Milli-suveren maraqlar uğrunda mübarizə diplomatik müstəvidə də davam edir
Siyasət

Milli-suveren maraqlar uğrunda mübarizə diplomatik müstəvidə də davam edir

Sülh və əmin-amanlıq yaratmağa çalışan Azərbaycan dünyada humanist dövlət kimi tanınır

"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən çıxışında bildirib.

Bəli, ötən 20 ildə Azərbaycan öz layiqli liderinin rəhbərliyi ilə tarixi bir yol keçib. Bu yol ağır, çətin, keşməkeşli olub. Bu yol bizi böyük, möhtəşəm qələbəyə doğru aparıb addım-addım. O illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünəlayiq yer tutdu, ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha böyük coğrafiyada böyük məna daşımağa başladı. Azərbaycan bir çox önəmli layihələrin müəllifi oldu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, iqtisadiyyatımız gücləndi, güclü ordu formalaşdı. Bu ordu Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, ötən ay cəmi 23 saat davam edən antiterror tədbirlərində gücümüzü dünyaya bir daha göstərdi. Düşmən bu dəfə də ağ bayraq qaldıraraq təslim oldu. Bu illərdə Azərbaycan humanizm prinsiplərinə sadiq qaldı...

Tarixi Zəfərimizdən sonra məğlub ölkəyə sülh təklif edən Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli görüşlər keçirildi. Bu görüşlər Azərbaycan-Ermənistan arasında gərginliyin aradan qaldırılması, postmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edirdi. Belə ki, Ermənistanla mövcud problemin tezliklə sülh yolu ilə aradan qaldırılması və yekun sülh sazişinin imzalanmasında Avropa İttifaqı da maraqlı idi. Təəssüf ki, indiyədək keçirilən müxtəlif formatlı görüşlər bir fayda vermədi. Azərbaycanın 5 prinsipdən ibarət sülh təklifinə Ermənistan məhəl qoymadı.

Bölgədə sülh və əmin-amanlıq yaratmağa çalışan Azərbaycan humanist addımlar atmaqdadır. Hələ 2021-ci ildə Azərbaycan tərəfi İkinci Qarabağ müharibəsindən sonra Bakıda həbsdə saxlanılan beş ermənini Ermənistana təhvil vermiş, Ermənistan ölkəyə qaytarılmış hərbçilərin "əsir" olduğunu iddia etsə də, Azərbaycan ölkəmizdə hər hansı əsirin olmadığını, sözügedən ermənilərin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıldığını, məhkəmədə mühakimə edildiyini demişdi. Həmin ilin sentyabrında daha 5 nəfər Ermənistan hərbçisi həbsdən azad edilərək qarşı tərəfə təhvil verilib. Azərbaycan tərəfinin atdığı bu addım ABŞ Dövlət Departamenti və eyni zamanda Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilib. Ancaq Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi barədə heç bir məlumat vermir. Halbuki, iki ölkə arasında sülh müqaviləsi imzalansa da, imzalanmasa da bu 4 min insanın taleyinə aydınlıq gətirilməli, humanizmdən çox-çox uzaq olan Ermənistan hüquqi müstəvidə məsuliyyət daşımalıdır.

Bütövlükdə 2021-ci ildə 20-dən çox erməni hərbi diversant məhz eyni məntiqlə Ermənistan dövlətinə təhvil verilib. Azərbaycan həmin erməni diversantlarını da Ermənistana humanizm prinsiplərinə əsasən qaytarıb.

