“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı
İQTİSADİYYAT

“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı

Dayanıqlı İnkişaf Məqsədlərinin tələbələr arasında təbliği məqsədilə təşkil olunan təlimlər başa çatıb. Bu barədə mayın 22-i İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilir.

“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı yekunlaşıb.

Bununla əlaqədar ADA Universitetində keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlığın uğurla davam etdiyini, bu müddət ərzində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BMT-nin Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli dayanıqlı inkişafın təmin olunmasında keyfiyyətli təhsilin rolu, gənclərin qlobal məqsədlərin uğurlu icrası istiqamətində bilik və bacarıqlara yiyələnməsinin önəmindən danışıb, DİM-in tələbələr arasında təbliği üçün təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

“Respublika”.