Fransanın iç üzünün ifşası: “Charlie Hebdo” 
Digər xəbərlər

Fransanın iç üzünün ifşası: “Charlie Hebdo” 

Fransanın “Charlie Hebdo” jurnalı hər zaman olduğu kimi, bu dəfə də insanlığa yaraşmayan karikatura ilə gündəmə gəlib. Türkiyədə baş verən zəlzələlərlə bağlı paylaşım edən jurnal hadisə qurbanlarını və dağıntıları məsxərəyə qoyub. Fransanın bu üzdəniraq jurnalının “Türkiyədə zəlzələ” karikaturasında “Artıq tank göndərməyə ehtiyac yoxdur!” ifadələri qeyd edilmişdir. “Charlie Hebdo”nun nifrət dolu bu paylaşımı bir daha Fransanın özünü ifşa etməsidir. Belə ki, fransız jurnalının “fikir azadlığı” adı altında bu cür irqçi, qeyri-insani fəaliyyəti əslində rəsmi Parisin türk-müsəlman dünyasına qarşı yönələn qərəzli siyasətinin təzahürüdür. İnsanlıqdan və media qanunlarından tamamilə uzaq olan, beynəlxalq səviyyədə etik normaları pozan “Charlie Hebdo” jurnalı bununla bir daha türk düşməni olduğunu təsdiqləyir. Türkiyənin ağır günlərində bundan yumor kimi istifadə edərək reytinq yığan jurnal, həmin karikaturanın müəllifi, onun yayılmasına icazə verən, ümumiyyətlə bu cinayətdə əli olan hər bir şəxs cəzasını almalıdır. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalda dərc olunan karikaturaya münasibət bildirib: “Müasir barbarlar! Nifrət və kin içində boğulun”. 

ABŞ-da yaşayan müsəlman alim dr. Ömər Süleyman da fransız jurnalını "alçaq nəşr" adlandırıb. Qeyd edək ki, bu, “Charlie Hebdo”nun nəşr etdiyi ilk belə karikatura deyil. Jurnal bundan əvvəl Məhəmməd peyğəmbər haqqında da təhqiramiz karikaturalar dərc etmişdir. Bundan əlavə, 2016-cı ildə İtaliyada baş verən zəlzələ də jurnalın “gülüş” obyektinə çevrilmişdi. 294 nəfərin həyatına son qoyan zəlzələ ilə bağlı çəkilən karikatura istər dünyada, istərsə də İtaliyada böyük etirazlara səbəb olmuşdu. “İtaliya zəlzələsi” adlı karikaturada təsvir olunan yaralılar italyan makaronuna, dağılan binaların və dağıntılar altında qalanların isə məşhur italyan yeməyi olan lazanyaya bənzədilməsi Fransanın xain xislətini bir daha sübut etmişdir. O zaman “Forza Italia” Partiyasının deputatı Barbara Saltamartini də tvitter hesabında “Charlie Hebdo” ilə bağlı paylaşımında qeyd etmişdir: “Bu satirik jurnal deyil, sadəcə zibildir”.

 İslam və xristian dinlərinə qarşı təhqiramiz karikaturaları ilə “məşhurlaşan” jurnal, həmçinin Bodrumda sahilə çıxan suriyalı qaçqın Aylan Kurdini də hədəf almışdır. Şübhəsiz, insanların çətin vəziyyətindən istifadə edərək bunu “satira” adı ilə gülüş obyektinə çevirmək sadəcə insanlığa sığmayan hərəkətdir. Bəllidir ki, jurnalın satiradan anlayışı yoxdur. Çünki Fransada əsl gülüş doğuran hadisələr baş verdikdə “Charlie Hebdo” heç bir karikatura yayımlamadı. Fransa prezidenti  Emmanuel Makronun Lion şəhərində keçirilən beynəlxalq sərgidəki iştirakı zamanı başına yumurta yağışı yağdırılması elə jurnalın “satirik” üslubuna uyğun hadisə idi. Makrona ölkədəki böhran səbəbilə qadın etirazçı tərəfindən vurulan şillə də jurnalın “satira” anlayışı ilə daha çox üst-üstə düşürdü. 

Xatırladaq ki, bu il fevralın 11-də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Fransanın “Charlie Hebdo” jurnalının Türkiyədə baş verən zəlzələ ilə bağlı nəşr etdiyi karikaturaya görə beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır. İctimai Birlik bütün beynəlxalq jurnalist təşkilatlarına çağırış edərək bildirir ki, “Charlie Hebdo” nəşrini bu qeyri-insani əməlinə görə üzr istəməyə məcbur etməlidirlər. 

Nəzrin ELDARQIZI,

“Respublika”.