Hayastan regionda sadəcə
Siyasət

Hayastan regionda sadəcə "vasitəçi"dir

Fransa hakimiyyətinin Cənubi Qafqaza müdaxilə etmək cəhdləri bu gün də davam edir. Məkrli planlarını həyata keçirmək istəyən rəsmi Paris Ermənistanın əli ilə bölgəyə müdaxilə niyyətindən əl çəkmir. Ölkəmizə qarşı dəfələrlə yalan ittihamlarla, böhtan dolu bəyanatlarla çıxış etmiş Fransa beynəlxalq təşkilatlarda əleyhimizə iddialar səsləndirib. Makron Qranadada da bu ruhda çıxış edib.

Yeri gəlmişkən, Avstriya Parlamenti də 2023-cü il oktyabrın 19-da birtərəfli, regionda baş verən hadisələri obyektiv əks etdirməyən, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmdə Avstriya Respublikasının neytral mövqeyinə zidd olan bəyanat verib. Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən buna münasibət bildirilib. Avstriya Parlamentinin qəbul etdiyi bəyanatda Azərbaycanın öz suveren ərazisində terrorçuluqla mübarizəsi, antiterror tədbirləri zamanı mülki əhalinin ziyan çəkməməsi, Qarabağın erməni əsilli sakinlərinin könüllü olaraq Ermənistana keçməsi, Qarabağı tərk etməyərək orada qalan insanlara Azərbaycanın hər cür yardım etməsi, reinteqrasiya prosesi üçün xüsusi portalın yaradılması və Azərbaycan Prezidenti Administrasiyasının reinteqrasiya üçün xüsusi plan bəyan etməsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmayıb. "Bu cür bəyanatlar Ermənistandakı revanşist qüvvələri Azərbaycana qarşı fəaliyyətlərə təhrik edir və heç bir halda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etmir", - deyə Azərbaycan tərəfinin bəyanatında vurğulanıb.

Qərbin anti-Rusiya fikirlərini Paşinyana aşılaması isə deyəsən nəticə verib. Belə ki, oktyabrın 17-də Ermənistanın baş naziri Avropa Parlamentində çıxışında Avropa ilə yaxın münasibətlər qurmaq istəyindən danışıb və Rusiya ilə münasibətlərə tənqidi yanaşıb. Rəsmi İrəvan bundan öncə də Moskvanın siyasətindən narazılığını bildirib. Çünki Ermənistan daim özünə himayədar axtarıb, Rusiyanın Azərbaycanla qarşıdurmada ona hərbi-siyasi dəstək göstərməməsi ilə barışmayıb. Rəsmi İrəvan Qərbdən dəstək alacağını gözləyir, xarici siyasətdə Fransa ilə təmaslarını sıxlaşdırır. Rusiya ilə əlaqələrin inkişafı istiqamətində zəiflik hiss olunur.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mümkündür. Biz bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazırıq". Onun sözlərinə görə, bu, münasibətlərin normallaşmasını təmin etmək, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və sair kimi bir neçə prinsipin həyata keçirilməsi ilə mümkündür: "Ermənistan suverenliyi və yurisdiksiyası əsasında Azərbaycan və Türkiyə üçün yollar aça bilər", - deyən Ermənistanın baş naziri vurğulayıb ki, itkin düşən şəxslərlə bağlı məsələdə əməkdaşlığa hazırdır: "Biz qətiyyətlə sülhə doğru getməliyik. Bizi dəstəkləmək lazımdır ki, bu fürsətdən maksimum istifadə edə bilək", - deyə o, avropalı parlamentarilərə müraciətində bildirib.

"Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı ölkəsinin Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib: "Bu dəmir yolu Ermənistanı Azərbaycanla, Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-şərq rayonlarını Naxçıvanla, Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə ilə, Gürcüstan, Azərbaycan və Ermənistanı İranla, Xəzər dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirəcək".

Son dövrlərdə İran-Azərbaycan münasibətləri müsbət yöndə inkişaf edir. İran hökuməti ilə Azərbaycan arasında körpü tikilməsi ilə bağlı razılaşma, təməlqoyma mərasiminin keçirilməsi kimi addımlar buna sübutdur. Görünür, bu proseslər Paşinyanı narahat edib. Zəngəzur dəhlizi açılandan sonra İran üzərindən Naxçıvana hərəkətə ehtiyac qalmayacağı düşünülürdü, lakin İran üzərindən hərəkət vacibdir: "Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması artıq prioritet məsələyə çevrilib. Dəhlizin açılması ilə birlikdə enerji təhlükəsizliyi təmin ediləcək, iqtisadi tərəqqiyə təkan veriləcək. O cümlədən bu yol türk dünyasını birləşdirən mühüm yol olacaq. Qlobal, regional əlaqələr baxımından da dəhliz iqtisadiyyata və təhlükəsizlik məsələlərinə öz töhfəsini verəcək, Azərbaycanın üçüncü tərəf ölkələrinə hava və dəmir yolu nəqliyyatından asılılığı azalacaq və Naxçıvan istiqamətindən birbaşa quru yolu ilə hərəkət təmin olunacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".