Gizli terror – mina
Siyasət

Gizli terror – mina

Bəzi hesablamalara görə, dünya miqyasında ərazilərdə ən azı 110 milyon mina basdırılıb və hər il təxminən 10 min insan bu minaların qurbanı olur, ya da müxtəlif dərəcəli xəsarətlər alır. Çox təəssüf ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr arasında ön sıradadır. Məğlub olacaqlarını əvvəlcədən bilən ermənilər ərazilərimizi dünyada analoqu olmayan sistemlə minalayıblar. Otuz ilə yaxın işğalçılıq dövründə bu əraziləri minalayan Ermənistan beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmir.

Yalnız müəyyən ərazilərin mina xəritəsi əsirlərin qarşılığında verilib ki, bunun da 75 faizi yanlışdır. Qarabağ ərazisinin relyefi və minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi üçün uzun illər lazımdır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı dövlət başçısı İlham Əliyev Ağdamda basdırılmış minaların sayını bildirəndə Türkiyə Prezidenti çox təəccüblənmişdi. Belə ki, təkcə Ağdam şəhərində 97 min mina basdırılıb. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi müxtəlif bəhanələrlə minalanmış sahələrin tam xəritəsini təqdim etməkdən boyun qaçırır.

Qələbədən üç ildən artıq vaxt keçsə də, gizli təhlükə olan mina terroru davam edir. Bu minalar hazırda torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərini həm ləngidir, həm də insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Ermənilərin gizli terroru hələ də bitmir. Dinc sakinlərin, günahsız insanların həyatına son qoymaq ermənilərin xislətində var. Bu, eyni zamanda sülhü ləngitməklə yanaşı, sosial-iqtisadi inkişafa da mane olur. Elə düşmənin məqsədi də budur. Qarabağa Böyük Qayıdışı həzm edə bilməyən haylar mina terroru ilə azərbaycanlıların öz yurd-yuvasına qayıtmasını ləngitmək istəyirlər.

2021-ci il iyunun 4-də Kəlbəcərdə çəkiliş zamanı jurnalistlərin minaya düşməsi mina xəritələrinin verilməsinə daha çox diqqət çəkdi. Jurnalistlərin şəhid olmasından sonra hadisə dünyanın bəzi ölkələri tərəfindən daha ciddi qiymətləndirildi. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı hadisə ilə bağlı bəyanat da yaymışdı. Eyni zamanda xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin də sayı az deyil.

Əslində, bu problemə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr dəstək olub, yardım göstərməlidirlər. Amma bəzi Qərb dövlətləri qalib ölkə kimi bizi ittiham edərək, ermənilərə dəstək verirlər. Aparıcı dövlət və beynəlxalq təşkilatlar bu məsələni qlobal səviyyədə həll etmək əvəzinə, Azərbaycanı tək qoyublar. İşin böyük bir qismini öz daxili resursları hesabına həll edən ölkəmiz humanitar minatəmizləməni öz prioritetlərindən birinə çevirib. Bu gün Azərbaycanın apardığı minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Hələ ötən ilin may ayında Ağdamda və Bakıda minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə vermək məqsədilə "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq humanitar konfrans keçirilib. Belə konfranslar Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkil olunur.

Xatırladaq ki, təkcə mart ayında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən əməliyyatlar nəticəsində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Eyni zamanda 6094.6 hektar ərazi gizli təhlükədən təmizlənib.

Röya RÜSTƏMLİ,

"Respublika".