Gecəsi də, gündüzü də nura boyanan Laçınım
Region

Gecəsi də, gündüzü də nura boyanan Laçınım

30 ilə yaxın Ermənistanın işğalı altında qalan Laçın şəhəri 3 ildir ki, azadlığına qovuşub. Artıq laçınlılar doğma yurda böyük sevinclə, fərəhlə, xoşbəxtliklə, yeni arzularla qayıdırlar. Laçın şəhəri yeganə yaşayış məntəqəsidir ki, vaxtılə şəhər sakinlərinin evlərinin, ata-baba yurdlarının yerində ucaldılan, müasir və modern üslübda tikilmiş və bərpa edilmiş evlərdə yaşayırlar. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində Laçın şəhərinə 335 ailənin – 1245 nəfərin ləyaqətli qayıdışı baş tutub. Noyabrın 22-də isə Bakı, Sumqayıt şəhərləri, Abşeron və Bərdə rayonlarında məskunlaşmış laçınlı köçkünlərin “Qobu Park-3” yaşayış massivindən növbəti köç karvanı yola salındı.

Sübh tezdən doğma yurda yola düşmək üçün gələn laçınlıların çöhrələrində sevinclə bərabər həyəcan da var idi. Bu da səbəsiz deyildi. Çünki onlar 30 ilə yaxın bu ilahi hisslərlə yaşayıblar. Həmsöhbət olduğumuz keçmiş məcburi köçkünlərin ürək sözləri onların bütün arzularının, gələcək həyatlarının xoşbəxt günlərinin ifadəsi oldu. İlk müsahibimiz Ramiz Umudov Laçın şəhərində doğulub, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Yeni evinə fərəhlə gedən Ramiz deyir: "Bizim üçün yaradılan şərait olduqca göz oxşayır. Allah razı olsun cənab Prezidentimizdən. Bu torpaq uğrunda canlarını fəda edən şəhidlərimizə Allah rəhmət eləsin. Mən I Qarabağ müharibəsinin iştirakçısı kimi o dövrdəki pərakəndəliyi unutmuram. İndi isə şükür Allaha, güclü ordumuz, dövlətimiz var".

Laçın şəhər sakini Nəsib Bayramov deyir ki, 30 ilə yaxın bu günlər üçün bir an belə olsun inamımı itirmədim. Yurd yerimizə qayıdacağımıza əmin idim. Bu anı bizə yaşadanlardan Allah razı olsun. Birinci Qarabağ müharibəsində dörd qardaşımla birlikdə döyüşdük. Onlardan biri şəhid oldu. İndi bu yerlərə onsuz qayıdırıq. Bu xatirələrin heç biri unudulmayacaq".

Özündə bir dünya sevinc həsrətin vüsala qovuşduğu anları aparan növbəti köç karvanı ilə Laçın şəhərinə yola düşdük. Sanki təbiət də bu möhtəşəm günə günəş şəfəqlərilə bələdçilik edirdi. Bir xeyli yol qət edəndən sonra uzaqdan işğaldan azad edilmiş torpaqlarımızın payız küləklərinin qanadlarında gələn ətrini, rahiyyəsini hiss etdik. Mübaliğəsiz demək olar ki, Qarabağın və Şərqi Zəngəzurun möhtəşəm quruculuğu rahat, geniş yollardan başlayıb, yol boyu diqqətimizi çəkən, gözlərimizi sevindirən, köksümüzü qabardan yeni tikililər, elektrik stansiyaları, tunellər, dəmir yolu xətləri, körpülər, sənaye parkları daha əzəmətli görünürdü. Laçın şəhərini əhatə edən dağların zirvəsi günəşin al şəfəqlərinə bürünmüşdü. Köç karvanı Laçına çatdı, həmyerlilərini qarşılayan, bir-birini qucaqlayıb göz aydınlığı verən adamların yurd sevinci böyük qələbəmizin təntənəsinin parlaq təzahürüdür.

Evlərinin açarlarını alan sakinlər hamısı onlara yardılan bu şəraitə görə dövlətimizə, onun rəhbərinə minnətdarlıq bildirdilər. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Təqdimetmə mərasimindən çıxıb işıqlı, gözəl, yaraşıqlı, insanı valeh edən, adının mənasını yeni görünüşü ilə təcəssüm etdirən, başı buludlara toxunan dağların sinəsinə qonan qartala bənzəyən Laçının küçələrindən keçirik. Qarşımıza çıxan sakinlərlə ayaqüstü söhbət edirik. Deyirlər ki, sanki həyata yenidən doğulmuşuq, yurda qayıdandan, buranın havasını udandan, suyunu içəndən sonra uzun illər ərzində çəkdiyimiz əzab-əziyyətə məlhəm oldu.

Laçın səfəri haqqında daha geniş yazı növbəti saylarımızda dərc olunacaq.

Salman Alıoğlu,

Musa Bağırlı,

"Respublika".

Laçın.