Sırada Yaxın Şərq var
Siyasət

Sırada Yaxın Şərq var

Əsrlər boyu müxtəlif qarşıdurmalarla gərgin vəziyyətin hökm sürdüyü Yaxın Şərqdə sular durulmaq bilmir. Qanlı hadisələrin yeni dövrü isə XX əsrdən bu yana hələ də davam edir. İkinci Dünya müharibəsindən sonra yaranan yeni reallıqlara əsasən bölgədə İsrail və Fələstin dövləti hadisələrin başlanğıc nöqtəsi hesab olunur. İllər keçdikcə artan çəkişmələrdən ən böyük xəsarəti alan isə dinc xalq olmuşdur.

Bütün ərəb dünyası və qərbin diqqət mərkəzində olan İsrail - HƏMAS qarşıdurması müxtəlif aspektlərdə müzakirə edilir. Bölgədə sabitliyin təmin edilməsi hələ də mümkün görünmür. Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli hücuma keçdiyini açıqladı. Qəzzadan İsrailə doğru atılan minlərlə raket hücumu tələfatlara səbəb oldu. Bununla yanaşı, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olaraq dinc əhalini qana boyadılar. Hadisələrin gedişatına uyğun militar mövqedən reaksiya verən İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqladı. Hərbi əməliyyatlar nəticəsində minlərlə fələstinli Qəzza zolağında həlak oldu. Qeyd edək ki, mövcud vəziyyətdə atəşkəs razılığı və ya əməliyyatların başa çatması barədə müsbət geridönüş yoxdur.

İsrail və Fələstin münaqişəsi etnik, dini, siyasi, ideoloji çalarlara malikdir. Qlobal güc dairələri məsələyə laqeyd yanaşaraq tələfatın sayını daha da artırırlar. Münaqişənin həlli istiqamətində sülhün əldə edilməsi vacib olsa da, bunu təmin etmək üçün missiyanı öz üzərlərinə götürməyən qərb dairələri hadisələri daha da, alovlandırırlar. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri İsraili dəstəklədiklərini bəyan etməklə tərəfsizlik prinsipini pozurlar. Liderlər İsraili qətiyyətlə dəstəkləyir, HƏMAS-ı isə qəti şəkildə qınayırlar.

Əfsuslar olsun ki, beynəlxalq oyunçular bölgədəki gərginliyin artması üçün əllərindən gələni edirlər. Sülh çağırışlarının pərdə arxasında baş verənlər regionu bataqlığa aparır. Belə ki, ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, Fransa isə tərəfləri sülhə çağırmaq əvəzinə HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Məzh sadalananları nəzərə alaraq deyə bilərik ki, 3-cü dünya müharibəsi təhlükəsi günü-gündən aktuallaşır və Qərbin münaqişəni qızışdırması bu təhlükəni daha real edir.

Fransa prezidentinin Afrikadan sonra Yaxın Şərqə də qan gətirmə istəyi regiondakı digər oyunçuları da qıcıqlandırır ki, bu da etirazlara səbəb olur. Makronun İsraildə olarkən Qəzzada güc yolunun tətbiqini genişləndirmək məqsədilə koalisiya yaradılması çağırışı ilə çıxışının ardınca Misirə səfər etməsi olduqca böyük narazılıqla qarşılandı. Hətta Fransa prezidentinə yumurta atıldı. Keçmişə nəzər salsaq görərik ki, bu ölkə demokratiya, özgürlük pərdəsi altında həmişə soyqırımı və etnik təmizləməyə üstünlük vermişdir. Məhz bu gün də Fransanın bölgəyə səlib yürüşü təşkil etməsi planları "koalisiya" adı altında pərdələnir, növbəti sülh vədi ilə regionu qana boyamaq istəyirlər. Fransa özünün koloniya yaratmaq siyasətini də gizlətmir. Məhz bütün bu iyrənc siyasətilə Makronun Misirdə hücuma məruz qalması, yumurta "yağışına" tutulması da ümummüsəlman münasibətlərinə görədir. Makron Qəzzada da güc yolunun tətbiqindənsə, qarşıdurmanı sülh ilə sonuclandırmağın yolunu axtarsa, bu istiqamətdə təkliflər versə idi əlbəttə ki, tarixdə xoşniyyətli ölkə başçısı kimi qala bilərdi.

Əgər qlobal güc dairələri Yaxın Şərqdə sülh və əmin-amanlığın bərqərar olmasını istəyirlərsə hər iki tərəfin hərbi əməliyyatlara son verməsi üçün cəhd göstərməlidirlər. Tərəf tutmaq, koalisiya iddiaları ilə çıxış etmək isə mövcud vəziyyəti daha da gərginləşdirəcək. Təəssüf ki, bu gün İsrail-HƏMAS qarşıdurmasından əziyyət çəkən nə qərb, nə də münaqişəni idarə edən liderlərdir. Regiondakı dinc əhali hücumların başlıca qurbanlarıdır.

Nurlan ABDALOV,

"Respublika".