GƏNCƏDƏ BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS
Region

GƏNCƏDƏ BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov və aparıcı məsləhətçisi Həsən Məmmədov, Energetika nazirinin müavini Elnur Soltanov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıdığı Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, ulu öndərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Daha sonra kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlanmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçirilib. Burada Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan sərgi də nümayiş olunub. Beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın  müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov beynəlxalq elmi konfransı açıq elan edərək, ekologiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr edilən elmi konfransın mühüm platforma olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun çıxışları, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin video müraciəti dinlənilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda beynəlxalq elmi konfransın ikinci hissəsi dəyirmi masa formatında davam edib. Müzakirələrdə ətraf mühitin və ekoloji tarazlığın qorunmasından danışılıb.

Zabit XƏLİLOV,

"Respublika".