Forpostun xəyanəti
Siyasət

Forpostun xəyanəti

Azərbaycan Qarabağda sülh və təhlükəsizliyi qorumaq üçün səylə çalışır. Ermənistan isə təxribatçı mövqeyindən əl çəkmir. Sərhəddə sabitliyi pozmağa davam edən separatçıların provakasiyaları səngimir. Ermənilər hər zaman özlərinə bir dayaq, himayədar axtarıblar. Rusiyanın forpostu - güvənc yeri, artıq üzünü Qərbə çevirmək istəyir. Belə ki, sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ-la "Eagle Partner 2023" birgə hərbi təlimlərin keçirilməsi açıq provokasiyadır və regionda gərginliyin artmasına təsir edir.

Siyasi cəhətdən separatçılar özləri də hansı tərəfə yönələcəklərini bilmirlər. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın liderlik etdiyi müxalifətin təmsilçisi, "Ermənistan" parlament fraksiyasının deputatı Artur Xaçatryan Rusiya ilə münasibətlərin korlanmasının ölkə üçün riskli addım olduğunu bildirib: "Hökumət bu faktı gizlətməyə çalışsa da, hər şeyin qaydasında olduğunu göstərsə də, Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir". Bu, ermənilər üçün yeni hal deyil, hayların dəstəklədiyi siyasi-ideologiyanın özü riyakarlıq, müttəfiqə xəyanət, qonşu torpaqlara iddia, təxribat və sair kimi əməllərdən ibarətdir. 

Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyin mənasız olduğunu bildirən Ermənistanın hakim "Mülki Müqavilə" parlament fraksiyasından olan deputat Qaqik Melkonyan isə deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı məhvə sürükləmək istəyir: "Onun proqramında ermənilər üçün faydalı nə görmüsünüz? Rusiya həmişə bizim yerimizə düşünüb, qərar verib, hara getməyi, kimlə dostluq etməyi deyib". KTMT təlimlərinə qoşulmaqdan imtina edib, ABŞ ilə birgə təlimlər keçirən  Ermənistanın bu mövqeyi suallar yaradır. Erməni xalqının gələcək perspektivləri təhlükə altındadır, onlar verilən yalançı vədlərə inanaraq öz istiqamətlərini itiriblər.

Rusiya Ermənistan-ABŞ hərbi təlimlərinə  sərt reaksiya verib: "Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq", - deyə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov vurğulayıb. Onun "Rusiya Ermənistanı tərk edə bilməz və Paşinyan Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamalıdır. Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər" fikirləri də rəsmi İrəvana açıq təhdiddir.

Görünür, Ermənistan fəal şəkildə anti-Rusiya kampaniyasına start verib. Hökumət xarici himayədarlarından aldığı tapşırıqları həyata keçirir. Separatçılar böhtanlarına dəstəkçi tapmağa çalışsalar da Azərbaycan tərəfinin mövqeyi bəllidir. Ölkəmiz öz torpağını, vətəndaşlarını və tərkibindəki azsaylı xalqların hüquqlarını qorumaq üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçirir. Bu baxımdan, Ermənistan digər xalqların daxili işlərinə müdaxilədən uzaq durmalı, milli azlıqların nümayəndələrinin inteqrasiyasına dəstək olmalı və separatizmi qızışdırmaqdan çəkinməlidir. Lakin Ermənistanın siyasi və hərbi təxribatları davam edir, Laçın yolunda qeyri-qanuni fəaliyyəti, mina və hərbi texnikanın Azərbaycan ərazisinə keçirilməsinə çalışması buna sübutdur. Bu kimi təxribatçı addımların qarşısının alınması üçün Ağdam-Xankəndi yolunun istifadə edilməsi zəruridir. Lakin separatçılar sülhə dəstək yerinə münaqişə yaratmağa davam edirlər. Qərb qapısında yatan Ermənistan anlamalıdır ki, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğu buradakı vəziyyəti daha da çətinləşdirməkdən başqa bir şey deyil. Davamlı sülhə və regionda sabitliyə nail olmaq üçün ən əlverişli yol danışıqlardır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".