Firad Əliyev: Yarandığı gündən indiyədək Soyqırımı Memorial Muzeyini 30 mindən artıq şəxs ziyarət edib
Digər xəbərlər

Firad Əliyev: Yarandığı gündən indiyədək Soyqırımı Memorial Muzeyini 30 mindən artıq şəxs ziyarət edib

Soyqırımı Memorial Muzeyi sülh və insanlıq əleyhinə cinayətlərlə bağlı zəngin tarixi sənədləri, dəlillər və istintaq materiallarını özündə cəmləyib

Xalqımıza qarşı tarix boyu törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər - deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı soyqırımı, həmçinin terrorlar, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara səhih və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Soyqırımı Memorial Muzeyi yaradılıb.

Bu barədə AZƏRTAC-a Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev muzey haqqında məlumat verərkən deyib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar agentliyin müxbiri ilə həmsöhbət olan və muzeyin yaranma tarixindən danışan F.Əliyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanından və Prezident İlham Əliyevin 2012-ci il 17 yanvar tarixli "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev həmin muzeyin yaradılması ilə əlaqədar aidiyyəti üzrə məsələ qaldırıb. Baş Prokurorluq üzrə verilmiş 2013-cü il 19 iyun tarixli müvafiq əmrə əsasən Hərbi prokurorun Sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Memorial Soyqırım Muzeyi ərsəyə gətirilib. Muzey XX əsrin əvvəllərindən bəri erməni silahlı dəstələrinin torpaqlarımızda həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib.

Muzeydə saxlanılan, tarixi həqiqətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verən hərbi prokurorun böyük köməkçisi qeyd edib ki, muzeyin açılışı 2014-cü il fevralın 24-də olub. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirib. Tarix, deportasiya-repressiya, soyqırımı və terror adlı dörd bölmədən ibarət olmaqla, 320 kvadratmetr sahəni əhatə edir. Muzey ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünyada tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Girişdə asılmış rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirməklə yanaşı, soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirir. "Xocalı fəryadı" adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi ilə 100 mindən çox insanın Xətai rayonunda ucaldılmış "Ana fəryadı" abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib.

Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntülər, əhalinin həyat tərzi haqqında fotolar vardır. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində törətdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumat var. Bu guşələrdə qəzaların əhalisi, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi" kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasının fotoşəkilləri sərgilənir.

Baş ədliyyə müşaviri söyləyib ki, muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunun maket və fotoları, habelə digər eksponatlar yerləşdirilib. Həmin bölmələrdə 1992-ci il fevralın 26-da Xocalını və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub. Hərbi Prokurorluğun apardığı ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə əksini tapıb.

Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrimizdə törədilən cinayətlərin izlərini özündə əks etdirən əşyalar yer alıb. Eləcə də muzeyin eksponatları arasında bütünlüklə qətlə yetirilmiş ailələrin fotoşəkilləri və əşyaları da mövcuddur. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri deyib ki, muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir: "Tariximizi obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və əcnəbiləri məlumatlandırmaq önəmlidir. Odur ki, muzeyi həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar ziyarət edirlər. Bu da vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin dərindən aşılanmasında və onlarda milli ruhun yüksəldilməsində, eləcə də əcnəbilər vasitəsilə tarixi reallıqların dünyaya yayılmasında böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Xüsusən də yaxın keçmişdə, Vətən müharibəsi zamanı Azərbaycanın haqq mübarizəsindəki şanlı Qələbəsi, Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin yazdığı şərəfli tarix, xalqımızın nümayiş etdirdiyi əzmkarlıq haqqında beynəlxalq ictimaiyyəti maarifləndirmək bütün həmvətənlərimizin vəzifəsidir.

Qeyd olunmalıdır ki, yarandığı gündən indiyədək muzeyi 30 min nəfərdən çox, təkcə ötən il isə 3500 nəfərə yaxın şəxs ziyarət edib. Ziyarətçilərə Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərəfindən muzey haqqında məlumat verilir. Muzeyə ziyarət etmək ödənişsizdir. Odur ki, tariximiz haqqında obyektiv məlumatları özündə əks etdirən məkanı ziyarət etməyi hər kəsə tövsiyə edirəm".