“Gözləriniz aydın olsun, Murov zirvəsini fəth etdik
Region

“Gözləriniz aydın olsun, Murov zirvəsini fəth etdik"

Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının düşmən tapdağı altında qalması ilə barışmayacaq. Müharibədə əldə olunan qələbə neçə-neçə igidimizin qanı bahasına başa gəlsə də, şəhidlərimizin qanı yerdə qalmadı. Onlardan biri də şəhid Səxavət Talıbzadədir.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Səxavət Talıbzadənin döyüşlərdə iştirak etdiyindən valideynləri belə xəbərsiz olub. Vətən yanğısını içində gəzdirən, təhsilini yarımçıq qoyub həqiqi hərbi xidmətə yola düşən Səxavət Talıbzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərən igidlərimizdəndir. Səxavət Talıbzadə 1998-ci il yanvarın 1-i dünyaya göz açıb. Ailədə bir bacı, iki qardaş olublar.

Səxavət 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kollecində təhsil alır. Lakin təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşür. Doğmaları kolleci bitirməyi tövsiyə etsələr də, o, müddətdən artıq xidmət etmək istəyindən dönmür.

2016-cı ildə hərbi xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Atası Zeyniş Talıbov bildirir ki, övladının müharibədə iştirakından bir də Murov zirvəsi azad olunanda xəbər tutub: "Müharibə başlayanda xəbər tutduq ki, Səxavət Murovdadır. Murov zirvəsi alınanda zəng edib dedi ki, gözləriniz aydın olsun, Murov zirvəsini fəth etdik. Anasına deyib: "Gözlərin aydın olsun, burada sənin də oğlunun payı var".

Səxavət tədricən bütün əsgər yoldaşlarının hörmətini, sevgisini qazanır. Bu da təsadüfi deyildi. Onun döyüşlərdəki cəsurluğu, qorxmazlığı hər kəsdə qürur hissi yaradırdı.

"Hərbçi yoldaşları deyirlər ki, əmi, oğlun cəsur idi, heç vaxt döyüşdən çəkinməzdi. O, seçilmişlərin arasında idi. Səxavət heç vaxt düşmənin qarşısından geri çəkilməzdi. Onda həmişə qisas, intiqam hissi vardı", - deyə Zeyniş Talıbov əlavə edir.

O, daim valideynləri ilə telefon əlaqəsi saxlayar, özü cəbhədə olsa da, ata-anasından narahat olardı: "Tez-tez zəng edər, özü barədə məlumat verirdi. Deyərdi narahat olmayın. Bir gün zəng etmədi. Çox narahat idim. Axşamçağı idi, xəbər gəldi ki, oğlunuz şəhid olub".

Səxavət Talıbzadənin son döyüşü Suqovuşanda olur. Silahdaşları ilə birgə düşmənə ağır zərbələr vuran igid döyüşçümüz Vətən müharibəsinin yeddinci günündə 22 yaşında şəhidlik zirvəsinə ucalır.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 M.Mirzə,

 "Respublika".