Fransa himayəsinə aldığı Ermənistanı xilas edə bilməyəcək
Siyasət

Fransa himayəsinə aldığı Ermənistanı xilas edə bilməyəcək

3 il bundan öncə torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyulsa da, bu müddət ərzində təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Ermənistan daim danışıqlar prosesini pozdu və hərbi təxribatlar törədərək çirkin əməllərini davam etdirdi. İşğaldan azad olunan ərazilərimizdə təxminən 10 min nəfərdən çox qanunsuz erməni silahlı qüvvələri hələ də qalırdı.

Çirkin əməllərindən əl çəkməyən düşmənə qarşı ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş torpaqlarımıza qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bütün bunlar ölkədə sülh və sabitliyin bərqərar edilməsi üçün mühüm rol oynayır. 24 saat ərzində rəşadətli ordumuz qarşısına qoyulan hədəflərə yüksək səviyyədə nail oldu, düşmən texnikaları məhv edildi, lokal antiterror tədbirləri uğurla başa çatdı.

Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bütün qanunsuz erməni hərbi birləşmələrinin təslim olması dünyadakı bütün ermənipərəstləri təşvişə saldı. Onlar dövlətimizin öz ərazilərində suverenliyini bərpa etməsini həzm edə bilmir. Xüsusilə, Fransanın bu barədə narahatlığı daha çox nəzərə çarpır. Fransa Prezidenti Emmanuel Makron yerli televiziyalara müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirərək "erməni sevgisi"ni bir daha dünyaya nümayiş etdirdi. Fransa davamlı şəkildə ermənipərəst mövqeyi ilə işğalçı Ermənistana hərtərəfli dəstək verərək, növbəti dəfə bölgəmizdəki mövcud vəziyyətlə bağlı yalan danışıb. Fransa Prezidentinin Ermənistanın qeyri-qanuni iddialarını dəstəkləmək üçün hər şeyə hazır olması, hətta yalan danışmağı özünə rəva bilməsi isə artıq təəccüb doğurmur. Çünki Fransa Azərbaycan əleyhinə mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir.

İndi isə Fransa regiona yerləşmək üçün variantlar axtarır. Ermənipərəst ölkənin Zəngəzurda konsulluq açacağını bildirməsi Ermənistanda, o cümlədən Cənubi Qafqazda mövqe mübarizəsidir. Bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna "Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Zəngəzur bölgəsində konsulluq mərkəzi açacağıq", - deyə bildirib.

Fransa tərəfi anlamalıdır ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyması, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlər legitim hüququmuzdur. Fransanın bölgədə qarışıqlıq yaratmaq istiqamətində olan səyləri heç bir nəticə verməyəcək. Ermənistanın qurtuluş yolu Azərbaycanla normal münasibətlərdən keçir. Nə Ermənistan, nə də Fransa Azərbaycana heç bir formada təzyiq göstərə bilməz. Hər kəs bu reallığı qəbul etməlidir ki, 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyuldu və bununla da Cənubi Qafqazda yeni reallıqlar yaranıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər".

Röya RÜSTƏMLİ,

"Respublika".