Fransa Ermənistanı müharibəyə təhrik edir
Siyasət

Fransa Ermənistanı müharibəyə təhrik edir

Fransa silah ixracatı və müdafiə sənayesinə görə dünyada ikinci yeri tutur. Bu əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlıdır. Silah satışında 47 faiz artımla rəsmi Paris Rusiyanı geridə qoyub. Hindistan dünyanın aparıcı silah alıcısı, Fransa isə onun ikinci tədarükçüsüdür. Hindistandan sonra Fransanın digər ənənəvi silah alıcısı Qətərdir.

Azərbaycan daim Fransa ilə münasibətlərə xüsusi önəm verib, Parisə dost əli uzadıb. Amma qarşılığında Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşıb. 44 gün davam edən, qələbə ilə bitən İkinci Qarabağ müharibəsi başa çatsa da, Fransanın qərəzli mövqeyi dəyişmir. Ən çox da Vətən  müharibəsindən sonra Fransa gerçək simasını göstərdi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək verməyə başladı. Rəsmi Paris terroru, separatizmi, işğalçılığı dövlət siyasətinin əsası kimi götürən Ermənistanı dəstəkləyirlər. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti, eləcə də prezident Makron ermənilərin etimadını qazanmaq üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Bir sözlə, Fransanın Azərbaycana olan münasibəti tamamilə qərəz və açıq düşmənçilik üzərində qurulub.

Ötən il Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq imzalanıb və Fransa istehsalı olan Bastion çoxfunksiyalı zirehli avtomobillər Ermənistana çatdırılıb. Fransa Rusiya və ABŞ-dan sonra dünyada ən çox erməni yaşayan üçüncü ölkədir. Avropa İttifaqında (Aİ) ən böyük erməni icması Fransadadır. Bundan ruhlanan Fransanın Qarabağ məsələsində erməniləri “qurban” hesab edir, Azərbaycanı isə törətmədiyi əmələ görə günahlandırır. Fransa bununla kifayətlənmir və illərdir Ermənistan ordusuna hər cür silah, maşın və texnika göndərir. Hər sahədə Ermənistanın yanında olduğunu bildirən Fransa rəhbərliyi bu ölkənin qurudakı müdafiə qüvvələrinə təlim keçəcəyini, ordunun islahat və modernləşdirmə səylərini dəstəkləyəcəyini də bildirib. Fransanın Ermənistanı silahlandırması Paris və Bakı arasında münasibətlərə mənfi təsir göstərsə də, bütün bunlar Azərbaycanı narahat etmir.

Sülh adı altında Ermənistanı silahlandıran rəsmi Paris Azərbaycana qarşı düşmənçiliyini açıq göstərir. Bu cür hərəkətlər müharibəyə təhrikdən başqa bir şey deyil. Qədim zamandan bəri müstəmləkəçilik siyasəti yürüdən Fransa ermənilərdən daha çox erməni kimi davranır. Bu ölkə qəddar siyasətinə görə də ad çıxarıb. Təkcə Əlcəzairdə Fransa hərbçiləri 1,5 milyon insanı qətlə yetiriblər. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlarına yol verən ikinci dövlət olmayıb. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqla barışmayan bu ölkənin əməkdaşlıq və iqtisadi layihələr əvəzinə, bölgəni silahlandırmaq istəməsi onun gələcək məkrli niyyətlərindən xəbər verir. 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir həllə nail ola bilməyən Fransa bu davranışları ilə də regionda yenidən müharibənin başlamasına zəmin yaradır.

Röya RÜSTƏMLİ,

“Respublika”.