ÖMRÜN QIRX ÜÇ ANI
Sosial həyat

ÖMRÜN QIRX ÜÇ ANI

...Pəncərə önündə dayanmışam. Elə bilməyin ki, qədim zaman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə, dünyanın bir pəncərə olduğunu hər kəsin bu pəncərədən baxıb getdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim... Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim. Elə bil özüm özümdən sıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Bunun da səbəbi var. Səbəbi ömrün 43 anıdı...

Bir məşhur film var. Yəqin onu xatırlayırsınız: "Baharın on yeddi anı!". Mən onunla bərabər bu həyatın on yeddi anın təqribən üç dəfəsi həcmində anlar yaşamışam. bu anlar məhz pəncərə önündə dayandığım həmin o məqamda gözümün önündə canlanmağa başladı. Çox qəribədi. Görünür, insan yaşlaşdıqca o, təkcə kövrəlmir, həm xatirələrə daha çox meyil edir. Bu da səbəbsiz deyil. Axı, torpaq insanı çəkir... İnsan torpağa daha çox yaxınlaşır. Deyilənlərə görə, torpaqdan yaranmışıq. Elə bu da bir səbəbdi. Yarandığımıza qayıdış... İstəsək , istəməsək , bu, danılmaz əbədi bir gerçəklikdi...

Bax, pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 43 anının birinci hissəsini xatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinə daxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası... beləcə, həmin ilin təqribən sentyabr ayının bir istirahət günü qala divarının yanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan, saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adını eşitdiyim bugünkü 70 yaşlı yazıçı, millət vəkili Aqil Abbas idi.

 Beləcə, dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı.

Bir "Sovet kəndi" qəzeti var idi. Redaksiya təkcə şeirlərimi çap etmirdi, həm söz-sənət adamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz "Sovet kəndi" qəzetində həmin o qala divarının dibindən tanıdığım, salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı.

Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi tanıyır... böyük bir qəzetin şöbə müdiridi... öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindən baxdığım "Azərbaycan" nəşriyyatının əksər işçiləri, özü təkcə jurnalistlər yox, eləcə çap sexində çalışanlar da onu tanıyırdılar. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana burada çalışan yaşlı kassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü-özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən öndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:

- Hamısı mənlikdi! - deyirdi.

Dördüncü an. Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkədə mitinq havası hökm sürür... meydan aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, isə etməyə çalışır. İndi mən  hərbi müxbir kimi QarabağdayamOrdudan təxris olunandan sonra yaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:

- Səni orduya mən göndərməmişəm ki, indi  gəlib  məndən   istəyirsən...

, bu da beşinci an...

...Ölkə müstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü gözlərimin qarşısında yandırılıb...

Artıq üçüncü dəfə qaçqınlığın olduğunu yaşamağa başlayanda üz tutdum "Azərbaycan" nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə həminki mehribanlığı ilə görüşdü. İlk kəlməsindən "vəziyyətdən xəbərdaram!" deyib qolumdan tutdu:

- Birlikdə işləyərik!

Elə bil içimdə ümid qığılcımı alışdı... İnanın ki, o ana qədər, o qarşılaşmaya qədər belə bir təklif, belə bir münasibət gözləməmişdim, heç ağlımdan da keçirməmişdim. İndiki məşhurların sözü olmasın, sanki şoka düşmüşdüm. Qolumun sıxıldığını hiss edəndə özümə gəldim onun dediyinin qədər həqiqət olduğunu dəqiqləşdirmək üçün gözlərinin içinə baxdım. Axı zamanının ən populyar bir qəzetinin redaktorunun ilk qarşılaşmada, dərdin içində girinc olduğun bir vaxtda təqdimatsız, tapşırıqsız, hətta "şirinliksiz" səni öz kollektivinə dəvət etməsi mənim üçün möcüzə sayılacaq bir gerçəklik idi. Sığındıqları uşaq bağçasında məni gözləyən ailəm üçün bundan böyük hədiyyə, bundan şad xəbər ola bilməzdi. Bunları mənə, ailəmə o verdi.

Altıncı an. Bir yerdə işləyirik. Bölgə müxbiriyəm. Qarabağdan, müharibədən, qaçqınlardan, bir sözlə, özümdən yazıram, öz həyatımdan yazıram.

İndi mən onu təkcə redaktor, jurnalist kimi yox, həm qayğıkeş dost, böyük qardaş kimi tanımağa başladım. Çünki etdiyimiz söhbətdə o, hər dəfə mənim necə yaşadığımı, necə dolandığımı  böyük bir qayğı ilə izləyir, "Çətinliyin olanda çəkinmə, de, özüm  sənə kömək edəcəm", - deyirdi.

Yeddinci an. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektivin içərisindəyəm... İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyüş bölgəsinə, eləcə müxtəlif rayonlara səfərlər edirik... yol-yoldaşlığımız zamanı onu daha yaxından tanıyıram. Mənim üçün sirli olan, maraqlı olan neçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisində qaldığım vaxtlar da olur. Çünki o, dəvət olunduğu məclislərin hamısında öncə məni təqdim edir, mənim yazı-pozumdan danışır.

Səkkizinci an. Mən ömrümün 43 anının hər birini yazmaq istəyirəm. Çünki onların hər biri mənim üçün əzizdi, maraqlıdı həm onların hər birinin içərisində təkrar yaşamaq istədiyim istəmədiyim məqamlar var. Amma etiraf edim ki, yaddaşıma yazılmış, ömrümə hopmuş bu anlar məni şərəfləndirir. O anların sayəsində mən kifayət qədər cəmiyyətdə görünmək imkanını haqq etmişəm. Onun millət vəkili seçilməsi... seçki prosesinin özü, bu proseslər zamanı baş verən hadisələr... ömrümün həmin o anlarındandı. mən bu anlar üçün öncə Allahıma, sonra da ona minnətdaram. Elə bu yazını da həmin o minnətdarlığın kiçik bir ifadəsi kimi yazıram. Yazıram ki, o, özünün 70 yaşında mənə ayırdığı 43 an üçün təəssüflənməsin... bugünkü yubilyarımız bilsin ki, həmin səmimiyyətlə, həmin inamla qarşıda məni gözləyən anların yolundayam.

Bəli, oxucu fikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. Çünki bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanı bildirmişəm ki, Allah ömür versə, təqaüdə çıxa bilsəm, onun barəsində ürəyimdə, yaddaşımda olanların hamısını "Xatirələrim" adı altında yazacam. Həmin "Xatirələr"imdə onun bütün yaradıcılığından, yəni gözümün önündə dünyaya gələn kitablarından, xüsusilə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" "Dolu"dan, etdiyi savablardan, şahidi olduğum maraqlı məqamlardan söz açacam...

Əbülfət MƏDƏTOĞLU.