Güclü ordumuz sülhə, əmin-amanlığa təminat verir
Siyasət

Güclü ordumuz sülhə, əmin-amanlığa təminat verir

Hazırda yeni dünya düzənində Silahlı Qüvvələr dövlətin beynəlxalq aləmdə gücünü nümayiş etdirməklə yanaşı, həm də maraqlarının qorunmasının əsasını təşkil edir. Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyindən, tarixən xarici hücumlara məruz qaldığından ölkəmizdə ordu quruculuğuna böyük əhəmiyyət verilib. Azərbaycanın müstəqillik tarixinə nəzər saldıqda ordunun mühüm rol oynadığının şahidi oluruq.

Ölkəmizin tarixində ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını üzərinə götürən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Ordusunun formalaşması prosesini diqqət mərkəzində saxladı. Güclü orduya malik olmaq prinsipini ulu öndər özünəməxsus şəkildə və məharətlə həyata keçirməyi bacardı. Ordu quruculuğunu diplomatik fəaliyyəti ilə birləşdirən unudulmaz ulu öndər məhz ərazi bütövlüyümüzün Silahlı Qüvvələrimizin gücü ilə təmin olunacağını böyük strateq, gələcəyi qabaqlayan fenomenal lider kimi hesablamışdı. Ümummilli lider Heydər Əliyevin siyasi kursu Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycan Ordusunun hazırkı səviyyəsi dahi lider tərəfindən ordu quruculuğu sahəsində müəyyənləşdirilən siyasətin tamamilə doğru olduğunu bir daha sübut edir.

“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”. Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda bildirib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, ən güclü orduya malik olduğunu təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin antiterror tədbirlərinin keçirilməsi barədə verdiyi qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, həm də Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.

Torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd edir. Dövlət büdcəsindən ayırmalarda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılması əsas hədəf kimi vurğulanır. Orduya bundan sonra da vəsaitlər ayrılacaq, çünki dəmir yumruq yerində olmalıdır. Prezidentin orduya göstərdiyi  diqqət həm də xalqımızın, dövlətimizin təhlükəsizliyinə verilən böyük dəyərdir. Çünki güclü iqtisadiyyat və ordu dövlətin suverenliyinin təminatçısıdır.

Sentyabr ayında keçirilmiş antiterror tədbirləri cəmi bir gün çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək tarixi ərazilərimizdə qanunsuz məskunlaşan separatçıları təslim olmağa məcbur etdi. 30 il bundan əvvəl torpağımızda yaradılan qondarma rejimə xitam verildi. Azərbaycan Prezidenti oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldırdı. Bundan böyük xoşbəxtlik ola bilməz.

Ölkə başçısı vurğulayıb: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.

Mustafa KAMAL,

“Respublika”.