Genişlənən dostluq münasibətləri
Türk dünyası

Genişlənən dostluq münasibətləri

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə yüksəlişi bir çox baxımdan bu iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Bu münasibətlər həm Özbəkistan, həm də Azərbaycan xalqları tərəfindən təqdir olunur və alqışlanır.

Milli Məclisin deputatı Novruzəli Aslanov bildirdi ki, hər iki xalq dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli şəkildə görür. Çox vacib bir məqam da əlbəttə ki, Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi ilə bağlıdır. Özbəkistan Prezidentinin bu addımı ali qonağın ölkəmizə və xalqımıza münasibətinin göstəricisidir. Prezident İlham Əliyev də mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı xüsusi vurğulamış və Özbəkistan Prezidentinin Azərbaycana bu səfərini yüksək dəyərləndirmişdir.

Azərbaycan və Özbəkistan prezidentlərinin istər təkbətək formatda, istərsə də geniş tərkibdə keçirdikləri görüşlər zamanı müzakirə etdikləri məsələlər çoxvektorlu və əhatəli olmuşdur. Təbii ki, hər iki ölkənin xalqları, ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. Bunu öz çıxışında vurğulayan Prezident İlham Əliyev həm də əmin olduğunu bildirdi ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və onu artırmaq lazım olacaq. Bu isə o deməkdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün müəyyən edilmiş istiqamətlər və strategiya tamamilə düzgün seçilib. Görülən işlərin yüksək effektivliyi isə birbaşa Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət etmələri ilə təmin olunur.

Deputat qeyd etdi ki, Azərbaycan və Özbəkistan xalqları arasında qədim tarixi köklərə malik mədəni əlaqələr mövcuddur. Bu ay Azərbaycanda Özbəkistanın mədəniyyət günlərinin böyük uğurla keçməsi də xalqlarımızın çox yaxın milli-mənəvi və mədəni dəyərlərə sahib olduqlarını bir daha təsdiq etdi. Bu baxımdan hər iki ölkənin dövlət başçılarının bu cür tədbirlərin müntəzəm keçirilməsi barədə razılığa gəlmələri mühüm əhəmiyyət kəsb edən bir qərardır. Qeyd etmək lazımdır ki, xalqlarımız və ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək səviyyədə olmasına bilavasitə Azərbaycan və Özbəkistan prezidentlərinin şəxsi münasibətlərinin təsirini nümayiş etdirən daha bir əhəmiyyətli hadisə bu günlərdə baş vermişdir. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Azərbaycana hədiyyə olaraq inşa edilmiş bu məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və Prezident İlham Əliyevin dediyi kimi, biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək dəyərləndiririk.

M.NƏRİMANOĞLU,

"Respublika".