Hava şəraiti ilə əlaqədar FHN  əhaliyə müraciət edib
Ekologiya

Hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir.

Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

“Respublika” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Bildirilib ki, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.