiqatçı, bacarıqlı təşkilatçı, səriştəli müəllim olmaqla yanaşı, həm də xeyirxah, təvazökar və səmimi bir insandır. O,  fədakar alim, kafedra müdiri, müəllim kimi də dərs dediyi tələbələrinə, rəhbərlik etdiyi magistrant və doktarantlarına, ümumiyyətlə, ona müraciət edən insanlara qarşı çox diqqətlidir, mümkün köməkliyini onlardan əsirgəmir.  

O, dəfələrlə beynəlxalq proqram və qrant layihələri çərçivəsində xarici ölkələrdə elmi məzuniyyətlərdə olmuşdur. 1994-cü ilin sentyabr  ayından 1995-ci ilin mart ayına kimi   USİA və ACTR/ACCELS tərəfindən təşkil edilmiş RSEPF proqramı çərçivəsində elmi-tədqiqat layihəsi ilə ABŞ-ın İndiana Universitetində (Blumington ş.), 2000-ci ilin sentyabr-noyabr aylarında Vətəndaş Təhsili Proqramı Tərtibi üzrə qrant layihəsi üzrə ABŞ-ın  Montana Dövlət Universitetində, Almaniya Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən elan edilmiş müsabiqənin qalibi kimi 2002-ci ilin iyul-sentyabr aylarında V.Höte adına Frankfurt-Mayn Universitetində, Açıq Cəmiyyət İnstitutu FDFP Proqramının qalibi kimi 2003, 2005 və 2007-ci illərdə   ABŞ-ın   Braun Universitetində, 2017-ci ilin iyun-avqust aylarında Almaniya Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən elan edilmiş müsabiqənin qalibi kimi V.Höte adına Frankfurt-Mayn Universitetində elmi-tədqiqat işi çərçivəsində çalışmış, bir çox digər beynəlxalq layihələrdə iştirak etmişdir. O, həmçinin, müntəzəm olaraq   respublikada və xarici ölkələrdə keçirilən elmi sessiyalarda, konfrans və simpoziumlarda çıxış edir.

Rəfail müəllim 100-dən çox  elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 1 dərsliyin, 3 dərs vəsaitinin müəllifidir. 2007 - 2010-cu illərdə BDU-nun nəzdindəki D 02. 015 Dissertasiya Şurasının, 2010 - 2013-cü illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki D. 01.115 Dissertasiya Şurasının, 2013-cü ilin martından bu günədək isə AR-nın Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür. Elmi rəhbəri olduğu 6 doktorant dissertasiyalarını müdafiə edərək sosiologiya üzrə fəlsəfə doktoru elmi adını almışlar.

Rəfail Həsənov 1990-cı ildən bu günə kimi Azərbaycan Sosiologiya Assosiasiyasının, 2002-ci ildən Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (Harvard Universiteti), 2012-ci ildən isə Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA), Merivud Universiteti))  üzvüdür.

O, sosiologiya ixtisasının  bakalavr və magistratura pillələrində  ingilis və rus dillərində mühazirələr aparır, həmçinin magistrant və doktorantlara rəhbərlik edir.

Azərbaycanda sosiologiya elminin formalaşmasında və inkişafında Rəfail Həsənovun əməyi böyükdur. Onun ali məktəblər üçün dərs vəsaiti kimi nəşr olunmuş  “Sosiologiya”, “Siyasi sosiologiya”, “Sosial siyasət” və digər kitablarında sosiologiyanın ən aktual problemləri  işıqlandırılmışdır. Rəfail müəllim daima elmi axtarışlar aparır, rəhbərlik etdiyi kafedra əməkdaşlarını da  müxtəlif proqram və layihələrdə iştiraka cəlb edir. Onun rəhbərlik etdiyi sosiologiya kafedrasında müntəzəm olaraq elmi seminarlar keçirilir. Seminarlarda həm kafedranın müəllimlərinin, həm də magistrant və doktorantlarının sosiologiyanın müxtəlif vacib  problemləri ətrafında çıxışları olur, maraqlı diskussiyalar aparılır,  kafedraya dərs demək üçün ən istedadlı, bacarıqlı və savadlı müəllimlər cəlb edilir.   

Bu günlərdə  60 yaşı tamam olan Rəfail müəllimə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!

Hörmət CAVADOVA,

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti.