Qlobal diplomatiya və regional dinamikanın yeni körpüsü
Siyasət

Qlobal diplomatiya və regional dinamikanın yeni körpüsü

Dünyada gedən proseslərə müsbət mənada istiqamət verən ən böyük dövlətlərdən biri, şübhəsiz ki, qardaş Türkiyədir. Aktor rola malik ölkə yeni dünya nizamının formalaşmasında da yaxından iştirak edir. Müvafiq olaraq, son dövrlərə nəzər salsaq, Türkiyə Cümhuriyyətində qlobal miqyaslı problemlərin həlli istiqamətində saysız-hesabsız tədbirlərin keçirildiyinin şahidi olarıq. Bunlardan biri də ilk dəfə 2021-ci ildə Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumudur (ADF).

Forumun əsas məqsədi yaşadığımız təlatümlü dövrdə ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanmalar kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdan ibarətdir. Ardıcıl olaraq 2021 və 2022-ci illərdə baş tutan I və II Antalya Diplomatiya Forumunun 2023-cü ilin martında keçirilməsi nəzərdə tutulan III sessiyası fevralın 6-da Kahramanmaraş şəhərində olan güclü zəlzələ səbəbindən təxirə salınmışdı. Ötən gün öz işinə başlayan, dünyanın 110 ölkəsindən təxminən 4600 nümayəndənin qatıldığı III Antalya Diplomatiya Forumunda ölkəmiz də aktiv iştirak edir. Forumda qlobal böhranlar, enerji təhlükəsizliyi, terrorla mübarizə, o cümlədən "Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT", "Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə", "Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları", "Qida təhlükəsizliyi: Artan çağırış", "Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu", "Avropa İttifaqının qlobal dəyişmələri formalaşdırmaq qabiliyyəti", "İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq", "Sülh və inkişafın təşviqində parlamentarilərin rolu", "Artan irqçilik, ksenofobiya və islamofobiya" mövzuları ətrafında fikir mübadilələri aparılır.

"Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları" mövzusunda keçirilən paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. Media nümayəndələrinə açıqlamasında deyib: "Prezident İlham Əliyev seçkilərdən sonra keçirilən inauqurasiya mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətinin, dünyaya baxışının yeni istiqamət və prioritetlərini müəyyənləşdirdi. Azərbaycan COP29 kimi mötəbər tədbiri regionumuza gətirib. Cənubi Qafqaz regionunda sülhün, əməkdaşlığın daha da inkişafı istiqamətində Azərbaycanın baxışları forum çərçivəsində həmkarlarımıza və bütün auditoriyaya çatdırılacaq".

Prezidentin köməkçisinin fikirlərində millətlərin qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və aktual qlobal çağırışları müzakirə etmək vurğulanıb. III Antalya Diplomatik Forumu müxtəlif dövlətlərdən, o cümlədən Azərbaycandan təmsilçiləri cəlb etməklə diplomatik diskurs üçün platforma rolunu oynayır. Forumun gündəliyində Cənubi Qafqaz, Türk Dövlətləri Təşkilatı və daha geniş türk dünyası ilə bağlı müzakirələr dayanır. Bu tədbir geosiyasi dinamikanı və regional əməkdaşlıq imkanlarını artırmaq, kollektiv gələcəyə baxışları ifadə etməyə xidmət edir. Azərbaycan özünün strateji mövqeyi və inkişaf edən xarici siyasət prioritetləri ilə bu müzakirələrin formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin andiçmə mərasimində Azərbaycanın xarici siyasət istiqamətlərini və prioritetlərini müəyyən etməsi ölkəmizin qlobal məsələlərdə fəal mövqeyini göstərir. Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə regiona əməkdaşlığın və davamlı inkişafın gətirilməsində mühüm rol oynayır. Antalya Diplomatik Forumu çərçivəsində də Azərbaycan öz nüfuzunu artırmaq və Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın təşviqi ilə bağlı öz mövqeyini çatdırır.

 Forum ikitərəfli və çoxtərəfli tərəfdaşlığın təşviqi, dialoqun asanlaşdırılması və qarşılıqlı maraq doğuran məsələlər üzrə konsensusun əldə edilməsi üçün platformadır. Azərbaycanın Antalya Diplomatik Forumunda iştirakının əhəmiyyəti sadəcə təmsilçilikdən kənara çıxır. Ölkəmiz həm də özünün regional və qlobal diskursun formalaşmasında fəal iştirakını təmin edir. Azərbaycan öz təcrübəsini və istəklərini bölüşməklə Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh, sabitlik və firavanlığa doğru yol açmaq üçün kollektiv səylərə töhfə verir. Həm də beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirakı ölkəmizin mürəkkəb geosiyasi problemlərin həllində konstruktiv fəaliyyətə, dialoqa və əməkdaşlığa sadiqliyinin göstəricisidir.

Tacir SADIQOV,

"Respublika".