Hadisələr, təhlillər... VIII gün
Tarix

Hadisələr, təhlillər... VIII gün

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilib. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, hər 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı hadisələrdən daha aktual olan 3-ünü qısa şərh formasında, lakonik tərzdə, digərlərini isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

20 avqust

  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Macarıstana səfər edib.

Azərbaycan-Macarıstan əlaqələri yeni müstəvidə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Budapeştdə Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər. Ümumilikdə, Azərbaycanla Macarıstan arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. İki ölkə arasında siyasi dialoq da yüksələn xətlə inkişaf etməkdədir. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. İki dost ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Azərbaycanla Macarıstan arasındakı siyasi və iqtisadi əməkdaşlıq humanitar sahədə də tərəfdaşlığın inkişafını zəruri edir. Belə ki, Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış "Stipendium Hungaricum" proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq davam etdirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Hər il 200 azərbaycanlı tələbə bu fürsətdən yararlana bilir.

wLaçın şəhərinə daha 13 məcburi köçkün ailəsi yola salınıb.

wQanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmağa cəhdinin qarşısı alınıb.

21 avqust

  • Azad edilmiş ərazilərdə daha 234 piyada əleyhinə mina aşkarlanıb.
  • Qanunsuz erməni silahlıları Xocalı rayonu istiqamətində fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
  • Bakıda Azərbaycan-Özbəkistan biznes forumu təşkil olunub.
  • Daha 24 ailə Füzulidə məskunlaşıb.

22 avqust

  • Laçın rayonu istiqamətlərində mövqelərimiz müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
  • Füzuli şəhərində daha 23 ailəyə mənzillərinin açarları təhvil verilib.
  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib.

 

Azərbaycan və Özbəkistan münasibətləri daha da möhkəmlənir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.  İki ölkə liderinin görüşündə  Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 20 sənəd imzalanıb. 

Hazırda Qərbin enerji resurslarına, xüsusilə mavi qaza tələbatı artıb. Azərbaycan isə bu vəziyyətdən faydalanaraq Avropa bazarında mühüm rol oynayır. Azərbaycan region ölkələri ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. SOCAR və "Uzbekneftegaz" uzun müddətdir ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. "Uzbekneftegaz"ın Azərbaycanın, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planlar inkişaf etdirilib. "Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş" də məhz bu inkişaf planlarının rəsmi şəkildə təsdiqlənməsi deməkdir.

44 günlük Vətən müharibəsində də Özbəkistan açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. Torpaqlarımız işğaldan azad olunduqdan sonra da özbək xalqı adından Şavkat Mirziyoyev Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərinə töhfə vermək məqsədilə 960 nəfərlik orta məktəbin Füzuli şəhərində tikilməsini Azərbaycan hökuməti ilə razılaşdırıb. Eyni zamanda, Şavkat Mirziyoyev növbəti dəfə prezident seçildikdən sonra Azərbaycana ilk rəsmi səfəridir.

  • Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırıb.
  • Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı üzrə 2023-2025-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb.

23 avqust

  • Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
  • Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər.
  • Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılması barədə bəyanat yayımlayıb.
  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb.

24 avqust

  • Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
  • ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən aksiya təşkil olunub.
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadija Labib ilə keçirdiyi brifinqdə çıxış edib.

25 avqust

  • Azərbaycan və Belçika XİN rəhbərləri çoxtərəfli formatlarda əməkdaşlıq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
  • BMT-dəki daimi nümayəndəliyimiz Ermənistan nümayəndəliyinin təşkilatın mənzil-qərargahında keçirdiyi gizli iclası pisləyib.
  • Zabux kəndinə ilk köç karvanı yola salınıb.
  • Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Mixael Raynhard Hess Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun qərəzli rəyi ilə bağlı etiraz məktubu göndərib.
  • Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib.

26 avqust

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın Şəhəri Günü" bayram şənliklərində iştirak ediblər.

 

"Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik..."

İkinci Qarabağ müharibəsində qazanılan Zəfər sayəsində soydaşlarımızın 30 illik yurd həsrəti sona çatdı. Artıq yüzlərlə sakin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yaşayış məskənlərinə köçürülüb. Bu da dövlətimizin iqtisadi və siyasi gücünün göstəricisidir. Dövlətimizin prioritet istiqamətlərindən olan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, eləcə də buna paralel olaraq "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın doğma yurd-yuvalarına qayıdış prosesi sürətlə davam edir. Bu dəfə avqustun 25-də keçmiş məcburi köçkünlərimizin bir hissəsi əzəli dədə-baba ocağı olan Zabux kəndinə yola düşdü. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə köç karvanının yola salınması mərasimi keçirildi. Zabux kəndinə ilk mərhələdə 20 ailə olmaqla, 88 nəfər köçürüldü. Onların arasında Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi, müharibə veteranları ailələri də var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər. Gözəl guşələrimizdən olan Laçında ilk dəfə Şəhər Gününün qeyd edilməsi Azərbaycan xalqının iftixarıdır.

Tədbirdə Prezident İlham Əliyev çıxış edib.

31 ildən sonra öz doğma kəndlərinə qayıdan zabuxluların sevincinə bu gün bütün Azərbaycan xalqı şərikdir. İşğaldan azad edilən ərazilərimizdə yeni həyatın başlanğıcına isə bütün dünya şahidlik edir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçının Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər.
  • Azərbaycan istehsalı olan minatəmizləmə maşını Qarabağ Dirçəliş Fonduna təqdim olunub.

“Respublika”.