Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb
Digər xəbərlər

Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 15-də nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.

Şəhidlər xiyabanından sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olmaqla yanaşı, onlara həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanın Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Bundan sonra, qonaqlar paytaxtımızın tarixi və mədəni abidələri ilə tanış olublar.

Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb.

AZƏRTAC