Vətən müharibəsi üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı və tərəflər üzərlərinə öhdəliklər götürdülər. Ermənistan elə ilk gündən bu öhdəlikləri pozmağa başladı. Belə ki, Bəyanata əsasən bölgəyə nəzarət etmək üçün rus sülhməramlılarının gəlişi ilə paralel olaraq Ermənistan Qarabağdakı silahlı qüvvələrini geri çəkməli olduğu halda, bunu yerinə yetirmədi. Əksinə, onlar tez-tez terror hadisələri törədir, sabitliyi pozur, sülh danışıqlarını ləngidirdilər. Azərbaycan tərəfi müxtəlif mötəbər tədbirlərdə Ermənistanı öz silahlı birləşmələrini Azərbaycan ərazilərindən çəkməsinə çağırış etsə də, işğalçı ölkə həmişə olduğu kimi, bu məsələdə də pozucu mövqedə dayanırdı. Havadarlarının köməyilə Qarabağın təbii sərvətlərini talayır, bölgədə qeyri-qanuni şəkildə xarici ölkələrin iştirakı ilə birgə müəssisələr yaradır, ekologiyaya ciddi ziyan vururdu. Bu il aprelin 23-də Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ermənilərin qeyri-qanuni fəaliyyətlərinə son qoydu. Ermənistan bu məsələdən də öz xeyrinə istifadə etməyə çalışdı, Azərbaycana təzyiq göstərilməsi üçün min cür oyundan çıxdılar. "Humanitar blokada", "tır şousu" və s. bir-birini əvəz etdi. Məqsəd nəzarət-buraxılış məntəqəsini bağlatmaqdan ibarət idi. Ermənilər üzlərinə xoş baxan bütün təşkilatlara şikayət etdilər, yardım istədilər. Bir nəticə hasil olmadı, çünki Azərbaycan öz torpağında, öz sərhədləri daxilində hərəkət edirdi. Bunu bütün dünya yaxşı bilirdi. Elə bu səbəbdən də, istər Ermənistanın, ardınca Fransanın Qarabağa göndərmək istədikləri "humanitar yardım" karvanları aylarla sərhəddə saxlanıldı. Qarşılığında Azərbaycan dövləti öz vətəndaşları hesab etdiyi Qarabağın erməni əsilli sakinlərinə humanitar yardım göstərməyə başladı. Doğrudur, bölgədəki separatçılar buna da əngəl törətməyə çalışdılar. 

Sentyabrın 18-də 5 vətəndaşımızın mina terroru nəticəsində həlak olması Azərbaycanın səbrini daşırdı. Ali Baş Komandanın rəhbərliyilə başlayan antiterror tədbiri cəmi 23 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Suverenliyimiz tam təmin edildi, bölgədəki ermənilər onlara Azərbaycanın tərkibində rahat, təhlükəsiz şəraitdə yaşamaq təklifini də dəyərləndirmədilər, könüllü şəkildə Qarabağı tərk etməyə başladılar. Onlara zor tətbiq edilmədi, qovulmadılar. Hərgah dünyaya bu sərsəm, yalan fikirləri də sırımağa çalışdılar; "Ay aman, qoymayın, erməniləri zorla qovurlar", - deyib vay-şivən qopardılar. Yenə də Avropa İttifaqı, Avropa Parlamenti birtərəfli yanaşma nümayiş etdirdi. Azərbaycan guya ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməkdə ittiham olundu. Qarabağı tərk etmək istəyən ermənilərin təhlükəsiz şəkildə Ermənistan ərazisinə keçməsini təmin edən Azərbaycan yenə də humanizm göstərdi. Birləşmiş Millətlər Təşkilatının missiyasının bölgəyə səfərini təşkil etdi. Missiyanın nümayəndələri monitorinqdən sonra yekdil qərara gəldilər: bölgədə sakitlikdir, buranı tərk edənlər üçün heç bir maneə yoxdur, təzyiq göstərilmir. Antiterror tədbirində mülki insanlara xətər yetirilməyib, infrastruktura zərər dəyməyib.

Bir sözlə, çağdaş dünyamızın belə böhranlı vəziyyətində müxtəlif hərbi-siyasi güc mərkəzləri arasında var-gəl edən və onlardan yardım dilənən Ermənistandan fərqli olaraq Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfərin üstünlüyü ilə diplomatik müstəvidə də regional güc balansını əsas tutaraq öz milli-suveren maraqları uğrunda mübarizə aparır. Bunun fonunda həm də dünyada humanist bir dövlət kimi tanınır...

Zümrüd QURBANQIZI,

"Respublika".