Füzuli melioratorları 27,2 min hektar əkin sahələrinə xidmət göstərir
Region

Füzuli melioratorları 27,2 min hektar əkin sahələrinə xidmət göstərir

Füzuli ölkənin böyük kənd təsərrüfatı rayonlarından biridir və hər il burada 120 min ton civarında taxıl toplanır. Pambıq, şəkər çuğunduru, üzüm, qarğıdalı, meyvə-tərəvəz, kartof və digər kənd təsərrüfatı məhsulları yetişdirmək üçün məhsuldar torpaqları, mal-qara saxlamağa geniş çölləri var.

Təbii ki, bu da melioratorlardan gərgin əmək tələb edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bu barədə məlumatına görə, Füzuli rayonunda yaşayan fermerləri suvarma suyu ilə təmin etmək üçün hər il yeni layihələr icra edilir. Rayon ərazisində əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması isə ən öndə duran məsələlərdən biridir. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi hər il mövsümə uyğun olaraq meliorativ tədbirlərini davam etdirir. Suvarma suyunun əkin sahələrinə maneəsiz və itkisiz çatdırılması üçün idarə tərəfindən bu il torpaq məcralı kanalda beton işlərinə start verilib. Uzunluğu 24 kilometrə yaxın olan "Qurultay" suvarma kanalında beton üzlüklə təminat işlərinə hazırlıq gedir.

Füzuli Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 1371 kilometr olan suvarma şəbəkəsi mövcuddur. Bundan 744 kilometri açıq, 626 kilometri isə qapalı tipli şəbəkədir. Bundan başqa, idarə 261 kilometrdən artıq kollektor-drenaj şəbəkəsinə də xidmət edir. 2022-ci ildə həmin şəbəkənin 31 kilometrdən uzun olan hissəsinin lildən təmizlənməsi planlaşdırılıb ki, indiyə qədər 17 kilometri lildən təmizlənib. Quruçay selliyinin Böyük Bəhmənli kənd ərazisində isə 4 kilometr uzunluqda ərazidə də bu tədbir həyata keçirilib. Füzuli rayonunda son illər əhalinin suvarma və içməli suya olan tələbatın ödənilməsi məqsədilə yeni subartezian quyulurının da qazılması davam edir. Bununla yanaşı, nasaz vəziyyətdə olan quyular da təmir olunaraq yenidən istismara verilir.

Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsi 27200 hektar suvarılan əraziyə xidmət edir. Əsas su mənbələri Araz çayından götürən Baş Mil kanalı, Yuxarı Mil kanalı və Köndələnçaydır. 2021-ci ildə idarənin xidməti ərazisində 12928 hektar payızlıq dənli bitkilər əkilib, tam şəkildə suvarma işləri aparılıb və yüksək məhsuldarlıq alınıb. Hazırda 8 min hektardan yuxarı yonca və digər yem bitkilərinin suvarma işləri davam etdirilir. Bu il eyni zamanda, rayon ərazisində 400 hektar pambıq, 258 hektar isə şəkər çuğunduru əkilib.

Nəriman CAVADOV,

"Respublika".