Fransa hər bir xəbis cəhdində Azərbaycandan tarixi zərbə alır
Siyasət

Fransa hər bir xəbis cəhdində Azərbaycandan tarixi zərbə alır

Fransa Cənubi Qafqazda öz çirkin maraqlarını nə qədər işə salmağa cəhd etsə də, Azərbaycanın adekvat tədbirləri, nəticəyönümlü xarici siyasəti sayəsində bu plan hər dəfə suya düşüb. Afrikadakı məğlubiyyətini Qafqazda kompensasiya etməyə çalışan Fransa məqsədinə çatmaq üçün hər zaman forpost rolu oynayan Ermənistandan istifadə etməyə çalışır. Xüsusilə Parisin siyasi klounlarının Qarabağ ətrafında qurduğu oyunlar 19-20 sentyabrda tam olaraq Azərbaycanın qələbəsilə başa çatdı. Bununla da Fransa başda olmaqla bütün dünyaya sübut olundu ki, Cənubi Qafqazın açarı Ermənistanda yox, elə Azərbaycandadır. Əgər hər hansı bir ölkə regiona dair planlar cızırsa, bu, ilk növbədə, məğlub ölkə ilə deyil, qalib dövlətlə razılaşdırılmalıdır. Əks halda, İrəvanın "müttəfiqləri" bölgədə gedən prosesləri elə kənardan izləməli olacaqlar.

"Böyük şahmat taxtasında" Prezident İlham Əliyev tərəfindən mat olan Makron administrasiyası hələ də cılız üsullarla, özlərinə yaraşan tərzdə yenidən mübarizə meydanına qayıtmaq istəyib. Lakin Azərbaycan xüsusi xidmət orqanlarının sayıqlığı onların bu fəaliyyətini də iflasa uğradıb. Belə ki, bu günlərdə Qərb mətbuatında yayılmış məlumatlara əsasən Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransanın xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ölkəmizdə ifşa olunub. Mənbələrdən əldə edilmiş informasiyaya əsasən aparılan araşdırmalar bir-biri ilə əlaqəli şəbəkələri aşkarlamağa imkan verən maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyəti həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Belə olan təqdirdə, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaq.

Digər bir məsələ, Fransa dövlətinin Bakıdakı səfirliyinin də bu işlərə bulaşmasıdır. Diplomat maskası altında dələduzluqla məşğul olanların da əməlləri artıq üzə çıxıb. Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Son baş verən hadisələrdən də görünür ki, Fransa hələ də Cənubi Qafqazdakı məğlubiyyətini həzm edə bilmir və alternativ yolların axtarışına çıxıb. 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində anti-Azərbaycan təbliğatını pik həddə çatdıran Paris rəsmiləri vəziyyəti o yerə gətirmişdilər ki, bütün beynəlxalq-hüquqi sənədləri ayaqlar altına atmışdılar. Hətta Azərbaycan suverenliyinə qarşı Ermənistandan daha çox canfəşanlıq edib, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırdılar. Həmin günlər Fransa Senatının hökumətə ünvanladığı müraciətdə Qarabağı müstəqil dövlət kimi tanımağı təklif etməsi də onların başqa bir rəzilliyinin təzahürü idi.

Lakin məsələ təkcə bununla bitməmişdi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa vəzifəsindən istifadə edib bir neçə dəfə TŞ-nin toplantısını çağırmış və Azərbaycana qarşı qətnamələrin qəbul olunması cəhdini irəli sürmüşdü. Amma Azərbaycanın yaxın dostları və beynəlxalq hüquqa dəstək verənlər ermənidən daha çox erməni olmaq istəyənlərin arzusunu ürəyində qoymuşdu. Çıxışlarına "insan hüquqları" aspektindən yanaşan fransız diplomatların ikiüzlü olmasının tək sübutu Fransanın Ermənistana göndərdiyi silahlara qarşı çıxmamasıdır. Əgər doğrudan da Fransa regionda sülhə və təhlükəsizliyə, insanların qaçqın düşməsinə görə narahatdırsa, onda niyə zəif və gücsüz Ermənistanı sülhə deyil, müharibəyə təşviq edir. Amma görünən odur ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Makron administrasiyasının addımları Cənubi Qafqazda yeni müharibənin canlanmasına yönəlib. Bu isə başda Ermənistan olmaqla, regiona heç bir fayda gətirmir.

Musa BAĞIRLI,

"Respublika".