GƏNCƏ XIRNİYİ QİYMƏTLİ QİDA MƏHSULU KİMİ ÖZ DƏYƏRİNİ ALMALIDIR
Region

GƏNCƏ XIRNİYİ QİYMƏTLİ QİDA MƏHSULU KİMİ ÖZ DƏYƏRİNİ ALMALIDIR

Bu barədə düşünməyə dəyər

Qollu-budaqlı çinarla yanaşı, xırnik ağacları da Gəncənin küçə və meydanlarını bəzəyir, qədim şəhərə xüsusi gözəllik verir. Nəhəng çinarlar yaşıl, enli yarpaqları ilə göz oxşayır, xırnik ağacının yarpaqları isə tez tökülür, sarı-qırmızı meyvələr çılpaq budaqlardan asılmış çilçırağa bənzəyir.

Gəncə çinarlarının yaşı bu şəhərin tarixi kimi qədimdir, ilk binanın bünövrəsi qoyulanda qarşısında bir çinar ağacı əkilib, bir də torpağa bir xırnik tingi basdırılıb. Çinarlar torpağa bağlılıq, əzəmət, vüqar, xırnik ağacları isə bolluq, bərəkət rəmzi kimi müqəddəs tutulub.

Çinarlar bu torpağın "doğma" ağaclarıdır, xırnik isə "gəlmədir". Gəncəlilər səyahəti sevib, gələn qonağı da əziz tutublar. Gəzdikləri ölkələrin bar-bəhərindən ləzzət alıb, çörəyini yeyib, suyunu içib, bəyəndikləri ən yaxşı meyvələri də öz doğma torpaqlarının "xasiyyətinə" uyğunlaşdırıb, əkib-becəriblər.

Xırnik də sevilib-seçilən ağac kimi basdırılıb və qayğı, sonsuz məhəbbət hissi ilə bəslənilib, bu torpağın ən əziz nemətlərindən birinə çevrilib.

Professor Zaur Həsənov deyir ki, vətəni əsasən Cənub-Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonları olan xırniyin 7 cinsi, 290 növü var. Ölkəmizdə Qafqaz xırniyi, Virgin xırniyi və Şərq xırniyi daha geniş yayılıb və təsərrüfat əhəmiyyəti daşıyır.

Professor bizimlə söhbətində dedi ki, şəhərin küçə, döngə və dalanlarını bəzəyən bu meyvəyə münasibət təəccüb doğurur. Küçəboyu sıralanan ağacların başı xırnik meyvəsi ilə doludur. İnsanlar istifadə etdiklərini yeyib, qalanları isə ağacların başında çürüyüb yerə tökülür. Bu qiymətli meyvə həm xarab olur, həm də onun tullantıları küçələrdə antisanitariya vəziyyəti yaradır.

Zaur Həsənov deyir ki, xırnik insan orqanizmi üçün çox əhəmiyyətli məhsuldur, ona belə laqeydlik təəssüf doğurur. Meyvələri dadlı və gözəl görünüşlü olmaqla, həm də müalicəvi əhəmiyyətə malikdir. Tibdə xırnik meyvələrindən hipertaniya və ateroskleroz, qalxanabənzər vəzilərin müalicəsində və trioksikoz (zobdan yaranmış zəhərlənmələr) xəstəliyi zamanı istifadə edilir.

Xırnik meyvələri eyni zamanda orqanizmin soyuqdəyməyə və mikroba davamlı olmasını təmin edir.

Ümumiyyətlə, alimin bu sahədə apardığı tədqiqatların nəticələri həmin meyvənin əhəmiyyəti haqqında geniş təəssürat yaradır. Əldə olunan elmi nəticələr də bunu sübut edir. Xırnik meyvələri müxtəlif mədə-bağırsaq xəstəlikləri, angina, qanazlığı, damarın müxtəlif mənşəli xəstəlikləri, qan dövranının pozulması, böyrək, öd yollarının xəstəlikləri, halsızlıq, vərəm, qadın xəstəlikləri ilə mübarizədə müalicəvi vasitədir. Çox maraqlıdır ki, bu zaman həm təzə, həm də qurudulmuş və dondurulmuş meyvələrdən istifadə etmək olar. Xırnik lətini qabığı ilə bərabər, irinli yaraların üzərinə qoyduqda tez sağalır.

Xırniyi emal etməklə alınan şirədən də istifadə etmək olar, o, orqanizmi təmizləyici xüsusiyyətə malikdir. Antibakterial xüsusiyyəti olduğundan bağırsaq çöplərini və qızılı stafilokoku məhv edə bilir.

Söhbət zamanı professor dedi ki, hələ qədimdən həkimlər xırnik şirəsindən orqanizmin zəiflədiyi hallarda istifadə ediblər. Şirəsi yeməkdən qabaq 1/4-1/2 stəkan olmaqla bir qaşıq bal ilə qarışdırılıb içilir.

Vaxtilə xarici bazarlarda bu məhsula böyük ehtiyac var idi, ixrac olunurdu. Bu qiymətli ağacların kəsilib, məhv edilməsi gözləniləndir.

Qapı-bacalarında xırnik ağacı olan insanlarla söhbət zamanı öyrəndik ki, meyvəyə daxili bazarda tələbat çox azdır, ona görə qiyməti də ucuzdur. Onun satışından gələn gəlir yığılmasına çəkilən əziyyətə, yol xərcinə dəymir...

Bəs nə etməli? Həm qiymətli qida məhsulu olan, həm də böyük müalicəvi əhəmiyyətə malik bu məhsulun belə məhvinə göz yummalıyıqmı? Satış-tədarük idarələri, əczaçılar, meyvələrlə müalicə (pomoterapiya) mütəxəssisləri bu barədə düşünməlidirlər.

Vaqif TANRIVERDİYEV,

Gəncə.