Fransanın düşmənçilik mövqeyi 
Siyasət

Fransanın düşmənçilik mövqeyi 

Fransanın Ermənistanı silahlandırması ciddi narahatlıq doğuran məsələlərdən biridir. Milli Məclisin iclaslarının birində bildirmişdim ki, Fransa dost olmayan ölkə elan olunsun və bu ölkənin burada işləyən şirkətləri respublikamızın sərhədlərindən uzaqlaşdırılsın.

Çünki bu ölkə respublikamıza və Türkiyə dövlətinə açıq şəkildə düşmənçilik mövqeyi nümayiş etdirir, hətta birbaşa Ermənistanı silahlandırmağa çalışır. Təəssüf ki, geosiyasi vəziyyətdən istifadə edərək Gürcüstanı da öz tərəfinə çəkmişdir. Məsələ ondan ibarətdir ki, Rusiya ilə münasibəti yaxşı olmayan Gürcüstan vasitəsilə düşmən ölkəyə silah daşınır. Bu hal müşahidə olunsa da Ermənistan tərəfi hələ ki, bunu şərh etmir. Ancaq məlum məsələdir ki, Ermənistanın müdafiə naziri Fransadan olan həmkarı ilə silah daşınması ilə bağlı müqavilə bağlayıb. Hətta son günlərin məlumatına görə, Fransa rəhbərliyi qərara gəlib ki, Ermənistanın silahlandırmasını sürətləndirsin və döyüş sursatının daşınması üçün təcili tədbirlər görsün. Hətta bu məsələdə Avropanın iştirakını da təmin etməyə çalışır.

Fransa Afrika dövlətləri ilə münasibətləri pozulandan sonra yaranan uran çatışmazlığını müxtəlif yollarla aradan qaldırmağa çalışır. Çünki elektrik enerjisinin 80 faizini atom elektrik stansiyaları hesabına alır. Ona görə də Qazaxıstan və Özbəkistanla münasibətlər qurub. Düzdür, bu ölkələr Fransaya diplomatik münasibətlər çərçivəsində ehtiramla yanaşsa da, bu sövdələşmə hələ ki, başa çatmayıb. Eyni zamanda təkcə Rusiya ilə deyil, Böyük Britaniya ilə də Fransanın bu məsələdə mənafeləri toqquşur. Fransa və bəzi Avropa ölkələri hesab edir ki, Böyük Britaniya və Türkiyə Azərbaycanın güclənməyində maraqlıdır. Zəngəzur dəhlizinin açılmasını istəyir və buna nəzarət etmək fikrindədirlər. Fransa isə bütün vasitələrlə təşviq edir ki, Ermənistan heç bir halda razı olmasın. Eyni zamanda Fransa istəyir ki, Zəngəzur dəhlizi açıldığı təqdirdə, Rusiya təhlükəsizlik qüvvələrinin və birbaşa iki dövlətin nəzarətində olmasın.

Baş verən bütün bu proseslər əyani surətdə təsdiqləyir ki, Fransa ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə davam etdirir. Bu səbəbdən də bu dövlətə nota verilməlidir.                                   

Tahir KƏRİMLİ,

Milli Məclisin deputatı.