Fransa-Ermənistan cütlüyü yeni imitasiyalar yaradır
Siyasət

Fransa-Ermənistan cütlüyü yeni imitasiyalar yaradır

Yelisey sarayı Afrika qitəsində aldığı məğlubiyyətdən sonra öz nüfuz dairəsini genişləndirməyin yollarını axtarır. Belə "biabırçı" bir vəziyyətdə Makron rejimi ölkədaxili və xarici siyasəti ilə qınaq obyektinə çevrilib. Bu səbəbdən də Cənubi Qafqaza meyillər getdikcə artır.

Hayastanın sülhdən yayınma cədlərinin fonunda kollektiv Qərb regionda barışığın əldə olunmasına əngəl törədir. Azərbaycanın konstruktiv yanaşmasına qarşılıq olaraq Fransa ilə siyasi-hərbi müstəvidə əməkdaşlığı genişləndirən rəsmi İrəvan isə bu yolla revanşizm siyasətini gerçəkləşdirməyi düşünür. 21 fevral 2024-cü il tarixində Fransa prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və hayları birtərəfli qaydada müdafiə etdiyi göz qabağındadır. Baş nazir Nikol Paşinyanın Fransanın "France 24" telekanalına verdiyi müsahibədə ölkəmizə qarşı yenidən səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.

Göründüyü kimi, Fransa-Ermənistan cütlüyü anti-Azərbaycan siyasətinin beynəlxalq və regional müstəvidə yayılmasına cəhd edirlər. Saxta ictimai rəy formalaşdırmaq səyləri ölkəmizin haqq işinə kölgə salmaq məqsədi daşıyır. Hər nə qədər qlobal məkanda Nikol Paşinyanın sülh çağırışlarına "müsbət" yanaşmasının şahidi olsaq da, bu sözügedən imitasiyanın bir parçasıdır. Elə fransız kanalına açıqlamasında baş nazirin özünü ifşa etməsi bütün suallara aydınlıq gətirir.

Makron Münxendəki irəliləyişdən çox narahat olub, bir müddət müttəfiqlik etdiyi Şoltsun indi sülh prosesi istiqamətində təşəbbüs göstərməsini qısqanclıqla qarşılayıb. Rəsmi İrəvanın Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə görüşünə istehza ilə yanaşması Paşinyanın çıxışında öz təsdiqini tapır. Bununla yanaşı, Almaniya Kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra bu qəbildən yanaşma sərgilənməsi ilə yanaşı, Fransa telekanalından sülh və sabitliyə əngəl fikirlərin səslənməsi Yelisey sarayının Cənubi Qafqaz planında haylarla müttəfiqliyini bir daha sübut edir.

Hayların növbəti təxribat cəhdi isə həmişəki kimi, Azərbaycana şər atmaqla bağlıdır. Belə ki, guya Nikol Paşinyanın dövlətimizin hərbi müstəvidə gələcək hücumlarından narahatlığı var və bu çərçivədə ciddi hazırlıq işləri görülür. Əslində, baş nazir bu tip açıqlamalarla Ermənistanın hərbiləşmə siyasətini ört-basdır etməyə çalışır. Anti-Azərbaycan blokunun iştirakçıları olan dövlətlərlə - Hindistan, ABŞ və Fransa kimi regionda gərginliyin daim yüksək templərdə qalması üçün çalışan qüvvələrlə milyon dollarlıq hərbi müqavilələrin imzalanması məhz "özünümüdafiə" kimi cılız, yalan çətirlər altında reallaşdırılır. Məhz son olaraq, Parisdə baş tutan Fransa və Ermənistan liderlərinin mətbuat konfransı zamanı Nikol Paşinyanın ölkəsinin müdafiə qabiliyyətini möhkəmləndirməsi məsələsini gündəmə gətirməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, Ermənistan bu yolla guya regiona "balans" gətirəcək. Sual olunur: Kütləvi hərbiləşmə prosesinə paralel sülh müqaviləsinin imzalanması hansı formada mümkün ola bilər? Üstəlik Makronun da bu çərçivədə Paşinyana təkan verən açıqlamaları prosesin daha da genişlənəcəyinə işarədir. Hətta o qeyd edib ki, Fransa müdafiə ləvazimatlarının çatdırılmasına artıq razılıq verib. Üstəlik, Ermənistanın konstitusiyasında və digər qanunverici aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer alması rəsmi İrəvanın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərir.

Yelisey sarayı Avropanın bölgədəki "fəallığı"na təkan verir. Bu çərçivədə Avropa İttifaqının Ermənistandakı missiyasının maddi-texniki imkanlarının və missiyaçıların sayının artırılması da regionda qarışıqlıq yaratmaq üçündür. Bununla yanaşı, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkməsi və sərhəddəki vəziyyətlə tanış olması hayları daha da "ruhlandırır". Ermənistan məhz bu tip şirniklənmələrə arxayın olaraq sərhəd bölgələrdə təxribatları artırır. Fevral ayınadək Azərbaycan-Ermənistan şərti sərhədində davam edən nisbi sakitliyin pozulması məhz buna işarədir. Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılması, sərhədçimizin snayper atəşi ilə yaralanması faktı deyilənlərə əyani misaldır.

Qeyd edildiyi kimi, şər və böhtan kampaniyası Fransanın əli ilə getdikcə öz əhatəsini genişləndirir. 30 ilə yaxın beynəlxalq hüququn bütün norma və prinsiplərini qəti şəkildə pozan haylar bu gün Azərbaycanı "etnik təmizləmə", "soyqırımı" kimi çirkin iddialarla ləkələməyə çalışırlar. Halbuki, regiona yad qüvvələrin müdaxiləsi üçün əlindən gələni edən Hayastan kollektiv Qərbin saxta vədlərinə inanaraq "revanş"ın mümkün olacağına inanır. Anti-Azərbaycan bloku üçün artıq sülh yolu getdikcə bağlanır. İkitərəfli qaydada aparılan danışıqların konstruktivliyindən uzaq olaraq Paşinyanın Fransa səfərinin sülhə xidmət etmədiyi bütün aspektlərdən görünən gerçəklikdir.

Nurlan ABDALOV,

"Respublika".