Fransa humanitar yardımı ilə Afrika ölkələrini aclıqdan qurtara bilər
Sosial həyat

Fransa humanitar yardımı ilə Afrika ölkələrini aclıqdan qurtara bilər

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına əngəl törətməyə çalışan ölkələrdən biri də Fransadır. Münaqişənin başladığı ilk gündən Fransa istənilən məsələdə Azərbaycana qarşı əks siyasət yürütməkdədir. İstər işğal dövründə, istərsə də işğaldan sonrakı müddətdə bu ölkə uzaq Avropa sərhədlərindən ta Cənubi Qafqaza kimi əl uzatmaqla bərabər, dil də uzatmaqda davam edir.

Hazırkı dönəmdə isə Makron hakimiyyəti ölkəsində olan erməni lobbisinin oyuncağına çevrilib. Düzdür, burada Makronun da öz siyasi məqsədləri var, ancaq tam olaraq hazırkı vəziyyətdə Ermənistan Fransanın kölgəsində mürgüləməkdədir. Fransa Cənubi Qafqaza müdaxilə etməkdə çox israrlıdır. Hazırkı vəziyyətdən istifadə edərək Ermənistanı öz təsir dairəsinə salmaqla tam olaraq məqsədlərini həyata keçirməyə çalışır. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dəstək vermək əvəzinə, təxribatçı addımları ilə bölgədə gərginliyi daha da artırır.

Son zamanlar Azərbaycan-Ermənistan sərhədində baş verən proseslərə nəzər salanda görürük ki, ki, göstərilən şouların baş qəhrəmanı Fransadır. Sonuncu "humanitar yardım" şousunda da bunun bir daha şahidi olduq. Əslində, Makron hakimiyyətinin tutduğu mövqe erməni sevgisini ifadə etmir. Bu, Ermənistan vasitəsilə Qafqaz bölgəsinə giriş cəhdi və öz diplomatik manevrlərini həyata keçirmək məqsədi güdür. Fransa çox yaxşı bilir ki, Ermənistan işğalçı dövlətdir. Tam 30 il Azərbaycan torpaqlarının 20 faizini zəbt edərək cəhənnəmə çevirib. İşğal etdiyi ərazilərdən yaxşı yararlanıb. Təbii sərvətlərimizi talan edib xarici dövlətlərə satmaqla milyardlar qazanıb. Əlbəttə ki, bütün baş verənlər Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də beynəlxalq norma və prinsipləri də pozub. Makron hakimiyyəti bunları gözəl anlayır. Həm də niyə? Çünki əsrlərdir Fransanın da tutduğu yolun və yürütdüyü siyasətin özülünü yalnız işğalçılıq və müstəmləkəçilik təşkil edir.

Tarixdən də bəllidir ki, Afrika qitəsinin böyük hissəsi bir zamanlar fransız müstəmləkələri sayılırdı. Əksəriyyəti ötən əsrin 1960-cı illərindən sonra öz müstəqilliklərini elan etmişdilər, amma yenə də Parisin təsir dairəsindən tam çıxa bilməmişdilər. Hazırda Afrikanın 40-a qədər ölkəsi fransız dilində danışır, eyniadlı idman və musiqi yarışlarına qatılır. Paris özünə bağlı diktatorları hakimiyyətdə saxlamaqla, faktiki olaraq Afrikada müstəmləkəçilik siyasətini davam etdirir. Bir çox Afrika ölkəsinin təbii sərvətləri tamamilə fransız şirkətlərinin istismarındadır. Fransa Afrika sərvətlərini mənimsədiyi halda, qitənin bir çox ölkələrində hər gün onlarla insan aclıqdan ölür. Yaxşı olar ki, bu dövlət uzaq sərhədlərə iştah salıb, Cənubi Qafqaza boylanmaqdansa, Ermənistanın aclıq şoularına qatılıb vaxtını itirməsin. Humanitar yardım adı ilə saxta sevgilərlə ermənilərə yalan vədlər verməsin. Həmin vaxtını və yardımını aclıqdan əziyyət çəkən Afrika ölkələrinə yönləndirsin. Afrikada ən böyük müstəmləkəçi dövlət tarixən Fransa olub və görünən odur ki, bu siyasət indi də davam edir. 2022-ci ilə olan statistik hesablamalara görə aclıqdan əziyyət çəkən insanların sayı 735 milyon nəfərdir. Bu problemdən ən çox əziyyət çəkən region isə Afrika qitəsidir.

Bəli, bu gün dünyada aclıqdan əziyyət çəkən milyonlarla insan var və onlar Azərbaycanın Qarabağ ərazisində deyil, Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olmuş, təbii sərvətləri Paris tərəfindən talan edilmiş Afrika qitəsindədir. Qarabağda olan aclıq şouları isə düşünülmüş siyasətin ssenarisidir. Fransa hakimiyyəti Ermənistana humanitar yardım göstərməyə cəhd etməkdənsə, sərvətlərini mənimsədiyi Afrika ölkələrinə kömək etsin. Çünki Afrika ölkələri uzun illər Fransanın müstəmləkəsi olub və olmazın məhrumiyyətlərinə məruz qalıblar. Fransa Afrikanın zəngin təbii resurslarını talamaqla yanaşı, həm də yerli xalqlara divan da tutub. 1962-ci ildə müstəqillik qazanan Əlcəzair milyonlarla qurban verdi, soyqırımına məruz qaldı. Bir çox Afrika ölkələri siyasi müstəqillik əldə etsələr də, iqtisadi baxımdan yoxsul olduqları üçün asılı vəziyyətə düşdülər. Məhz bu amildən sui-istifadə edən Fransa isə Afrikada müstəmləkə siyasətini davam etdirir. Hazırda Afrikanın bir sıra ölkələri yoxsulluq və aclıqdan əziyyət çəksələr də, onlar təbii sərvət, qiymətli metallar baxımından olduqca zəngindirlər. Həmin Afrika ölkələrinin zəngin almaz, qızıl və digər təbii sərvətlərini Fransa şirkətləri dəyərindən xeyli aşağı qiymətə alaraq qitəni talayırlar. Fransa vasitəsilə dünyaya qızıl və almaz kimi qiymətli metallar satan Afrikada bu gün aclıqdan insanlar kütləvi şəkildə ölür. Milyonlara sahib olan Afrika zəmanəmizin ən kasıb və səfalət içində yaşayan qitəsidir. Bütün bunların da səbəbkarı ilk növbədə Fransadır.

Ermənilərin Qarabağda göstərdiyi aclıq şousuna yaxından dəstək verən Fransa humanitar yardım adı altında Azərbaycan sərhədlərini keçməyə cəhd etdi. Ancaq unutdu ki, icazəsiz heç bir ölkənin sərhədlərini keçmək olmaz. Onun bu addımı açıq şəkildə suverenliyimizə və qanunlarımıza qarşı hörmətsizlikdir. Ancaq Azərbaycan hökuməti Fransanın layiqli cavabını verdi.

Ramidə YAQUBQIZI,

"Respublika".