Gənclər sabahımızdır
Sosial həyat

Gənclər sabahımızdır

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, Yasamal rayon Heydər Əliyev Mərkəzi və "Gəncliyə Yardım Fondu" QHT-nin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində ilk dəfə seçkilərdə iştirak edən gənclərlə görüş keçirildi.

Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq 18 yaşına yeni qədəm qoymuş, növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk dəfə iştirak edən tələbə və gəncləri salamladı. O qeyd etdi ki, bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olub. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan gənclərimiz ölümləri ilə ölümsüzlüyə qovuşdular, ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərimizin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb, Azərbaycanın elə bir şəhər və rayonu yoxdur ki, orada Şəhidlər xiyabanı olmasın.

2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova gənclərə müraciət edərək dedi ki, gənclik tükənməz bir qüvvədir. Gənclik illəri elmə, savada, biliyə sərf olunmalıdır.

Yasamal Rayon Heydər Əliyev  Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva məruzəsində bildirdi ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Biz gənclər də dövlət qayğısını daim hiss edərək bizə göstərilən etimadı doğrultmağa çalışırıq.

"Gəncliyə Yardım Fondu" qeyri-hökumət təşkilatının aparıcı məsləhətçisi Şahalı Cəlilov dedi: Bizim çalışdığımız sahə gənclərlə bağlıdır. "Gəncliyə Yardım Fondu" olaraq biz 4-5 ili əhatə edən  proqram hazırlayırıq və gənclərə ixtisaslarını yaxşı mənimsəmələrini, müasir dünyanın tələblərinə uyğun biliklərə yiyələnmələrini tövsiyə edirik".

Bakı Dövlət Universitetinin fizika fakültəsinin I kurs tələbəsi Sənubər Qurbanova bildirdi ki, mən universitetin bir çox tədbirlərində yaxından iştirak edirəm, ölkəmi çox sevirəm və ona bağlıyam. Tarixi oxuyanlar bilirlər ki, dövlətimizi ayağa qaldıran məhz Heydər Əliyev olmuşdur. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç bir dövlət başçısı verməyib.

11-ci sinif şagirdi Səid Pircanov təhsil aldığı Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdləri  adından çıxış edərək qeyd etdi ki, Azərbaycan gənci dünya gənclərinin tərəqqipərvər hərəkatının hərəkətverici qüvvələrindən biri olmalıdır. Mən də vətənpərvər Azərbaycan gənci kimi, gələn ildən etibarən ictimai-siyasi həyatda daha da çevik olacağam. Buradakı gənclərimizi faydalı işlər görməyə çağırıram.

Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova, abonement bölməsinin müdiri Lalə Səlimova, 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova çıxışlarında qeyd etdilər ki, Vətənimizin gələcəyi, onun daha da inkişaf etməsi gənclərimizin əlindədir.

"Respublika".